Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Çin bazarlarında yenə yarasa satırlar – Qərb mediası


Çində vəhşi heyvan bazarı, arxiv fotosu
Çində vəhşi heyvan bazarı, arxiv fotosu

“The Mail on Sunday” qəzeti yazır ki, Pekin koronovirus üzərində qələbə çaldığını açıqladığı bir vaxtda Çin bazarlarında hələ də yarasa satır, dovşan kəsirlər.

Bu bazarlarda it, pişik, digər ev heyvanları, eləcə də vəhşi heyvanları asanlıqla almaq olar.

“Hürkmüş itlər, pişiklər paslı qəfəslərə doldurulub. Yarasalar, əqrəblər tibbi təbabətdə istifadə adıyla satılır. Dovşan və ördəklərin başları kəsilir, dəriləri qan, palçıq, heyvan qalıqları ilə örtülüdaş döşəmələrə sərilir”, – məqalədə deyilir.

“Xarici problem”

Minlərlə alıcı Çinin cənub-qərbində yerləşən Guilin qapalı bazarına axışır. Ölkənin cənubunda yerləşən Donqquanda isə ət bazarında bir satıcı yarasa, əqrəb və digər heyvanların ticarətini bərpa edib. Vuhanda epidemiyanın yayılmasına məhz yarasanın səbəb olduğu bildirilir.

Çin artıq ölkə boyunca karantini qaldırıb, adamlar normal həyata qayıdırlar.

Çindəki müxbirlərdən biri “The Mail on Sunday” qəzeti üçün fotolar çəkib. Onun sözlərinə görə, “burada hər kəs epidemiyanın bitdiyinə, artıq narahatlığa əsas olmadığına inanır. İndi bunu xarici problem hesab edirlər”.

Donqquana baş çəkmiş müxbir bazarların koronovirusdan əvvəl olduğu kimi işini bərpa etdiyini söyləyib.

“İndi yeganə fərq odur ki, təhlükəsizlik əməkdaşları heç kəsə şəkil çəkməyə icazə vermirlər, əvvəl belə bir şey yox idi”, – jurnalist söyləyib.

Qəzet yazır ki, Pekin hökuməti belə bir konspirasiya ortaya atıb ki, guya pandemiya heç Çindən başlamayıb. Çinin “Weibo” sosial media platformasında yayılan iddialara görə, koronovirus ilk dəfə noyabrda İtaliyada aşkarlanıb.

Honq Konq modeli

“The Atlantic” portalı isə Honq Konqda məhdudiyyətlərin bərpa olunduğunu yazır.

Çinin yurisdiksiyasında sayılan Honq Konq virusun yayılmasını önləyə bilib. Bu aydan dövlət qulluqçuları tədricən ofislərdə işə dönüblər. Özəl sektor da özünə gəlir. Metro və avtobuslar sərnişinlərlə dolur.

Amma son günlər koronavirusa yoluxma hallarının yenidən artması səhiyyə ekspertlərini narahat etməyə başlayıb. Hökumət məhdudiyyətləri yenidən tətbiq edir, işçilər evə göndərilir, parklar, şəhərdəki obyektlər bağlanır, sosial təcrid çağırışları yenidən səslənir.

Daha sərt qadağalar tətbiq olunur, turistlər, tranzit sərnişinləri dünyanın ən məşğul hava limanlarından sayılan Honq Konq aeroportuna buraxılmır.

Məqalədə deyilir ki, Honq Konq və Sinqapur virusun yayılmasını önləyə bilən örnək ərazilər sayılırdı. Honq Konq indi fərqli bir modeldir, dünyanın bir çox ölkələrində qadağalar altında yaşayan yüzmilyonlarla insan üçün tunelin sonunda bir işıqdır. Honq Konqda qadağaların gah sərtləşdirilməsi, gah da yüngülləşdirilməsi xəstəliyin idarə olunmasına fərqli yanaşmanı üzə çıxarır. Bu yanaşma həm də uzunmüddətli karantin qaydalarının yetərli olmadığını göstərir.

Bu taktika səhiyyə ocaqlarını aşırı yüklənmədən qoruyur, indi Nyu York şəhəri, Avropanın tibb işçiləri belə bir reallıq içindədirlər. Bunu dünyada koronovirus pandemiyası üzrə ekspertlərdən biri sayılan Gabriel Leung deyir. O, SARS epidemiyası ilə bağlı geniş fəaliyyət göstərib, 2009-cu ildə qrup epidemiyasına Honq Konqun cavab tədbirlərinə liderlik edib.

Leung-un sözlərinə görə, bu qadağan və yüngülləşdirmə strategiyası dünyada geniş müzakirə olunmaqdadır. Və bu nəzarət tədbirləri o vaxtadək saxlanmalıdır ki, iki şeydən biri baş versin: ya fəal yoluxma və sağalma yoluyla təbii immunitet yaransın, ya da əhalinin azından yarısına çatımlı effektiv vaksin yaradılsın.

XS
SM
MD
LG