Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:38

Astarada iş adamı: 'Niyə mağazalarda, marketlərdə borc dəftərləri var?'


Rafiq Cəfərov
Rafiq Cəfərov

“Kənd təsərrüfatında əkilməmiş torpaqlar göz deşir”

Rəsmi açıqlamalarda Azərbaycanın bir sıra cənub rayonları iqtisadi baxımdan zəif rayonlar sırasında təqdim edilir.

İş adamı Rafiq Cəfərov isə Astara rayonun müqayisəsində rəsmi rəqəmlərin özünü şübhəli sayır. O qeyd edir ki, Astara rayonunun təxminən 100 min nəfər əhalisi var:

“Belə çıxır ki, rayonda 9 ayda 100 milyon manatdan çox məhsul istehsal olunub? Harada bu qədər məhsul istehsal olunub? Sənaye yox, fabrik yox. Kənd təsərrüfatında da əkilməmiş torpaqlar göz deşir. Bu qədər gəliri varsa insanlar nə üçün dilənçi kökündə yaşayır? Niyə mağazalarda, marketlərdə borc dəftərləri var?”

“Konserv zavodı bağlanıb”

Astarada, fəaliyyəti dayanan müəssisə
Astarada, fəaliyyəti dayanan müəssisə

Onun sözlərinə görə, rayonlarda iqtisadi geriləmə 2015-ci ildən başlanıb:

“Həmin ildən rayonda konserv zavodu bağlanıb. Özümdən götürürəm. Əvvəllər təsərrüfatımda mövsüm vaxtı 30-40 nəfər işləyirdi. Günə 6-7 ton çörək istehsal edən sexlər, un dəyirmanı, benzin doldurma məntəqəsi, hamısı bağlandı. Bu gün mənim 2-3 nəfər işçim var. Biz 2015-ci ilin səviyyəsinə çatmamışıq. Ağsuda konserv zavodu var, feyxoa cemi hazırlayır. Məndən məhsulun kiloqramını 15 qəpikdən götürür. Bunun daşınma xərci var. Bu qiymətlə nə artım ola bilər?”

“İnsanlar Bakıya fəhləliyə gedirlər”

İş adamının fikrincə geriləmənin əsas səbəbi daxili bazarın qorunmamasıdır:

“İstehsal olunmuş məhsulu satmaq üçün bazar yoxdur. Azərbaycanın daxili bazarı qorunmur. Bizdə naringi yetişəndə bazarı xarici məhsullarla doldururlar. Qiymət düşür aşağı. Bütün bunlar əkinçini torpaqdan uzaqlaşdırır. Yüz hektarlarla sahələr əkilməmiş qalıb. İnsanlar Bakıya fəhləliyə gedirlər. Əslində rayonların hamısında geriləmə var, iri sənaye obyektləri olan şəhərlərdən başqa. Geriləmə davam edəcək. Rəqəmləri şişirtməsələr, real mənzərə məlum olar.”

“Tikiş fabriki açdılar, bir az işlədi, sonra bağlandı”

İxtisasca iqtisadçı olan iş adamı Yunus Orucov da geriləmənin səbəbini rayonlarda kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sənaye obyektlərinin azlığında görür :

“Kənd təsərrüfatı yaxşı inkişaf etmir. Rayonlarada ümumi daxili məhsul azalanda yoxsuluğun səviyyəsi də qalxar. Sovet dövründə Lənkəranda 100-ə yaxın kənd təsərrüfatı məhsulu emal edən müəssisə var idi. İndi yoxdur.Tikiş fabriki açdılar, bir az işlədi, sonra bağlandı. Bu rayonlarda az miqdarda istehsal olunan məhsullar da rəqabətə davamlı deyil. Limon, naringi ilə nə qədər pul qazanmaq olar?”

