Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:44

Rusiya Şotlandiyada səsverməyə ‘müdaxilə edib’


Şotlandiya, arxiv fotosu
Şotlandiya, arxiv fotosu

Britaniya parlamentinin kəşfiyyat və təhlükəsizlik komitəsinin iyulun 21-də yayılacağı gözlənən hesabatında belə deyilir

Rusiya 2014-cü ildə Şotlandiyada referenduma müdaxiləyə cəhd göstərib, kəşfiyyat agentlikləri isə Breksit referendumuna mümkün müdaxiləni dəyərləndirməlidirlər. Britaniya parlamentinin kəşfiyyat və təhlükəsizlik komitəsinin iyulun 21-də yayılacağı gözlənən hesabatında belə deyilir.

“2014-cü ildə Şotlandiya müstəqillik referendumuna bağlı kampaniyalara Rusiyanın təsir göstərməsinə etibarlı açıq mənbə məlumatları mövcuddur”, – 2019-cu ilin martında tamamlanmış hesabatda bildirilir.

Şotlandiya referendumunda 55,3 faiz müstəqilliyin əleyhinə səs vermiş, 44,7 faiz onu dəstəkləmişdi.

Təhlilçilərin fikrincə, Rusiya Şotlandiya səsverməsində “hə” cəbhəsinin qalib gəlməsini istəyib, bununla 2014-cü ilin martında Krımı ilhaq etməsini əsaslandıracağını düşünüb.

Hesabatda deyilir ki, Rusiya Britaniyanı özünün “Qərbdə aparıcı kəşfiyyat hədəflərindən” biri hesab edir və bu da çox güman onun Birləşmiş Ştatlarla yaxın münasibətilə bağlıdır.

Breksit referendumu hissəsi redaktə olunub

Hesabat yayılmazdan öncə “Guido Fawkes” vebsaytı tərəfindən sızdırılıb. Rusiya Qərbin işlərinə müdaxilə etmədiyini dəfələrlə bildirib, Birləşmiş Ştatlar və Britaniyanın Rusiyaya qarşı isteriyaya qapıldığını vurğulayıb.

“Reuters” yazır ki, parlament hesabatının ölkənin AB-dən çıxmasına səs verilmiş Breksit referendumuna dair hissəsi ciddi redaktə olunub.

“Təhqiqatın başlanğıcında yazılı dəlillə bağlı xahişimizə cavab olaraq MI5 altı sətirlik mətn göndərdi. Akademik araşdırmalara istinad etməzdən öncə, orada *** qeyd olunurdu”, – redaktə olunmuş versiyada bildirilir.

“Buna baxmayaraq, Komitə bu fikirdədir ki, Britaniyanın Kəşfiyyat İcması Rusiyanın AB referendumuna potensial müdaxiləsinin analoji dəyərləndirməsini aparmalı, qeyri-məxfi xülasə dərc olunmalıdır”, – hesabatda vurğulanır.

Hesabat niyə yubandı

Hesabat hələ ötən ilin oktyabrında Baş nazir Boris Johnson-a təqdim olunmuşdu. Onun yayılmasının yubanmasına görə hökumət tənqid olunur, məqsədin Johnson və Mühafizəkar Partiyasını pərtlikdən qorumaq olduğu bildirilir.

Hökumət əvvəlcə deyirdi ki, hesabat milli təhlükəsizlik baxımından nəzərdən keçirildiyindən yayılmır. Sənədin yayılması dekabr seçkisinə qədər ertələndi. Daha sonra Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin yeni üzvlərinin təyinatında yubanmalar oldu.

Müxalifətdə olan Leyboritstlər Partiyası hökuməti hesabatın dərcini yubatmasını tənqid edərək deyir ki, səbəb onun Rusiya və 2016-cı il referendumunda Breksiti təbliğ edən kampaniya arasında suallar qaldıracağıdır. Johnson həmin kampaniyanı dəstəkləyib.

“Rusiya heç vaxt Birləşmiş Ştatlarda, Britaniya, yaxud başqa ölkədə seçki prosesinə müdaxilə etməyib. Belə işlər görmürük, başqa ölkələrin bizim siyasi işlərimizə müdaxilə cəhdlərinə də tolerant yanaşmırıq”, – Kremlin sözçüsü Dmitri Peskov iyulun 21-də deyib.

XS
SM
MD
LG