Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:53

Mehriban Əliyeva Azərbaycanda rus dilinin 'qorunması'ndan danışır


Dmitri Medvedev (solda) və Mehriban Əliyeva
Dmitri Medvedev (solda) və Mehriban Əliyeva

“Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük hörmətlə yanaşırlar. Bizim ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb, 338 məktəbdə tədris rus dilində aparılır, 14 ali məktəbdə rus dilində bölmələr var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi pilot layihəsi uğurla həyata keçirilir”. Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiyanın Baş naziri Dmitri Medvedevlə görüşündə deyib.

Mehriban Əliyeva iki ölkə arasında turizm sahəsində yaxşı göstəriciləri olduğunu, Rusiyadan Azərbaycana gələn turistlərin sayının artdığını vurğulayıb. “Ötən il 900 min rusiyalı Azərbaycanda olub”, – o deyib.

Birinci vitse-prezident Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutduğunu qeyd edib.

“Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır. Ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Bu göstəricilər olduqca nikbindir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür”, – M.Əliyeva bildirib.

Dmitri Medvedev isə çıxışında Azərbaycanın nümayəndə heyətinin səfər proqramının zəngin olduğunu vurğulayıb, bu gün – noyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin-lə görüş keçiriləcəyini, 10-cu Rusiya-Azərbaycan Regionlararası Forum təşkil olunacağını qeyd edib.

Mehriban Əliyeva səfər çərçivəsində noyabrın 23-də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) “Azərbaycan pavilyonu”na da baş çəkməlidir. Pavilyonun bu yaxınlarda yenidən qurulduğu xəbər verilir.

Birinci vitse-prezident noyabrın 21-də Moskvada Naməlum əsgərin abidəsinə əklil qoyub.

Prezident İlham Əliyevin xanımı birinci vitse-prezident postuna 2017-ci ilin fevralında təyin olunub. Bundan öncə, 2016-cı ilin sentyabrında keçirilən konstitusiya referendumunda səsverməyə çıxarılan dəyişikliklərdən biri vitse-prezident vəzifəsinin təsis edilməsi idi. Prezident istefaya gedərsə, onun vəzifəsini həyat yoldaşı icra etməyə başlayacaq.

Konstitusiyaya son dəyişiklikləri yerli və beynəlxalq hüquq müdafiə təşkilatları “mürtəce” adlandırmış, hakimiyyətin bir ailənin əlində cəmləşməsi kimi dəyərləndirmişdilər.

Hakimiyyət isə bunu islahat kimi təqdim edir. Onların fikrincə, bu hakimiyyətin daha çevik idarə edilməsinə şərait yaradır.

XS
SM
MD
LG