Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:42

Putin gəliri yüksək olanlar üçün vergini qaldırmağı təklif edir


Vladimir Putin
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin gələn ildən illik qazancı yüksək olanlar üçün gəlir vergisini qaldırmağı təklif edir. Bu addım koronavirus pandemiyasına qarşı iqtisadi tədbirlərdən biri kimi açıqlanıb.

Putin iyunun 23-də xalqa müraciətində bu açıqlamanı verib. Bir həftə sonra ölkədə konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə keçirilməlidir. Dəyişikliklərdən biri Rusiya liderinin 2036-cı ilədək hakimiyyətdə qalmasına yol açır.

Vergi 13 faizdən 15 faizə qaldırılacaq

Prezident təklif edib ki, 2021-ci il yanvarın 1-dən illik gəliri 5 milyon rubldan (72 min 700 dollar) artıq olanlar üçün gəlir vergisi 2 faiz qaldırılaraq 15 faizə çatdırılsın. Bu, son illər bəzi məmurların təklif etdiyindən daha azdır.

Bütün vətəndaşlar üçün 13 faizlik gəlir vergisi 2001-ci ildə Putinin prezidentliyinin birinci dövründə tətbiq olunub və o vaxtdan dəyişməyib.

Putin-in sözlərinə görə, bu artım dövlət xəzinəsinə əlavə 60 milyard rubl (864,6 milyon dollar) gəlir gətirər. O, yeni vergidən yığılan pulun “ağır, nadir xəstəliyi” olan uşaqların müalicəsində istifadə oluna biləcəyini söyləyib.

İqtisadçılar vergi artımının ölkənin büdcə və rezervlərinə böyük təsir göstərməyəcəyini deyirlər. İyunun göstəricilərinə görə, Rusiya 570 milyard dollarlıq xarici valyuta ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Bu vəsaitin 100 milyard dollardan çoxu “qara gün” üçün saxlanıb.

Neftin ucuzlaşmasının, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirinə baxmayaraq Putin ehtiyatlardan istifadəyə tələsməyib. İlin əvvəlində Səudiyyə Ərəbistanıyla qiymət müharibəsi və pandemiya səbəbindən qlobal tələbin azalması neft gəlirlərinə təsirini göstərib.

Bu il Putin ikinci dəfədir varlılar üçün verginin artırılmasından danışır. O, martda Rusiya şirkətlərinin sahiblərinin ofşor bank hesablarına köçürdüyü dividendlərə vergiləri qaldırmağa çağırıb.

Maliyyə konsultantının təklifi

Rusiyalı maliyyə konsultantı, “Forbes” jurnalının köşə yazarı Isaak Bekker ötən il deyirdi ki, büdcə ehtiyacları deyil, daxili siyasət Putini tezliklə zənginlərə vergiləri yüksəltməyə vadar edəcək.

Onun fikrincə, varlılar üçün verginin artırılması 2021 və 2024-cü illərə nəzərdə tutulmuş parlament və prezident seçkiləri öncəsi “milli ideya” rolunu oynaya bilər.

Bekker təklif edirdi ki, bu strategiyanın effektiv olması üçün Putin həmin pulu konkret layihə və məsələlərə xərcləməlidir.

Varlılar üçün verginin yüksəldilməsi “sosial gərginliyin bir hissəsini azalda bilər”, – ING Bank hesabatında bildirir. Son illər yaşayış standartlarındakı durğunluq Rusiyada sosial narazılığı artırıb, ölkədə daha çox etirazlar keçirilməyə başlayıb, Putin-in reytinqi düşüb.

Putin televiziya çıxışında koronavirus pandemiyası dövründə uşaqlı ailələrə və əhalinin digər kateqoriyalarına verilən subsidiyaların müddətinin uzadılacağı vədini verib.

Pnun sözlərinə görə, iyunda yaşı 16-dan aşağı övladı olan ailələrə verilən 10 min rubl (144 dollar) müavinət gələn ay da ayrılacaq.

Rusiyada koronvirusa yoluxma sayı 600 minə yaxınlaşır. Ölkədə karantin əsasən qaldırılıb, ancaq böhranın bu il 6 faizlik iqtisadi azalmaya səbəb olacağı gözlənir.

İyulun 1-də səsverməyə çıxarılacaq konstitusion dəyişikliklər keçərsə, 67 yaşlı Putin 2024-cü ildə indiki prezidentlik müddəti bitəndən sonra da hakimiyyətdə qala bilər.

Putin 2000-ci ildən Rusiyanı prezident, yaxud baş nazir kimi idarə edib.

XS
SM
MD
LG