Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:46

'Şərq Tərəfdaşlığı'ndan nə gözləməli


'Şərq Tərəfdaşlığı'nın ötən il mayın 13-də Brüssel görüşü
'Şərq Tərəfdaşlığı'nın ötən il mayın 13-də Brüssel görüşü

Ötən il Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramının 10 yaşı tamam oldu. Bir çox ekspertlər Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı birliyə yaxınlaşdırmaq niyyəti güdən bu proqramın gələcəyi üzərində baş sındırır. AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Rikard Jozwiak yazır ki, 2030-cu ilədək altı keçmiş sovet respublikasının AB ilə münasibətlərinin hansı mərhələdə olacağına dair bu yaxınlarda açıqlanmış dörd mümkün ssenarinin heç biri ürəkaçan deyil, özəlliklə də Avropa klubuna qoşulmaq istəyənlər üçün.

“Visegrad Insight” platformasından Wojciech Przybylski və Almaniyanın German Marshall Fonundan (GMF) Joerg Forbrig “Şərqi Avropanın Gələcəyi: Şərq Tərəfdaşlığı 2030-un dörd ssenarisi”ni hazırlayıblar. Martın ortasında yayılmasına baxmayaraq, Avropada koronavirus pandemiyasından dolayı hesabat mediaya ötən həftə təqdim olunub.

Hesabat altı ölkədən təhlilçilər, jurnalistlər, siyasətçilər, vətəndaş fəalları və biznes liderləri ilə müsahibələr, seminarlar əsasında hazırlanıb. Müəlliflər dörd mümkün ssenarini belə adlandırırlar: “praqmatik inteqrasiya”, “Rusiyanın hegemonluğuna yenidən baxılması”, “AB-nin Moskvaya yan alması”, “vətəndaş azadlığı”.

Status kvo saxlanır

“Ən yaxşı” ssenarinin birinci olduğu bildirilir. Müəlliflər yazırlar ki, “böyük şüarlar, simvollar, yaxud AB-yə üzvlüklə bağlı ciddi gözlənti yoxdur, amma birbaşa sərmayə, ticarət və iqtisadi qarşılıqlı asılılıq güclənir, infrastrukturun inkişafında, qarşılılıqlı uyuşmalqda təkmilləşmə baş verir”.

Bu, əslində status kvodur, belə ki, "Şərq Tərəfdaşlığı" həmişə Brüssellə daha artıq yaxınlıq vəd etsə də, birliyə qoşulmaqla bağlı nəsə boyun olmayıb. Bu, Gürcüstan, Moldova və Ukrayna kimi ölkələri məyus edə bilər, axı, onlar AB ilə assosiasiya razılaşması imzalayıblar, viza qaydalarında liberallaşma əldə ediblər. Hesabatda deyilir ki, bu “növbətçi rejimi” “daha gənc, məhsuldar nəslə məhvedici təsir göstərər, bu da daxili siyasi səhnənin radikallaşmasıyla nəticələnər”.

Hesabata görə, bu faktorun sözügedən üçlüklə Ermənistan, Azərbaycan və Belarus arasında haçalanmanı dərinləşdirəcəyi gözlənir. Belə ki, bu üç ölkə “inteqrasiyanın sakit forması”na üstünlük verəcək, Rusiyayla təhlükəsizlik və diplomatik əlaqələrinə hər hansı dəyişiklik fonunda praqmatizmə söykənəcək. Hesabatda deyilir ki, Brüssel tərəfdaşlığın formasını dəyişmək məcburiyyətində qala bilər.

Birinci ssenari ruhlandırıcı olmasa da, növbəti ikisindən daha az bədbin səslənir. Sonrakı ssenarilərdə Kreml daha qətiyyətlə oyuna girir. İkinci proqnoza görə, Moskva tamamlanmış Şimal axını-2 layihəsindən faydalanaraq iqtisadi mövqeyini gücləndirir, "Şərq Tərəfdaşlığı", eləcə də AB ölkələrində bir neçə strateji sektoru əldə edir. AB və NATO dalbadal böhranlardan (Breksit, avrozona, Covid-19, miqrasiya, hüququn aliliyi) zəifləyir, avroskeptiklər Brüsseldə qərarların qəbulunu daha da çətinləşdirir, bu arada Moskva tərəfdaş ölkələrdə siyasi elitaya maliyyə bağlarını saxlayır, hökumətləri Rusiyanın maraqlarına uyğunlaşdırmağa nail olur. Sonucda region “avropayönlü liderlərə inamını itirir və Rusiyadan daha böyük asılılığı qəbul edir”.

Rusiya amili

Üçüncü variant nisbətən daha yaxşı səslənir. Bu zaman AB Rusiyayla dostlaşmağa çalışır. Birlik diqqəti başqa yerlərdə olan Amerikadan, Brüssel və Moskvanı əndişələndirən Çin nüfuzunun artmasından nigarandır.

Hesabatda deyilir ki, “Şərq Tərəfdaşlığı ölkələrindən bəziləri bu tendensiyaya müqavimət göstərməyə çalışsalar da, digərləri ikinci sinif statusunu qəbul edir və tərəddüdlə bu yeni Avropa axınının ardınca gedirlər. Nəticədə Şərq Tərəfdaşı ölkələri yeni, görünməmiş təlatüm və sabitsizlik dönəminə daxil olurlar”.

Dördüncü ssenari də eyni cür real görünür. Məsələn, Ermənistanda son inqilabdan sonra “xalq hakimiyyəti” başladı, əhali ayağa qalxaraq daha böyük rifah və sosial dəyişiklik tələb elədi. Bu ssenaridə Rusiya model deyil, AB üzvlüyü də çox uzaq görünür. Əvəzində ölkələr özlərinə bel bağlayırlar. Bu halda AB yalnız “mənəvi dəstək”lə kifayətlənərsə, yenə də Kremllə səssiz razılaşmaya əlyeri qalır.

“Ölkələr xarici siyasətdə əvvəlki parametrləri qoruduqca birbaşa müdaxilə və hibrid müharibə istisna olunur”, hesabatda deyilir. Üzdə sabitliyiniz olacaq, Çin kimi digər oyunçulardan sərmayələr gələcək, amma regiondakı dondurulmuş münaqişələr birdəfəlik həllini tapmayacaq.

Müəlliflər ssenarilərdən heç birinə üstünlük vermir, onların kombinasiyasını da mümkün sayırlar.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

XS
SM
MD
LG