Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:27

Koronavirus Azərbaycanın cənub kəndlərində


Astarada koronavirusla mübarizə tədbirləri
Astarada koronavirusla mübarizə tədbirləri

Koronavirusun Azərbaycanın cənub rayonlarının kəndlərinə də yol açdığı bildirilir. Yerli sakinlərin deməsinə görə, virusa yoluxduğu güman edilənlər Astara, Lənkəran, Cəlilabad, Masallı rayonlarının xəstəxanalarında karantinə alınır və bir müddət orada müalicə olunurlar.

Astara rayonunun Şiyəkəran kənd sakinlərindən biri AzadlıqRadiosuna deyib ki, onların kəndində də bu virusa yoluxan var:

"Bir ailədir, gəlini də orada"

"Əvvəlcə kişini aparıblar, sonra həyat yoldaşını. Məlum olub ki, kişidə virus yoxdur, amma onun həyat yoldaşında virus aşkarlanıb. Bu necə ola bilər ki, bir yerdə yaşayan adamların birində var, digərində yoxdur? Kəndə sakinlərindən 8 nəfərini karantinə alıb aparıblar. Bir ailədir, gəlini də orada. Onlar 9 nəfər idi, biri rəhmətə gedib. Koronavirusla bağlı inandırıcı məlumatlar verilmir. Kənd inanmır...".

Astara şəhər sakini Zabir Ağayev isə deyir ki, Rusiyadan bir şəxsin meyitini gətiriblər:

"Dedilər ki, koronavirusdan ölüb"

"Ortayaşlı bir adam idi. Dedilər ki, koronavirusdan ölüb. Həmin adam sosial şəbəkələrdə aktiv idi. Sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayırdıq. Eşidəndə ki, ölüb, inanmadım. Kənd qəbiristanlığında basdırdılar. Kəndlərimizdə virusa yoluxanlar var. Əlbəttə ki, tələb olunan qaydalara əməl etmək lazımdır...".

Cəlilabad şəhər sakini, həkim Davud Qurbanov isə rayonda virusa yoluxanlar barəsində yayılan məlumatlara fərqli yanaşır:

"Olmayan şeylər uydururlar"

"Bu xəstəlik kəndlərdə də var. Amma, virusa tutulanlarla bağlı məlumatları şişirdirlər. Olmayan şeylər uydururlar. Rusiyadan biri gəlir, ölür. Xəbər verirlər ki, virusdan ölüb. Mən elə bir adam görməmişəm ki, koronavirusa tutulub, sonra ölüb.


Bir xəstə var idi, mən də ona baxmışdım. Sonra dedilər ki, koronavirusa tutulub. Test etdilər, sağlam çıxdı. On aylıq uşağa baxdım, Lənkərandan gəlmişdi. Onu çox incitdilər. Deyirdilər ki, uşaq koronavirusa yoluxub. Uşaq adi müalicədən sonra sağaldı. Hər hərarəti olan koronavirus deyil".

Həkim hesab edir ki, əhaliyə bununla bağlı verilən informasiyalar inandırıcı olmalıdır: "Əks halda, qaydaların effekti olmaz. Kim deyə bilər ki, kəndlərdə karantin qaydalarına əməl edilir? Kəndə bir nəfər virusa tutulsa, hamıya keçəcək".

Astara Mərkəzi Xəstəxanasının baş həkimi Oqtay Əmənullayev də kəndlərdə koronavirusa yoluxanların olduğunu təsdiqləyir:

"Çoxu simptomsuz keçir"

"Şiyəkəran kəndində və digər kəndlərdə də koronavirusa yoluxan var. Hər yerdə olduğu kimi, bizdə də aşkarlanır. Ancaq çox deyil. Lənkəranda daha çox yayılıb. Əvvəllər xəstələr Astaraya gətirilirdi, indi Masallıya aparırlar. Xəstələrin 99 faizi Masallıda yerləşdirilir. Karantində olanlardan kimin səhhətində dəyişiklik olursa, o, müalicə alır. Çoxu simptomsuz keçir. Simptom yoxdursa, müalicəyə ehtiyac yoxdur".

Baş həkim fikrini başqa xəstəliklərlə müqayisə aparmaqla çatdırır: "Qızılca necə olur? Qızılcaya tutulanlara deyilir ki, bayıra çıxmasın, başqaları ilə əlaqəsi olmasın. Təcrid olunur. Bu da elədir. Simptomlar baş verirsə, qızdırma qalxırsa, ağciyərdə problem yaranırsa, onda ciddi tədbirlər görülür. Nəfəs ala bilmir, aparata qoşurlar. Müddəti var. Bundan ötrü bu adamlar karantinə yerləşdirilir".

Azərbaycanın cənub rayonlarında virusa yoluxanların son dəqiq sayını öyrənmək mümkün olmayıb. Yerli rəsmilər, hələlik, bu kəndlərdə virusun yayılma səbəbini tam izah etmirlər. Onlar deyirlər ki, ölkənin əksər ərazilərində virusa yoluxma var.

Amma bəzi ekspertlər də vurğulayırlar ki, virus Azərbaycanın qonşularından ilk dəfə məhz İranda aşkarlanıb. Onların fikrincə pandemiyaya qədər Azərbaycandan İrana gediş-gəlişin çox olmasının virusun yayilmasına da təsiri ola bilər.

Martın 24-dən Azərbaycanda koronavirus pandemiyası ilə bağlı karantin elan edilib. Hazırki dövrə qədər müxtəlif vaxtlardan etibarən bütün ölkələrlə əhalinin gediş-gəlişi dayandırılıb. İranla gediş-gəliş isə karantin elan edilməzdən öncə, fevralın 29-da dayandırılıb.

Bundan bir gün əvvəl, fevralın 28-də Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının aşkarlandığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyon 400 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 382 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə 5 min 935 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyənləşib, onlardan 71 nəfər vəfat edib.

XS
SM
MD
LG