Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:39

ABŞ Rusiyaya kiberhücum taktikası hazırlayıb – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlar Rusiyaya qarşı kiberhücum taktikası hazırlayıb. Moskva 2020-ci ildə ABŞ-da prezident seçkisinə müdaxiləyə cəhd edərsə, bu taktika işə salına bilər. Bu haqda “The Washington Post” qəzeti mənbələrə istinadla yazır.

Mənbələrin deməsinə görə, hücum Rusiyanın yüksək vəzifəli məmurlarını, xüsusi xidmət əməkdaşlarını, iri biznesmenləri hədəfləyəcək. Onlar seçkiyə müdaxiləni dayandırmaq tələbilə məktublar alacaqlar. Əks halda, Vaşinqton məmurlar, Kremlə yaxın sahibkarla barədə konfidensial informasiyanı yaymaq və öz məqsədləri üçün istifadə etməklə hədələyir.

Putin hücumdan kənar qalacaq

“The Washington Post” yazır ki, daha bir strategiya Rusiya elitası arasında konflikt yaratmaqdan ötrü dezinformasiya yaymaqdır.

Mənbələr qeyd ediblər ki, Prezident Vladimir Putin, çox güman, hücumdan kənar qalacaq. Bu “həddən artıq provokativ” olardı, qəzet yazır.

Ancaq rəsmilər, Pentaqon təmsilçiləri bu informasiyanı şərh etməyiblər.

Məqalədə ordunun indiyədək psixoloji əməliyyatlara əl atdığı yada salınır. Məsələn, Körfəz Müharibəsi zamanı İraqa yüzminlərlə vərəqə buraxılıb, İran əsgərlərini inandırmağa çalışıblar ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya təslim olsunlar.

“İnternet, sosial media və smartfonlar belə taktikanın əhatə dairəsini genişləndirib, dəqiqliyini artırıb”, – məqalədə vurğulanır.

Bu ilin martında Xüsusi prokuror Robert Mueller-in komandası Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsi ilə bağlı hesabatı tamamlayıb. İkiillik təhqiqat Moskvanın ABŞ-da seçki prosesinə müdaxilə cəhdlərini təsdiqləyib.

Amma təhqiqatçılar Donald Trump-ın seçki kampaniyası ilə Krem arasında əlaqələrə dəlil aşkarlaya bilməyiblər.

Mueller Trump-ın ədalətin əngəlləməyə çalışmasına dair birmənalı qənaətə gəlməyib.

Moskva isə digər ölkələrdə seçkilərə müdaxilə ilə bağlı deyilənləri inkar edir.

XS
SM
MD
LG