Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:31

İqtisadçı neftin qiymətində qırmızı xəttdən danışır


Neft
Neft

Oktyabrın 18-dən etibarən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropadan idxal edilən bir sıra məhsullara yeni idxal vergisi tətbiq edəcəyi gözlənir.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov bildirib ki, bu birjalara təsir göstərəcək.

İqtisadçı vurğulayıb ki, ABŞ Avropadan idxal edilən şərab, viski, pendir və bir sıra başqa məhsullara yeni idxal vergisi tətbiq etməyi nəzərdə tutur:

“Bu günlərdə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edən Trump Administrasiyası Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan idxal edilən sərnişin təyyarələrinə 10 faiz rüsum tətbiq etmək niyyətindədir. Habelə, İrlandiya, Şotlandiya viskiləri və digər Avropa məhsullarına 25 faiz rüsum tətbiqi nəzərdə tutulur”.

İxracda xam neftin payı:81 faiz

V.Bayramovun iddiasına görə, bu, qlobal ticarət savaşının yeni mərhələyə qədəm qoyması anlamına gəlir. Onun fikrincə, 2020-ci ildə iqtisadi artım tempinin azalması gözlənir.

İqtisadçı hesab edir ki, ticarət savaşları yeni qlobal iqtisadi böhran üçün ciddi əsaslar yaratmaqdadır:

“Yeni qlobal ticarət savaşı artıq birjalara, neftin qiymətinə təsir göstərməkdədir. Neftin qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan çox vacibdir. Ölkəmizin ixracatında xam neftin payı 81 faiz, enerji məhsullarının ümumi payı isə 90 faizə yaxındır. 2019-cu il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub. Mövcud tendensiya heç də nikbin notlar formalaşdırmır ( Gələn ilin büdcə layihəsində neftin bir barelinin qiyməti 55 dollar götürülüb) ”.

Vüqar Bayramov - 17 yanvar 2014
Vüqar Bayramov - 17 yanvar 2014

Neftin qiymətində qırmızı xətt

Ekspert xəbərdarlıq edib ki, neftin qiymətində Azərbaycan üçün fiskal (büdcə-vergi) qırmızı xətt 60, monetar (pul-kredit) qırmız xətt isə 50 dollardır:

“Bu baxımdan, neftin qiymətindəki azalmalar monetar baxımdan da arzuolunan deyil. Neftin qiymətində azalmalar da davam edərsə, bu dünya bazarında dolların möhkəmlənməsinə səbəb olacaq”.

İqtisadşı vurğulayıb ki, belə olan halda Azərbaycanda da dollara tələbin artacağı istisna edilmir:

“Hər halda, qlobal ticarət savaşı nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələr üçün də yaxşı nə isə vəd etmir”.

XS
SM
MD
LG