Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:47

Fransa Şərq Tərəfdaşlığına niyə mənfi münasibət bəsləyir?


Vladimir Putin (solda) və Emmanuel Macron
Vladimir Putin (solda) və Emmanuel Macron

Fransa Şərq Tərəfdaşlığının son nəticədə Avropa İttifaqına üzvlük demək olduğu barədə fikirləri rədd edib.

AzadlıqRadiosu Fransaya aid iki sənədə istinadən bildirir ki, Parisin ittifaqa gələcək yatırımlarının yarısı ətraf mühitin qorunmasına yönəldiləcək.

Şərq Tərəfdaşlığına keçmiş Sovet İttifaqının altı ölkəsi - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Bu tərəfdaşlıq 2009-cu ildə yaradılıb və üzv ölkələrin islahatlar keçirməsi müqabilində ittifaqın onlarla daha yaxın münasibətlər qurmasını nəzərdə tutur.

Avropa İttifaqı ilə assosiasiya sazişlərinin imzalanması Gürcüstan, Moldova və Ukraynaya viza sərbəstliyi sahəsində bir sıra imtiyazlar verib.

Bu ölkələr son məqsədlərinin Avropa İttifaqına üzv olmaq olduğunu bəyan ediblər.

Moskva Şərq Tərəfdaşlığına mənfi münasibət bəsləyir və keçmiş sovet respublikalarının Avropa İttifaqı ilə yaxınlaşmasını istəmir.

İllüziya

Amma indi Fransanın hazırladığı sənəddə deyilir ki, Şərq Tərəfdaşlığı bu proqramın üzvü olan ölkələrdə Avropa İttifaqına gələcək üzvlük barədə “illüziya” yaratmamalıdır.

Sənəddə qeyd olunur ki, tərəfdaşlıq “iqtisadi və siyasi əməkdaşlıq” üzərində qurulub və “Avropa İttifaqına inteqrasiyanın bütün perspektiv və mexanizmlərini istisna edir”.

Paris bir qayda olaraq Türkiyənin Avropa İttifaqı üzvlüyünə şübhə ilə yanaşır və ötən il ittifaqın Şimali Makedoniya və Albaniya ilə üzvlük danışıqlarının dayandırılmasının arxasında duran əsas qüvvə olub.

Fransa prezidenti Emmanuel Macron israr edir ki, Avropa İttifaqı genişlənməzdən əvvəl bir sıra islahatları həyata keçirməlidir.

O habelə Ukraynadakı təcavüzünə görə Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya ilə dialoqa çağırıb.

Moskvanı qıcıqlandırmamaq

Avropa İttifaqının Şərqi Avropadan olan və adının çəkilməsini istəməyən diplomatı AzadlıqRadiosuna deyib ki, Fransa “Moskvanı qıcıqlandırmamaq üçün Şərq Tərəfdaşlığı ilə heç bir əlaqəsinin olmasını istəmir”.

Həmin diplomat bildirib ki, Britaniyanın Aİ-dən çıxması Fransanı bu blokun xarici siyasətini yönəldən ən böyük üzvlərdən birinə çevirib.

Fransanın təqdim etdiyi sənədlərdə Şərq Tərəfdaşlığı üçün “yaşıl gündəliyin” blokun iyun ayında Brüsseldə keçiriləcək sammitində səsə qoyulmasını istəyir.

Fransa bunu da təklif edir ki, Avropa İttifaqının iqlim dəyişikliyinə dair öhdəlikləri Şərq Tərəfdaşlığı üzvlərinə də şamil edilsin.

Paris bildirir ki, ittifaqın Şərq Tərəfdaşlığına yatırımlarının yarısı ətraf mühitin qorunması proqramlarına yönəldilsin.

XS
SM
MD
LG