Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:34

'Küləklə sovrulanlar' – Amerikanın ən qəribə filmi?


Vivien Leigh və Clark Gable 'Küləklə sovrulanlar' filimində (1939)
Vivien Leigh və Clark Gable 'Küləklə sovrulanlar' filimində (1939)

"Küləklə sovrulanlar" (Gone with the Wind) Amerikanın ən sevimli filmidir. Filmin premyerası 75 il bundan öncə olsa da, "Harris Poll" bazar araşdırmaları şirkətinin 2008-ci ildə, "ABC News" kanalının 2011-ci ildə keçirdiyi sorğular göstərib ki, o, 1939-cu ildən bəri istehsal olunmuş istənilən filmdən daha yaxşı nəticə göstərə bilər. Filmin topladığı kassa gəlirləri də bunu təsdiq edir. Əgər bu gəlirləri inflyasiyaya uyğunlaşdırsaq, "Küləklə sovrulanlar"ı tarixdə çəkilmiş ən uğurlu film adlandırmaq olar.

"Küləklə sovrulanlar" o qədər uzun zaman Hollivudun ən qiymətli cövhəri hesab edilib ki, onun bu uğurunu sorğulamadan, olduğu kimi qəbul etmək çox asandır. "Ancaq bu filmi bu gün seyr etsəniz, onun baş gicəlləndirəcək dərəcədə qəribə olduğunu görəcəksiniz", – BBC-nin ilk dəfə 2014-cü ildə, sonuncu dəfə isə ötən ay dərc etdiyi məqalədə deyilir.

Müəllif bu filmi "quldar Cənuba sevgi etirafı, quldarlığa qarşı olan Şimala zəhərli qələmlə yazılmış məktub" adlandırır. Filmin məzəli komediyadan bədbin faciəyə keçməsi və bu halın dəfələrlə dəyişməsi də çox maraqlıdır. Bu sevgi hekayəsində sevgililər bir-birinə düşmən kəsilir. Dörd saat davam edən hekayə qəfil, tam aydın olmayan sonluqla bitir. Film suallar doğuran elementlərlə doludur. "Bu filmin təkcə Amerikanın ən sevimli filmi olması deyil, ən çox nifrət edilən filmi olmaması qəribədir", – yazıda deyilir.

Film hüquqları üçün 50 min dollar

Film Margaret Mitchell-in eyniadlı romanı əsasında çəkilib. Romanın özü öz dövrünün bestselleri olsa da, 1037 səhifə uzunluğunda idi. Müstəqil prodüser David O.Selznick film hüquqları üçün 50 min dollar ödəyib. Romanı filmə çevirmək son dərəcə çətin olub. Ssenari dəfələrlə yazılıb və yenidən işlənib. Ssenarini yazan çoxsaylı müəlliflərdən biri tanınmış yazıçı F.Scott Fitzgerald olub. Bu qədər uzun və mürəkkəb filmi çəkib başa çatdırmaq ssenarini yazmaqdan da çətin iş idi. Selznick baş rol üçün Amerikanın 31 ən populyar aktrisasını ekran sınağından keçirir. Son nəticədə isə digər aktrisalara nisbətən daha az tanınan britaniyalı Vivien Leigh-ni seçir.

Bütün bu əziyyətlərdən sonra nəhayət, film ekrana çıxanda auditoriya onu çox bəyənir.


Film 10 Oskar mükafatına layiq görülür və ilin ən gəlirli filmi olur. Xaraktercə perfeksionist olan Selznick çəkiliş müddətində daim mərkəzi sinir sistemini stimullaşdıran "Benzedrin" həbləri qəbul edirmiş ki, yatmadan işi davam etdirsin.

Filmin əvvəlində bir-birindən gözəl paltarlar geyinən, ziyafətlərdə deyib-gülən, Rhet Butler kimi xarizmatik kişinin diqqətinə belə məhəl qoymadan xalası qızının nişanlısı Ashley Wilkes-i (Leslie Howard) sevməkdə davam edən Scarlett O'Hara-nı (Vivien Leigh) görürük. Hətta birinci əri öləndə belə onun kefi pozulmur. Bu halda belə o, özünə şlyapa axtarır.

Ancaq filmin ilk bir saatından sonra birdən-birə Scarlett-i Vətəndaş müharibəsinin ortasında tibb bacılığı edərkən görürük. Hərçənd, Scarlett-in özü manipulyasiyalarından və qətiyyətindən qalmır. Müəllif onu "heyrətamiz dərəcədə müasir" adlandırır.

Qaradərili surətlərə münasibət

Filmdə qaradərili surətlərə münasibət ziddiyyətlidir. İlk dəfə çap olunan zaman Mitchell-in romanı da çox ziddiyyətli idi. Selznick-in romanın irqi baxımdan həssas hissəsini kəsib çıxarmaq səylərinə baxmayaraq, filmdə yenə də ağrılı məqamları görürük. "Tabeliyində olanlarla, xüsusən qaralarla sərt davranmalısan", – atası Scarlett-ə məsləhət verir. Ancaq onu da qeyd etməliyik ki, Mammy rolunu ifa edən Hattie McDaniel tarixdə ilk afroamerikalı Oskar mükafatçısıdır.

"Ancaq Mammy-nin iki qara nökəri, Pork (Oscar Polk) və Prissy (Butterfly McQueen) alçaldıcı karikaturalardır. (Afroamerikalı nazir, insan haqları fəalı) Malcolm X deyib ki, McQueen-in ifasına görə utandığından xalçanın altına girmək istəyib", - məqalədə deyilir.

Filmin sonunda Scarlett artıq Rhett-lə evli olsa da, hələ də Ashley-ni sevir.

Rejissor son dərəcə xarizmatik Clark Gable-ın qarşısına çox da yaraşıqlı olmayan 46-yaşlı aktyoru çıxarıb. Ashley rolunun ifaçısı bu rolu istəmirmiş və Mitchell-in romanını da oxumayıbmış. Üstəlik, onun Leigh-dən zəhləsi gedirmiş və o öz İngiltərə aksentini gizlətməyə çox da səy göstərmirmiş.

XS
SM
MD
LG