Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:42

COVID-19 və film sənayesində domino effekti


Netflix
Netflix

İyunun 12-də iki böyük kinorejissorun filmi ekranlara çıxıb. "Universal Pictures" Judd Apatow-un "The King of Staten Island" filmini birbaşa ilkin tələbat siyahısına yerləşdirib. Studiya bu praktikaya bu ilin martından başlayıb. "Netflix" isə Spike Lee-nin "Da 5 Bloods" filmini buraxıb.

Yeni filmlər dünyanın problemlərini həll etməyə qadir olmasa da, insanların qayğılardan bir neçə saatlıq azad olmasına, ümidlə nəyisə gözləməsinə kömək edir. Gazette.com saytı yazır ki, normal zamanlarda eyni vaxtda həm Apatow, həm də Lee-nin filmlərinin ekranlara çıxması çox böyük hadisə olardı. Ancaq indiki halda kinosevərlərə bu iki filmə görə, sadəcə, şükr etmək qalır. Qeyd edək ki, pandemiyanın bütün kinoteatrları bağlanmağa məcbur etməsindən sonra çıxan ən üzdə olan yeni film "Trolls World Tour" cizgi filmi olub.

52% azalma

Sayt yazır ki, ötən ilin aprel-may aylarında ABŞ-da 47 yeni film ekrana çıxıb. Bu ilsə eyni müddət ərzində cəmi 20 film tamaşaçılara təqdim edilib. Bunun da 11-i "Netflix"ə aiddir. Evdə əyləncə aktuallaşandan sonra striminq xidmətlərinin işi əvvəlkindən də yaxşı gedir. 2019-cu ilin aprel-may aylarında çıxan 47 yeni filminsə cəmi 5-i "Netflix"ə aid idi.

Kinosevərlər anlayırlar ki, Lee və Apatow-un filmlərinin eyni vaxtda ekrana çıxması kimi böyük hadisə bu il bir daha təkrarlanmaya bilər. ABŞ-da həftələrlə bağlı qalan kinoteatrlar yenidən işə başlamağa can atır.

ABŞ-da COVID-19-a yoluxma halları yenidən sürətlə artır. Qapalı kinoteatrda bir neçə saat onlarla insanla birlikdə oturmaq o qədər də rasional ideya kimi görünmür. "MoffettNathanson" media araşdırma şirkətinin təhlilçiləri 2020-ci ildə bilet satışlarının 52%, yəni 5.5 milyard dollar azalacağını proqnozlaşdırıblar.

Sayt yazır ki, hətta insanlar kinoteatrlara gəlsə belə, baxmağa film olmaya bilər: "Kino və televiziya sənayesində koronavirusa görə domino effekti tamamilə realdır və o, hələ dayanmayıb. Studiyaların əlində məhdud sayda hazır film var. Buna görə də çox şeyi filmlərin ekrana çıxma vaxtı həll edir. …Christopher Nolan-ın gözlənilən blockbasteri, "Tenet" filminin çıxma vaxtı iki dəfə dəyişdirilib. Əvvəlcə iyulun 17-dən 31-nə, daha sonra avqustun 12-nə salınıb. "Warner Bros." də "Wonder Woman 1984" filminin çıxma vaxtını ikinci dəfə dəyişərək avqustun 14-dən oktyabrın 2-nə keçirib. "Fast and Furious 9" filminin ekrana çıxması düz 11 ay təxirə salınaraq 2021-ci ilin aprelinə salınıb".

İşin çətin tərəfi

Studiyaların ən çətin işi isə hazırda üzərində iş gedən və gələcək prodakşnlardır. Film istehsalı yüzlərlə insanın əməyi sayəsində mümkün olur. Aktyor, rejissor, ssenarist, prodüser daha çox üzdə olan insanlardır. Ancaq film üzərində çox sayda başqa mütəxəssislər də çalışır. Vizual effektləri işləyənlər, səs komandası, redaktorlar, operatorlar bunlardan, sadəcə, bəziləridir. Onların çoxunun işini məsafədən görmək mümkün deyil.

Sayt "The Los Angeles Times" qəzetinə istinadən yazır ki, televiziya və kino industriyasında istehsalların aylarla dayanması nəticəsində 100 mindən çox insan işini itirib. Bəziləri ABŞ xaricində çalışmağı qısamüddətli çıxış yolu kimi görür. İslandiya, Cənubi Koreya və Çexiya belə ölkələrdəndir. Təbii ki, belə imkanların sayı çox məhduddur.

Müəlliflər koronavirusdan əvvəl də çöküş dövrünü keçirən kinoteatrlarla bağlı çox da nikbin proqnozlar vermirlər. Artıq striminq xidmətləri sayəsində filmlərə evdə baxmağa öyrəşmiş auditoriyanın kinoteatrlara qayıtmaq istəyib-istəməyəcəyi də sual altındadır.

XS
SM
MD
LG