“Yaşıl cay yarpağı istehsalı hələ 90-cı ilin səviyyəsinə çatmayıb”

Onun fikrincə, rentabelli sahələri inkişaf etdirmək daha məqsədə uyğundur:

“Rentabilli olan çayçılığı inkişaf etdirmək lazımdır. Yaşıl cay yarpağı istehsalı hələ 90-cı ilin səviyyəsinə çatmayıb. Çay kolu 7 ildən sonra məhsul verir. Neçə-neçə 7 ili yola salmışıq. Ortada ciddi nəticə yoxdur. Astarada 1-2 çay fabriki işləyir. İldə 300-400 ton yaşıl çay yarpağı istehsal edir. Sovet dövründə Astara rayonunda 7 min ton yaşıl çay yarpağı istehsal olunardı. Bu sahədə əmək qabiliyyətli əhalinin 30 faizi çalışardı. Hələ bir rayonu deyirəm. Masallıda sənaye məhəlləsi yaradılıb. Əslində bu rayonda məhsul istehsalı artmalı idi. Amma azalma gedib. Əvəzində rayonlarda görün nə etdilər? Süni şəkildə bir çox təşkilatlarda işçilərin sayını artırdılar. Güya işsizliyin qarşısını alırlar. Bu yanlış addımdır. Bunlar ümumi daxili məhsulun artımına mənfi təsir göstərir.”

“Son dövrlərdə kənd təsərrüfatında uğurlar var,...”

Habil Məlikov
Habil Məlikov

Amma cənub rayonlarındakı icra hakimiyyətləri təmsilçiləri fərqli fikirdədirlər. Məsələn Lerik rayon İcra Hakimiyyəti başçısının birinci müavini, iqtisadçı Habil Məlikov problemlərin həlli istiqamətində işlərin getdiyini söyləyir:

“Əsas səbəbi odur ki, bizdə istehsal müəssisələri yoxdur. Lerik dağ rayonudur, dotasiya ilə yaşayır. Amma Lənkəran elə deyil. Lerik 97 faiz büdcənin hesabınadır. Son dövrlərdə kənd təsərrüfatında uğurlar var, o da istənilən səviyyədə deyil. Gərək istehsal olsun ki, sata bilək, gəlir əldə edə bilək.Sovet təsərrüfat sistemi dağılıb. Yenisi isə, hələ tam yaradılmayıb.Vaxtı ilə Leirkdə 2500 hektar üzüm sahəsi olub. İstəsək də, istəməsk də Lerikdə sənaye yox, kənd təsərrüfatını inkişaf etdirməliyik.”

“Azərbaycanda ən böyük broyler müəssisəsi bizdədir”

Arxiv foto
Arxiv foto

Onun sözlərinə görə Lerik rayonunda fəaliyyət göstərən istirahət mərkəzlərinin, müəssisələrin heç də hamısı onlarda qeydiyyatda deyil:

“Bizdə 13 turizim müəssisəsi, kərpiç zavodu, broyler fabriki var. Azərbaycanda ən böyük broyler müəssisəsi bizdədir. Onlar Bakıda qeydiyyatdadırlar. Onların gəliri bizə daxil deyil. Ümumi daxili məhsulda onların payı görünmür. Ancaq rayon sakinləri orada işləyirlər, əmək haqqı alırlar.”

“İqtisadi artım olub”

Müavinin söyləməsinə görə, cari ilin 9 ayında iqtisadi artım olub:

“Bizdə bu ilin 9 ayında adambaşına düşən ümumi daxili məhsul 12,4 faiz artıb. Bunun da səbəbləri var. Son ildə Lerik rayonunda tikinti sahəsində böyük layihələr həyata keçirildi. Cənab Prezident tərfindən yol tikintiləri üçün ümumilikdə ayrılan 41 milyon vəsaitin təsiridir. Lerikə gələn pul idi, bizim insanlar orada işləyib. Bu il 14 modul tipli, iki 180 yerlik məktəb tikildi. Bir iş adamı tərəfindən 4 mərtəbəli 900 yerlik otel tikilib. Bunların artıma təsiri olub...”

XS
SM
MD
LG