Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Aqil Hümbətov yenidən Ruhi Əsəb Dispanserinə yerləşdirilib


A.Hümbətov
A.Hümbətov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovun dünən, aprelin 3-də məhkəmənin qərarı ilə Bakı Ruhi Əsəb Dispanserinə yerləşdirildiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat veriblər. Məlumata görə, Xəzər Rayon Məhkəməsi aprelin 2-də saxlanan A.Hümbətovun məcburi müalicəyə göndərməsi ilə bağlı qərar qəbul edib: "Məhkəməyə üç nəfərin şikayəti əsasında aparılıb… ".

Partiyadan hesab edilir ki, şikayət qurama əsaslara söykənir. AXCP-nin açıqlamasına görə, məhkəmənin qərarı qanunsuzdur və A.Hümbətova yönələn təzyiqlər onun sosial şəbəkədə ölkə rəhbərliyini tənqid etməsiylə bağlıdır.

Bu deyilənlərə, hələlik, Xəzər Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə heç kim tənqidi mövqeyinə görə böhtana, təzyiqə məruz qalmır.

Psixiatrik xəstəxanadan buraxılan cəbhəçinin yenə saxlandığı deyilir

Axşam saat 5 radələrində A.Hümbətovun həyat yoldaşı Aygün Hümbətova AzadlıqRadiosuna bildirib ki, cəbhəçi fəalı yenə iki nəfər aparıb: «Onunla işləyən fəhlələr dedi ki, iki nəfər mülkigeyimli zorla apardı. Hara apardıqlarını da deməyib. Polisə zəng eləmişəm, bir-birinə ötürürlər, dəqiq söz demirlər».

+++

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayon şöbəsinin üzvü, martın 30-da Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına salınan Aqil Hümbətov aprelin 1-də oradan buraxılıb.

A.Hümbətov AzadlıqRadiosuna deyib ki, onu Zirə qəsəbəsində işlədiyi yerdə - başqa fəhlələrlə birlikdə yolların kənarından zibilləri toplayarkən polislər gəlib aparıblar: «Fasilə verib çay içirdik, bir də gördük iki nəfər gəldi. Qolumdan tutub sürüyə-sürüyə apardılar. Sonra gördüm ki, iki nəfər deyillər, çoxdurlar. Sahə müvəkkili də post-patrul maşınını sürürdü».

«Mən nə xəstəyəm, nə də psix»

AXCP fəalının sözlərinə görə, onu öncə Xəzər rayonu 1-ci polis bölməsinə aparıblar. Orada təxminən 2 saat saxlayandan sonra Təcili Tibbi Yardım gəlib və onu Maştağaya aparıblar: «Sonradan bilmişəm ki, haqqımda məhkəmə qərarı çıxarıblar. Guya mən qəsəbədə çılpaq gəzmişəm, bunu görən adamlar şikayət ediblər, bunun əsasında da qərar çıxarılıb. Tamamilə yalandır. Şalvarını çıxarıb nədir? Ayıbdır axı... Mən nə xəstəyəm, nə də psix. Mənim sağlamlığımla bağlı yeganə qüsurum sol gözümdəki qüsurdur».

Aprelin 1-də A.Hümbətov haqqında daha bir məhkəmə qərarı çıxarılıb və onun əsasında o, buraxılıb: «Hakim xəstəxanaya gəlmişdi. Bir xeyli mənimlə söhbət elədi. Dedi ki, tənqid eləməklə, müxalifət partiyasının üzvü olmaqla nə qazanacaqsan? Məni buraxıb evə göndərəndə taksinin pulunu da hakim öz cibindən verdi. Sağ olsun...».

«Adamlara daş daşıtdırırlar»

A.Hümbətov xəstəxanada antisanitariya şəraitinin hökm sürdüyünü, şəraitin bərbad, yeməklərin çox keyfiyyətsiz olduğunu deyir: «İnsafən, özümə qarşı münasibətdən şikayətim yoxdur. Məni də əvvəl saxladıqları yer pis deyildi. Amma sonradan apardıqları yer çox bərbad idi. Əsl virus mənbəyi elə ora idi. Başqa xəstələrə qarşı münasibət də pis idi. Adamlara daş daşıtdırırlar. Baxırsan, gücü çatmır, təngnəfəs olur, amma yenə daşıtdırırlar».

Küçələrdən plastik qablar, karton və s. tullantılar toplayıb təhvil verməklə üç azyaşlı uşağını dolandırdığını vurğulayan A.Hümbətov hesab edir ki, onu martın 29-da Facebook səhifəsində səsləndirdiyi fikirlərə görə tutub aparmışdılar: «Mən İlham Əliyevdən nə istəyirəm? Deyirəm ki, adamlara zülm eləməyin, insanların haqqını yeməyin, uşaqpulu verin. Uşaqların biri xəstədir, dərman almağa pul tapmıram. Hansı ata uşağının aclığına, dərmansızlığına dözə bilər?».

Baş həkim təkzib edir

1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov orada şəraitin bərbad, yeməyin keyfiyyətsiz olması, xəstələrə qarşı münasibət haqda deyilənləri təkzib edib. Bildirib ki, A.Hümbətovun bu barədə dedikləri əsassızdır. Açıqlamanı AzadlıqRadiosu Səhiyyə Nazirliyinin mətbuat xidmətindən alıb.

A.Hümbətovun psixi xəstəliyi olmadığı halda, zorla ora salınması haqda söylədiklərinə gəlincə, baş həkim belə cavab verib: «Aqil Hümbətov xəstəxanaya məhkəmə qərarına əsasən, polis müşayiətiylə Təcili Tibbi Yardım avtomobilində gətirilib».

A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

A.Hümbətov bu il martın 29-da canlı yayımda da uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini vurğulayaraq, bütün bunlara görə prezident və komandasını tənqid etmişdi.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edir.

XS
SM
MD
LG