Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:40

Zahid Oruc: ‘...mənim aləmimdə korrupsiya ilə mübarizə ümumxalq işidir’


Yahid Oruc, 27 sentyabr 2011
Yahid Oruc, 27 sentyabr 2011

Azərbaycanda korrupsiya ilə mübarizə varmı və varsa bu hansı səviyyədədir?
Prezident yanında Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc hesab edir ki, korrupsiyaya ilə mübarizə daimi prosesdir.
Zahid Orucun sözlərinə görə, son illərdə Azərbaycanda korrupsiyaya qarşı tədbirlər daha da intensivləşib, geniş miqyas alıb və təsirli nəticələri də ortadadır:

“ 2015-ci ildən sonra hökumətdə yer alan konkret şəxslərə qarşı həyata keçirilən addımlar sahibkarlığı, iqtisadi-sosial sferanı əhatə edən böyük miqyaslı problemlərin mühüm hissəsini azaltmağa imkan verdi. Ardınca gömrük-vergi sistemində də köklü dəyişikliklərə gedildi və bu da artıq hiss olunan səviyyədədir ki, ölkənin ixrac-idxal əməliyyatları şəffaf səviyyəyə çatmaqdadır. Bu yöndəki işlər sahibkarlar tərəfindən müsbət qiymətləndirilir”.

“Biz ilk növbədə məsələnin nüvəsində dayanan problemi önə çəkməliyik”

Zahid Oruc düşünür ki, önəmli məsələlərdən biri korrupsiyanın bəzən yeminə çevrilən ictimai vəsaitlərin xərclənməsində ünvanlığı təmin etməkdir:

“ Xüsusən Rabitə və İnformasiya Texnologiyaları ( 2014-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adını alıb. 2017-ci ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanır-red) çevrəsində böyük vəsaitlərin müxtəlif süni qurulmuş yaxın müəssisələrə verilməsi tender proseslərinin düzgün aparılmamasının göstərcisidi idi. Ümumiyyətlə, dövlətsatınalmaları və tenderin həyata keçirilməsi ilə bağlı işlər istiqamətində də müəyyən addımlar atılıb. Bizdə olan məlumatlara görə dövlət səviyyəsində bu yöndə daha yeni addımlar atılacaq. Doğrudur, bir sıra ölkələrdə sahibkarlıq subyektləri də korrupsiya pozmalarında bir tərəf kimi qəbul olunurlar, məsələn, külli miqdarda vergidən yayınma. Ancaq biz ilk növbədə məsələnin nüvəsində dayanan problemi önə çəkməliyik. Bu mənada mənim aləmimdə korrupsiya ilə mübarizə ümumxalq işidir. Bu mübarizə yalnız dövlət idarəetmə sistemində konkret qurumlar, yaxud prokurorluqda formalaşan hansısa idarələr vasitəsilə aparılmamalıdır. Bu gedişatda medianın da mühüm rolu var, amma bir sıra hallarda bəzi mətbuat orqanlarının özləri korrupsiyanın subyektinə çevrilməyə can atırlar. Ya da sistemin əsas elementindən biri olan partiyaların, qeyri-hökumət təşkilatlarının (QHT) önəmli rolundan danışmalıyıq. Ən azı dünyada belədir. Amma o reallıqları da fərq etməliyik ki, bəzən müxtəlif partiyalar korrupsiya layihəsinə çevrilməyə çalışırlar. Əsasən də formalaşma mənbəyi çirkli pullar olur, yaxud da hökumətdən korrupsiya cinayətlərinə görə qovulanlar reablitasiyalarını həmin qüvvələrin vasitəsilə tapırlar”.

“Əgər belə olarsa,…”

Mərkəz rəhbəri korrupsiya ilə mübarizənin vahid səngərdən aparılmalı olduğunu düşünür:

“Bu səngərdə bütün qüvvələr ideioloji mənsubyyətindən, dini və qeyri-dini etiqadı daşımağından asılı olmayaraq yer almalıdır. Əlbəttə, təsirli tədbirlərdən biri kimi 2001-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” qanunvericiliyin 18-ci maddəsinin 9-cu bəndi işləklik qazanmalıdır və onun mexanizmi hazırlanmalıdır. Bu da müəyyən qədər gəlirlərin deklorasiyasının ortaya qoyulmasıdır. Əgər belə olarsa, xeyli dərəcədə şəffaflığa imkan yaradacaq, kimsə öz varını göstərməkdən çıkinməyəcək və cəmiyyət də hər kəsin varlanmaq hüququnu tanıyacaq. İkinci, iqtisadi sferada bir sıra qanunvericilik aktlarının qəbulu gücləndirilməlidir ki, hökumətdə olanlar bu və ya digər formada iqtisadi həyatada iştirak etməsinlər. Dövlətin və onun liderinin məramı bundan ibarətdir. Hesab edirəm ki, Azərbaycanla bağlı bu dəyərləndirmələri xarici qurumlar da nəzərə almalıdırlar, çünki bu müddətdə dəyişiklikləri görmədən keçmək olmaz. Axı ayrı-ayrı məmurlarla bağlı xarici mediada gedən faktları bütöv ölkənin mənzərəsi kimi təqdim etmək, güclü dəyişiklikləri sükutla qarşılamaq, ona münasibət bildirməmək sübut edir ki, bir sıra dövlətlər sadəcə, Azərbaycanın ləkələnməsində maraqlıdırlar və bunda da müxtəlif iqtisadi, geopolitik maarqlarını həyata keçirmək niyyəti güdürlər”.

“…Addımlar korrupsiyanın əhatə etdiyi bütün sahələri qarşılamır”

Azər Mehtiyev,12 aprel 2012
Azər Mehtiyev,12 aprel 2012

İqtisadçı Azər Mehtiyev də AzadlıqRadiosuna deyib ki, korrupsiya ilə mübarizə mürəkkəb prosesdir:

“Bir tərəfdən əhaliyə göstərilən dövlət xidmətlərinin əlçatanlılığı istiqamətində xeyli addımlar atılıb. ASAN-Xidmətin yaranmasından başlamış müxtəlif xidmətlərin elektronlaşdırılması daxil olmaqla. Təbii ki, bunlar korrupsiyanın qarşısının alınmasında çox ciddi qərarlardır. Amma bu addımlar korrupsiyanın əhatə etdiyi bütün sahələri qarşılamır, xüsusən bu gün əsas korrupsiya elementi iqtisadi sferada özünü göstərir. Söhbət dövlət büdcəsi vəsaitinin istifadəsi, dövlət qurumlarının büdcə xərcləmələri üzərində nəzarətin təmin edilməsi, iri dövlət layihələrinin monitorinqinin aparılması, dövlət satınalmalarında maraqların, konfliktlərin aradan qaldırılmasından gedir”.

İqtisadçının fikrincə, əhalini geniş təbəqələrini narazı sala biləcək məişət səviyyəsində korrupsiyaya ilə mübarizə aparılıb:

“ Büdcə resurslarından istifadə sahəsində korrupsiyaya qarşı mübarizəyə çox ciddi ehtiyac var. Eyni zamanda, korrupsiyanın başlıca elementi dövlət məmurlarının sahibkarlıqla məşğul olmasıdır, onların gəlirlərinə kifayət qədər nəzarət olunmadığından nəinki onlar büdcə vəsaitlərini əldə etmək imkanı qazanırlar, həm də özləri də qanunsuz sahibkarlıqla məşğul olurlar”.

XS
SM
MD
LG