Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:30

Məhkəmənin qərarı dörd gün sonra necə dəyişib


Hakim. Foto illüstrasiya
Hakim. Foto illüstrasiya

Abşeron sakini Hüseynalı Bağırovun əlində eyni məhkəmənin, eyni hakimin iki fərqli qərarı var. Biri onun xeyrinə, o biri isə əleyhinədir. Bu qərarların hər ikisinə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnarə Tağızadə imza atıb.

Məhkəmə mübahisəsi H.Bağırova məxsus "Hyundai" markalı avtomobilin əlindən alınmasıyla bağlıdır. O, 2012-ci ildə maşın almaq üçün "Bank VTB" (Azərbaycan) ASC-dən 33 min 663 dollar kredit götürüb. Krediti 2 il vaxtında ödəyib. Deyir ki, 2015-ci ildə iki ardıcıl devalvasiya nəticəsində dolların kəskin bahalaşması, üstəlik, özünün səhhətində yaranan problemlərə görə ödəmədə problem yaranıb. O vaxta qədər isə banka cəmi 9 min 749 dollar əsas borcu qalmışdı.

H.Bağırov deyir ki, borcu 10 min dollardan az olduğuna görə prezidentin fərmanı ona da şamil olunmalıydı. Amma bunu etməmək üçün borcun məbləğini şişirib, çox göstəriblər.

Söhbət dövlət başçısının ötən il fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmandan gedir. Sözügedən fərman xarici valyutada kredit borcu olan vətəndaşların ardıcıl iki devalvasiya nəticəsində üzləşdiyi vəsait itkisinin dövlətin hesabına ödənilməsini nəzərdə tuturdu. Fərmanın birinci bəndində göstərilib ki, hökumətin bu addımı devalvasiyaya qədər banklara 10 min dollara qədər borcu qalanlara aiddir.

Maşını əlindən alıb, banka təhvil veriblər...

Ötən il bank Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq avtomobilin hərracda satılması, 13 min 591 dolların banka, qalan vəsaitin H.Bağırova ödənilməsi barədə qərar çıxarılmasını istəyib. Məhkəmə də bu iddianı təmin edib.

H.Bağırovun sözlərinə görə, məhkəmə prosesi barədə ona heç bir məlumat verilməyib. Bir də onda xəbər tutub ki, artıq qərar çıxarılıb. İcra məmurları da maşını əlindən alıb, banka təhvil veriblər.

H.Bağırov deyir ki, xəbər tutan kimi məhkəmənin qərarından şikayət edib, borc məbləğinin şişirdildiyini göstərib. Sumqayıt Apellyasiya Məhkəməsinə həm də ərizə verib ki, mübahisə ilə bağlı yekun qərar verilənə qədər avtomobilin üzərindən həbs götürülsün. İşə baxan hakim Gülnarə Tağızadə ötən il oktyabrın 14-də çıxardığı qərardadla onun ərizəsini təmin edib. Orada göstərilib ki, sözügedən avtomobil bankın saxlancından alınıb, H.Bağırova qaytarılsın.

Hakim həm də devalvasiyaya qədərki borcun müəyyənləşdirilməsi üçün ekspertiza təyin edib. Ekspertizanın 10 yanvar 2020-ci il tarixli rəyindən məlum olur ki, devalvasiyaya qədərki əsas borc 9 min 749 dollar olub.

"Ekspertizanın qərarı da mənim haqlı olduğunu sübut etdi. Prezidentin fərmanını tətbiq etməmək üçün hər yola əl atırlar. 14 oktyabrdakı qərardadı da götürüb banka getdim ki, maşını çıxarım. Orada dedilər ki, qərar dəyişib, hakim yeni qərardad çıxarıb. Oktyabrın 18-də çıxarılan qərardadda yazıb ki, maşının üstünə həbs qoyulsun, avtomobil bankın müəyyənləşdirdiyi dayanacaqda saxlansın. Hakim dövlətin adından çıxarılan, möhürlü, imzalı qərarı dörd günün içində dəyişir. Bu nə deməkdir?", - H.Bağırovun sözləridir.

Bank nə deyir

Sumqayıt Apellyasiya Məhkəməsində bankın nümayəndəsi Malik Qurbanov borc məbləğinin şişirdilməsi barədə qarşı tərəfin dediklərini qəbul etməyib. Nümayəndə H.Bağırovun mübahisə başa çatana qədər avtomobilin ona qaytarılması barədə ərizəsinə də etiraz edib.

İş materiallarından o da məlum olur ki, H.Bağırovun xeyrinə çıxarılan birinci qərardaddan sonra bankın nümayəndəsi məhkəməyə ərizə verib. Göstərib ki, avtomobil qaytarılsa və ondan istifadə edilsə, aşınmaya məruz qalacaq, qiyməti düşəcək, sonda hərracda daha ucuz satılacaq və əldə olunan məbləğ banka borcu ödəməyə çatmayacaq. Hakim də iddiaçının bu arqumentini əsas götürüb, dörd gün əvvəlki qərarına əks olan yeni qərardad çıxarıb.

H.Bağırov hakimin bu addımına görə Məhkəmə Hüquq Şurasına şikayət edib. Həmçinin, Nəsimi Rayon Məhkəməsində də banka qarşı iddia qaldırıb. Mərkəzi Bankın da bu prosesə üçüncü şəxs qismində cəlb olunmasını istəyən H.Bağırov tələb edir ki, borcun məbləğiylə bağlı rəqəmlər şişirdildiyinə görə bank cəzalandırılsın. İyunun 1-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

XS
SM
MD
LG