Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:52

Koronavirus Fonduna yığılan milyonlar


Manat
Manat

Son 4-5 gündə prezident sərəncamıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna təxminən 79 milyon manat köçürülüb. İlk olaraq Prezident İlham Əliyev, daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva bir illik maaşlarını Fonda ianə etdilər. Ardınca başqa rəsmi şəxslər, deputatlar, büdcədən maliyyələşən dövlət qurumları, özəl şirkətlər adıçəkilən quruma pul köçürməyə başladılar.

Hər iki hal sual yaratmağa başladı. Əvvəla, büdcədən maliyyələşən dövlət qurumu bu pulu haradan alır? İkincisi, çətin günlərini yaşamaqda olan, dövlət dəstəyi gözləyən özəl sektor bu vəsaiti Fonda niyə ianə edir?

R.Mirqədirov
R.Mirqədirov

Özünün dəstəyə ehtiyacı olan özəl sektor ianə verməlidirmi?

Siyasi şərhçi Rauf Mirqədirov bu vəziyyətin absurd olduğunu düşünür və yaşadığı ölkə ilə Azərbaycan arasında paralel aparır.

«Mən İsveçrədə yaşayıram. Bu ölkədə 8 mindən çox insan koronavirusa yoluxub, ölənlərin sayı 60-ı ötüb. Hökumət koronavirusla mübarizəyə 10 milyard frank ayırıb, nəzərə alın ki, 1 frank 1 dollardır. Burda koronavirusla mübarizə aparmaq üçün fond yaradılmayıb. Ölkədə supermarketlər və apteklərdən başqa heç yer işləmir. İşini itirənlər var. Həmin 10 milyard frankın bir hissəsi əmək haqlarının ödənilməsinə ayrılıb. Digər hissəsi pandemiyadan əziyyət çəkən sahibkarları dəstəkləməyə yönəlib», – siyasi şərhçi deyir.

R.Mirqədirov indiki halda böhrandan ən çox turizm, nəqliyyat sektorunun ziyan çəkdiyini bildirir. Amma Azərbaycanda paradoksal vəziyyət yarandığına diqqət çəkir: «Bütün dünyada olduğu kimi, Azərbaycanda da nəqliyyat sektoru çətin günlərini yaşayır, xüsusən aviaşirkətlər. Amma bu durumda «Buta» şirkəti (onun sahibinin kim olması məni indiki halda maraqlandırmır) Fonda pul köçürür. İndiki vəziyyətdə məhz dövlət «Buta»ya yardım etməlidir, onun uçuşları ləğv olunub, işi yoxdur».

Siyasi şərhçi deyir ki, prezident, məmurlar, deputatlar Fonda pul köçürə bilər, ayrı-ayrı şəxsi təşəbbüslər də ola bilər: «Məsələn, futbolçu Ronaldo iki hotelini xəstəxanaya çevirib, avadanlıqla təchiz edib, oradakı həkimlərin maaşını verir, bu, şəxsi təşəbbüsdür. Ya da ayrı-ayrı parfümeriya şirkətləri dezinfeksiya məhsulları istehsal etməyə başlayıb və bunu təmənnasız paylayırlar. Buna o şirkətin gücü var. Azərbaycanda bu imkan varmı? Bu gün sahibkardan 5 manat al, sabah 10 manat ver? Absurddur».

R.Həsənov
R.Həsənov

«Ədalətin bərpası kimi başa düşülə bilər»

İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, Azərbaycandakı böyük şirkətlərin Fonda dəstək göstərməsi başadüşüləndir. Hətta o, indiki durumda həmin şirkətlərin Fonda yardımını zərurət sayır.

«O baxımdan ki, bu şirkətlərə indiki idarəetmə uzun müddət yetərincə münbit şərait yaradıb. Bir çox şirkətlər bazarda inhisarçıdır. Və bu üstünlüyün təmin edilməsi sayəsində onlar kifayət qədər haqsız gəlir əldə ediblər. Ölkədə isə indi çox çətin, idarə olunması ağır vəziyyət yaranıb. Belə şərtlər daxilində şirkətlərin Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi yardım etməsi müəyyən qədər ədalətin bərpası kimi də başa düşülə bilər», – R.Həsənov belə düşünür.

Ancaq iqtisadçı da, R.Mirqədirov kimi, kiçik, orta, mikro sahibkarların indiki şərtlər daxilində prosesdə iştirakını doğru saymır. Onun sözlərinə görə, həmin subyektlərin maliyyə vəziyyəti ağırdır və növbəti dövrlə bağlı proqnozlar vermək çətindir: «Onların özlərinin maddi dəstəyə ehtiyacı var».

R.Həsənov ümid etmək istəyir ki, Fonda ianələr edilməsi üçün özəl sektora təzyiq göstərilmir.

Dövlət büdcəsindən maliyyələşən maliyyə qaynağını haradan tapıb?

