Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:36

Elmar Məmmədyarov vəzifəsindən çıxarıldı


E.Məmmədyarov
E.Məmmədyarov

İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsindən azad edilib.

Təhsil naziri xarici işlər naziri oldu

Bu gün, iyulun 16-da habelə prezident İ.Əliyev Ceyhun Bayramovu təhsil naziri vəzifəsindən azad edərək xarici işlər naziri vəzifəsinə təyin edib.

E.Məmmədyarov 2004-cü ildən xarici işlər, C.Bayramov isə 2018-ci ildən təhsil naziri vəzifəsini tuturdu.

İclasdan sonra belə bir sərəncam gözlənilirdi

İyulun 15-də prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında xarici işlər naziri Elmar Məmmədyarovu tənqid etmişdi.

E.Məmmədyarov və İ.Əliyev
E.Məmmədyarov və İ.Əliyev

O, iyunun 12-də Ermənistanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı bunları demişdi: "Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, daxili işlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən xarici işlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De.".

Baş nazir Ə.Əsədov isə prezidentin sualına belə cavab vermişdi: "Bəli, dedi ki, evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm…".

Həmin iclasdan sonra bir sıra ekspertlər E.Məmmədyarovun tutduğu vəzifədən uzaqlaşdırılacağını təxmin edirdilər.

Hələlik, bu sərəncama E.Məmmədyarovdan münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl isə, bu il iyulun 3-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirmişdi. Həmin əməliyyat nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi Səlim Əlizadə, İşlər İdarəsinin rəisi Fərhad Molla-zadə, konsulluq xidmətinin bir neçə əməkdaşı saxlanıb. Onlar rüşvət almaq və mənimsəmə ittihamı ilə məhkəməyə qədər 4 aylıq həbs ediliblər. İttihamlara onlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG