Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:23

Xəstəliyi simptomsuz keçirənlər virusu ‘nadir hallarda’ yayır?


Praqa metrosunda
Praqa metrosunda

Koronavirusa yoluxmanı simptomsuz keçirənlərin infeksiyanı ötürməsi ilə bağlı elmi debatlar çoxdan davam edir.

BBC yazır ki, Dünya Səhiyyə Təşkilatı (DST) bu məsələyə aydınlıq gətirməyə çalışıb.

DST-nin aparıcı elmi ekspertlərindən doktor Maria Van Kerkhove iyunun 8-də deyib ki, COVID-19 xəstəliyini simptomsuz keçirənlərin virusu başqalarına ötürməsi “nadir hallarda” baş verir.

Lakin xanım van Kerkhove iyunun 9-da izah edib ki, o həmin bəyanatı çox məhdud elmi araşdırmalar əsasında verib.

Maria Van Kerkhove
Maria Van Kerkhove

Müşahidələr göstərir ki, xəstəliyi daha ağır simptomlarla keçirənlər yoluxuculuq baxımdan daha çox təhlükəlidirlər.

Bu da məlumdur ki, virusun daşıyıcısı olan şəxs onu inkubasiya dövrü başa çatmadan da başqasına ötürə bilər.

Lakin burası da var ki, koronavirus yoluxmasını simptomsuz keçirənlərin və onların nə qədər insanı yoluxdurmasının dəqiq statistikası yoxdur.

“Böyük və açıq sual”

Bununla belə, professor Van Kerkhove deyib ki, o bu məsələni “təmasları detallı izləyən” ölkələrin ekspertləri ilə müzakirə edib.

Alimin sözlərinə görə, müxtəlif ölkələrdə yoluxma qovşaqlarının (kütləvi yoluxma baş verən kiçik ərazilər) öyrənilməsi göstərib ki, xəstəliyi simptomsuz keçirənlər onu “nox nadir hallarda” yayıblar.

Lakin alim əlavə edib ki, bunun qlobal miqyasda da belə olması hələlik “böyük və açıq sualdır”.

London Gigiyena və Tropik Xəstəliklər Məktəbinin epidemioloqu, professor Liam Smeeth deyib ki, burada sərt karantinlərin infesksiyaları azaltması kimi faktor da nəzərə alınmalıdır.

Professor deyir ki, DST-nin bəyanatından təəccüblənib, amma bu bəyanatın əsaslandığı məlumat bazasını ilə tanış deyil.

DST-nin təcili tibb proqramları üzrə direktoru, professor Michael Ryan isə deyib ki, o simptomsuz yoluxdurmanın da baş verdiyinə əmindir və sual yalnız “nə dərəcədə” məsələsindədir.

Simptomsuzların üç kateqoriyası

Doktor Van Kerkhove deyib ki, “simptomsuz” yoluxmaları üç katerqoriyaya ayırmaq mümkündür:

xəstəliyin simptomlarını keçirməyən asimptomatik adamlar,

test zamanı yoluxduğu məlum olan, amma hələlik simptomsuz olan adamlar,

çox zəif simptomları və yaxud atipik simptomları olan, amma koronavirusa yoluxduqlarını bilməyən adamlar

Professor Van Kerkhove deyib ki, COVID-19-u simptomsuz keçirənlərin başqalarını nadir hallarda yoluxdurmasına dair etibarlı məlumatlar vardır.

Bu fakt həmin adamların sonradan təmasda olduqları insanların test edilməsinin nəticələri ilə isbatlanıb.

Bu arada İngiltərə Milli Statistika İdarəsinin verdiyi açıqlamada deyilir ki, koronavirusa yoluxanların yalnız 29 faizi hansısa simptomlara malik olur.

Xanım Van Kerkhove bunu da bildirib ki, virusun yoluxması daha çox, infeksiyalı adam asqıranda və ya öskürəndə baş verir.

Bunlar isə simptomsuz adamlarda doğrudan da nadir hallarda baş verir.

XS
SM
MD
LG