Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:31

Nemət Kərimlidən şikayət verildiyi təsdiqlənib


Nemət Kərimli, 2016
Nemət Kərimli, 2016

Vəkil Nemət Kərimli barədə Vəkillər Kollegiyasına verilmiş şikayətə qurumun intizam komissiyasında baxılır.

«Turan» agentliyinin xəbərinə görə, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sənan Şirinov məlumat verib.

Lakin vəkildən kimin şikayət verdiyi barədə S.Şirinov bir söz deməyib. «Bu məlumat konfidensialdır. Şikayətin detallarını yalnız vəkilin özü və komissiya bilir», - Şirinov bildirilib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan məlumat almaq mümkün olmayıb.

N.Kərimli isə ondan verildiyi bildirilən şikayətlə sabah, dekabrın 10-da tanış olmalıdır. Bu barədə AzadlıqRadiosuna vəkil N.Kərimlinin özü məlumat verib. Onun sözlərinə görə, onu Kollegiyaya şikayətlə tanış olmaq üçün dəvət ediblər: «Baş Prokurorluq məndən şikayət verib. Detalları, hələ ki, bilmirəm. Çox güman ki, Tofiq Yaqubluya işgəncə verilməsi ilə bağlı verdiyim müsahibəyə görədir. Sabah, dekabrın 10-da gedib şikayətlə tanış olacam».

Vəkil ondan şikayət edildiyini bildirir

Azərbaycan Baş Prokurorluğunun Vəkillər Kollegiyasına bu qurumun üzvü Nemət Kərimlidən şikayət etdiyi bildirilir. Bu barədə məlumatı Nemət Kərimli-nin özü də təsdiq edib.

Vəkilin dediyinə görə, şikayətlə əlaqədar Vəkillər Kollegiyasının İntizam Komissiyası-ndan ona telefonla zəng edib bildiriblər.

Nemət Kərimlinin sözlərinə görə, şikayətin detalları haqqında ətraflı məlumat verməsələr də, bunun yalnız onun sosial şəbəkələrdə “Tofiq Yaqublu haqqında” çıxışları ilə bağlı olduğunu deyiblər.

Vəkil Nemət Kərimli Tofiq Yaqublunun işgəncə aldığını deyir
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Vəkil qeyd edib ki, o, bu ilin oktyabrında müxalif siyasətçi Tofiq Yaqublunun Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyası zamanı saxlanaraq inzibati həbs edilməsi ( 30 sutka) zamanı işgəncəyə məruz qalması ilə bağlı şikayətini açıqlayıb. O hesab edir ki, vəkil kimi müdafiə etdiyi şəxsin xahişini yerinə yetirməyə və həbs olunanın işgəncə barədə bəyanatını açıqlamağa borclu olub.

Onun bu dediklərinə, hələlik, Vəkillər Kollegiyası və Baş Prokurorluqdan hər hansı münasibət almaq mümkün olmayıb. Amma rəsmi qurumlar Tofiq Yaqublunun işgəncəyə məruz qalması ilə bağlı şikayətini heç də əsaslı saymayıblar.

Bu il oktyabrın 19-da Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaya cəhd edib. Həmin vaxt həm saxlananlar, həm də saxlandıqdan sonra inzibati qaydada həbs edilənlər olub.Onlar əsasən razılaşdırılmamış aksiyaların təşkilində və polisin qanuni tələbini yerinə yetirməməkdə ittiham ediliblər.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli də saxlandıqdan sonra polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Amma sonradan Baş Prokurorluq açıqlama yayaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin özü-özünə xəsarət yetirdiyini iddia etmişdi.

Həmin aksiyada Milli Şura tərəfdarları “ siyasi məhbuslara azadlıq” və başqa şüarlar səsləndirmişdilər.Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Xatırlatma

Son illər Vəkillər Kollegiyasına edilən şikayətlərlə bağlı bir sıra vəkillərin bu qurumda fəaliyyəti dayandırılıb. Onların arasında Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışov, Yalçın İmanov və İradə Cavadova kimi vəkillər olub.

Həmin vəkillərdən Yalçın İmanovun Vəkillər Kollegiyasından xaric edilməsi də işgəncə şikayəti ilə bağlanılırdı.

Onda qurumun Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılmışdı. Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması ilə bağlı şikayətini yaymışdı. Penitensiar Xidmətin vəkildən şikayətində isə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi, Qobustan həbsxanasında saxlanan Abbas Hüseynova işgəncə verilməsi haqqında əsassız məlumat yaymaqla ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışıb.

Bir sıra hüquq müdafiəçiləri sözü gedən vəkillərin Vəkillər Kollegiyasından xaric edilməsini siyasi sifariş nəticəsində müstəqil vəkillərin cəzalandırılması kimi dəyərləndiriblər.

Amma öz növbəsində Vəkillər Kollegiyası vəkillərin cəzalandırılmasını onların qanunvericiliyin normalarını pozması ilə izah edir.

Penitensiar Xidmət də bir qayda olaraq məhbusların işgəncələrə məruz qalması ilə bağlı iddiaları yalanlayır. Qurumdan bildirildiyinə görə, məhbuslar qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanır.

Ötən ilin aprelində isə yenə Baş Prokurorluğun şikayəti əsasında Nemət Kərimlinin vəkillik fəaliyyəti 1 illik dayandırılmışdı.Onda da vəkil jurnalist Əfqan Muxtarlının işini siyasiləşdirməkdə günahlndırılırdı.

XS
SM
MD
LG