Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:26

Qərb eksperti: 'Vəziyyət neftin 10 dollara düşdüyü vaxtları xatırladır'


Guardian yazır ki, Səudiyyə Ərəbistanın hasilatı günə 3 milyon barrel artırmaq planlarının icrasına hazırlaşdığı bir vaxtda dünyanın neft anbarlarında boş yer qalmaya bilər.

Çində əsas neft emalı zavodları koronavirus epidemiyası ilə bağlı olaraq yanvar ayından bəri işi dayandırıb və qlobal neft anbarları dörddə üç nisbətində doludur.

Bu da qeyd olunur ki, başqa xammal növləri və materiallarla yanaşı neftə tələbat da kəskin azalıb.

Kanadanın neft anbarları onun özünün hasil etdiyi neftlə az qala ağzınadək dolmaqdadır.

Təhlilçilər Qərbi Kanada regionunda neft hasilatının günə 400 min barrel azaldılacağını gözləyirlər.

Onlar bildirirlər ki, hazırda neft hasilatçıları izafi neftin anbarlanması üçün dənizlərdəki neft tankerlərinə ümid edirlər.

Rystad Energy analitik mərkəzi xəbərdarlıq edib ki, belə gedərsə, neftin bir barrelinin qiyməti 10 dollaradək düşə bilər.

Rusiyanın OPEC-lə razılaşmadan çıxması ilə bağlı başlanmış qiymət müharibəsi dünya bazarlarına gələn neftin həcmini günə daha 2, 5 milyon barrel artıra bilər.

Anbarlar tam dolarsa…

Rystad ekspertlərinin təxminlərinə görə hazırda dünyanın neft anbarlarında 7.2 milyard barrel neft var. Təxminən 1.4 milyard barrel isə dəniz tankerlərində saxlanır.

Ekspertlər bildirirlər ki, nəzəri baxımdan anbarların tam dolmasına hələ 9 ay qalır, lakin tələbatın da azalması bu müddəti qısalda bilər.

Rystad Energy firmasının təhlilçisi Paola Rodriguez-Masiu deyib ki, anbarların bu sürətlə dolması 1998-ci ili, neftin bir barrelinin 10 dollardan aşağı düşdüyü vaxtları xatırladır.

ABŞ Səudiyyəni qiymət müharibəsini dayandırmağa çağırır

CNBC yazır ki, bu arada Birləşmiş Ştatlar OPEC-in əsas oyunçusu olan Səudiyyə Ərəbistanını qiymət müharibəsinə son qoymağa çağırıb.

ABŞ Dövlət Departamentinin 25 mart tarixli bəyənatında deyilir ki, dövlət katibi Mike Pompeo və Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman telefon danışığında enerji bazarlarında yaranmış vəziyyəti müzakirə ediblər.

Politico “məsələ ilə tanış mənbələrə” istinadən yazır ki, Trump Səudiyyə Ərəbistanına onun neft hasilatını artırmaqla Rusiyanı bazardan çıxarmaq planlarından narazı olmadığını bildirib.

Prezident təkcə bunu rica edib ki, qiymətlər ABŞ neft sənayesinə ziyan vurmayacaq həddə enməlidir.

Həmin mənbələr deyiblər ki, amma neftin bu həddə ucuzlaşacağını heç kəs gözləmirdi.

Bir sıra siyasi şərhçilər bildirirlər ki, neft qiymətlərinin düşməsi ABŞ-da benzini xeyli ucuzlaşdırıb və bu vəziyyət seçki ilində prezident üçün daha önəmlidir.

Bununla belə ABŞ hakimiyyət orqanları ölkənin strateji ehtiyatlarının artırılmasını təklif edirlər. Bu, bir müddət neftə olan tələbatı artırardı.

ABŞ Enerji Nazirliyi 77 milyon Amerika neftini almağı planlaşdırdığını bildirib.

Bu məqsədlə Senat 3 milyard dollar vəsait ayırmalı idi. Lakin bu təklif kifayət qədər səs toplaya bilməyib.

Dəyər-dəyməzinə

Bu arada Business-Standard saytı yazır ki, Afrikadan və Qərbi Asiyadan tutmuş Latın Amerikasınadəkixracatçılar öz neftlərini güzəştli qiymətlərlə satmağa məcburdurlar.

Nigeriya neftin bir barrelində 3.10 dollar, Kolumbiya is 7.75 dollar güzəşt edir.

Bundan əvvəl Səudiyyə Ərəbistanı nefti 6-10 dollar arasında güzəştli qiymətlərlə satacağını bildirmişdi.

Martın 25-ə olan məlumata görə Brent markasından olan neftin bir barrelinin qiyməti 29.99 dollardır. Gündüz saatlarında qiymət 25 dollara enmişdi. ABŞ neftinin bir barreli 23 dollar civarında qərarlaşıb.

Rusiyanın Urals markasından olan neftinin də qiyməti təxminən 23 dollardır.

XS
SM
MD
LG