Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:53

1 milyarddan gözlənti: '...Kommunal limit ləğv edilsin'


Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.
Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Dövlət başçısı İlham Əliyev dünən, martın 19-da koronavirusla (COVID-19) bağlı 1 milyard manat pul ayırıb. Sənəddə yazılıb ki, dünya enerji, səhm bazarlarında baş verən dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılsın. Sərəncama əsasən, 4 işçi qrup yaradılmalı, onlar müxtəlif sahələr üzrə təsirləri dəyərləndirərək öz təkliflərini hazırlamalıdırlar.

N.Cəfərli
N.Cəfərli

«Pul ayrılması doğru, amma...»

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, bu məsələ ilə bağlı pul ayrılması doğru qərardır. Amma onun fikrincə, kimə və necə kömək ediləcəyini işçi qrupların müəyyən etməsi doğru yol deyil: «Pul ayrılması doğru qərardır, amma kimə və necə kömək ediləcəyini işçi qruplar müəyyən edəcək, yəni, insan faktoru öndə olacaq. Bu, doğru yol deyil. Ən yaxşısı bu olardı ki, orta və kiçik sahibkarlara (turizm, iaşə, qeyri-ərzaq ticarət obyektləri) 6 aylıq vergi tətili verilsin.


Fiziki şəxslərin (kiçik və orta sahibkarların da) istehlak və biznes kreditləri üzrə faiz hesablanması 6 aylıq dondurulsun, kommunal xidmətlərin limiti ləğv edilsin (2017-ci ildən Azərbaycanda qaz və elektrikin qiymətləri artıb. Əvvəlki qiymətlə əhaliyə qaz və elektrik yalnız limitlə satılır-red.). İcarədarlarla danışıqlar aparıb kiçik və orta sahibkarlar üçün icarə pulunun bir hissəsi azaldılsın, qalanı isə prezidentin ayırdığı vəsaitdən verilsin».

«Hətta korrupsiya olmasa belə...»

İqtisadçının fikrincə, indi isə 1 milyard manatın kimə, necə, nə vaxt xərclənəcəyi ciddi suallar doğuracaq: «Birbaşa insan faktorundan, məmur qərarlarından asılı olacaq. Hətta korrupsiya olmasa belə, (bir anlıq xəyal edək-N.C) əməliyyat xərcləri ayrılan vəsaitin önəmli hissəsini yeyəcək».

A.Mehtiyev
A.Mehtiyev

İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyinin rəhbəri Azər Mehtiyev də hesab edir ki, qərar gözlənilən idi, amma onun icra səviyyəsi daha mühüm məsələdir.

A.Mehtiyev deyib ki, təsirlərin ardan qaldırılması üçün konkret təkliflər arasında sahibkarlıq subyektlərinə müəyyən güzəştlərin, yardımların, kreditlərin və ya hansısa əhali qruplarına müəyyən sosial yardımların verilməsi ola bilər:

«Bunu zaman göstərəcək»

«Amma bu təkliflər də sadəcə təklif xatirinə olmalı deyil. İşçi qruplar araşdırma aparmalı, təsirləri əsaslandırmalı və əsaslı təkliflər verməlidir. İşçi qrupların tərkibinin düzgün müəyyən olunması əsas məsələdir və sərəncama görə, təsirləri real dəyərləndirmək üçün bu işçi qruplarda dövlət və özəl qurumlar təmsil olunmalıdır: İndi real olaraq bu iş nə qədər doğru icra olunacaq, bunu zaman göstərəcək».

Deputat Fazil Mustafaya görə isə, sərəncamın verilməsi prezidentin bütün prosesləri nəzarətdə saxladığını, hansı təbəqələrin daha çox əziyyət çəkdiyini bildiyini nümayiş etdirir:

F.Mustafa
F.Mustafa

«Vəsait gələcəkdə arta da bilər»

«İlkin olaraq əhalinin sosial vəziyyətinin müəyyən dərəcədə izlənilməsi və onunla bağlı müvafiq tədbirlərin görülməsi vacibdir. İkinci, istehsalın dayanması, müəyyən mənada ictimai-iaşə obyektlərinin çalışmaması ilə bağlı vergi öhdəliklərində güzəştlər olmalıdır. Üçüncü isə, sahibkarlıq subyektlərinin icarə haqlarında problemlər yarana, onlara baxılması lazım ola bilər...».

Deputat da vurğulayıb ki, bunlar hamısı kompleks olaraq dörd istiqamət üzrə qruplaşdırılıb: «Çox güman ki, bu, müzakirə olunacaq, hansı sahəyə daha çox diqqət verilməsi hökumətin açıqlamasında özünü göstərəcək. Bütün hallarda bu vəsait gələcəkdə arta da bilər».

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 10 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Habelə, aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb.

XS
SM
MD
LG