Bir çox iqtisadçılar dövlət qurumlarının ianələr etməsini birmənalı qarşılamırlar, ilk gündən bu yöndə müzakirələr gedir. Doğrudur, ekspertlər bir sıra dövlət qurumlarının bəzi xidmətlər qarşılığında gəlir əldə etdiklərini xatırladırlar və Fonda ianələrin də burdan qaynaqlandığını istisna etmirlər.

V.Əhmədov
V.Əhmədov

Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da dövlət qurumlarının bəzisinin gəlirlərinin vergi, rüsum əsasında formalaşdığını deyir.

«Amma diqqət yetirirəm, əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlar vəsait köçürürlər. Faktiki dövlət büdcəsindən maliyyə köçürürlər», – deputat əlavə edir.

ReAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli isə bu ianələrin daha çox işçilərin əməkhaqqı fondundan ayrıldığını güman edir. «Bir çox dövlət qurumları var ki, onların əlavə gəlir mənbələri yoxdur. Yeri gəlmişkən, Xarici İşlər Nazirliyində belə bir mənbə var, onların elektron viza xidməti var, büdcədənkənar vəsaitinin olması ehtimalı yüksəkdir. Həmin vəsait Fonda köçürülə bilər. Amma bu da elə dövlətin gəliridir. Elə təşkilat var gəliri yoxdur və əmək haqları köçürülür. Minlərlə işçisi olan «Azərenerji» ianələr edə bilər. Başqa izahı yoxdur», – iqtisadçı deyir.

R.Həsənovun qənaətincə, işçilər kollektiv təşəbbüslə əmək haqlarının bir hissəsini ianə edə bilərlər, «ancaq təşkilatın büdcəsinin müəyyən hissəsinin təyinatından fərqli istiqamətə yönəldilməsi yanlışdır». O deyir ki, bu addım həmin müəssisələrdə uçotun dəqiq aparılmadığını, korrupsiyanın, vəsaitlərin səmərəsiz istifadə olunduğunu göstərir.

Başlıca məsələ – Fondun şəffaflığıdır

Deputat V.Əhmədov ianələr ətrafında böyük müzakirələrə ehtiyac görmür. O, koronavirusla mübarizəyə 1 milyard manat ayrıldığını, bunun da çox böyük məbləğ olmadığını vurğulayır: «Başqa dövlətlər 100 milyardlarla vəsait ayırır. Həyətlər, küçələr dezinfeksiya olunur. Tibbi-texniki avadanlıqlar alınır və s. Yəni, buna böyük vəsait lazımdır».

Bakı sakinləri neft pulları haqda danışır
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Deputat da, N.Cəfərli də hesab edirlər ki, başlıca məsələ Fonda yığılan vəsaitin hansı istiqamətə, necə xərclənməsinə diqqət yetirilməsidir.

«Fonda yığılan pulun üzərində nəzarət mexanizmi olmalıdır, çalışmaq lazımdır o vəsait ünvanına çatdırılsın, başqa özbaşınalıqlara rast gəlinməsin. Yəni, hər bir halda vəsait şəffaf xərclənməlidir», – V.Əhmədov bildirir.

R.Həsənov isə düşünür ki, indiki halda Fonda lüzum yoxdur, sadəcə, dövlət orqanlarının maliyyə-təsərrüfat fəaliyyətində nəzarət kifayət qədər gücləndirilməlidir: «Zəruri olmayan, lazımsız istiqamətlərə xərclər tamam dayandırılmalıdır. Bu bir mərkəzdən – Maliyyə Nazirliyi ilə Hesablama Palatasının fəaliyyəti nəticəsində tənzimlənə bilər. Qənaət edilmiş vəsaitsə daha vacib istiqamətlərə, o cümlədən koronavirusla mübarizəyə yönəldilə bilər. Bu, daha yaxşı mexanizmdir».

Vətəndaşın arzusu: Pul fonda getməsin

Bu arada sıravi vətəndaşlar da təkliflər verir. Facebook istifadəçisi Turanə Məmmədli yazır ki, həmin Fonda vəsait yığılması yaxşı haldır, amma...: ««Azərişıq» - bu məbləğ əvəzinə karantin müddəti ərzində bir aylıq işıqpulu almasa; «Azəriqaz» - bu müddət ərzində qazı pulsuz etsə; «Azərsu» - bir aylıq sayğacları bağlasa; mobil operatorlar - interneti pulsuz etsə (ən azından sosial şəbəkələr üçün); pul ianə edən banklar - kredit borcu olanların bu müddət ərzində borclarını dondursa; digər özəl sektorlar - o məbləği işçiləri arasında bölsə... Siyahını daha da uzatmaq olar. Bu, kirayədə qalan, evinə çörək gətirmək üçün evdən çıxmağa məcbur olan şəxslərə, ümumiyyətlə, hər bir vətəndaşa ən böyük yaxşılıq olar».

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində gerçəkləşdirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdir.

XS
SM
MD
LG