Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Vəziyyət yaxşıdırsa, hökumət rəsmiləri bahalığı niyə tənqid edirlər?


Elina Hacıyeva məhkəməsi: Direktorun cəzası yüngülləşdirilir?
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Elina Hacıyeva məhkəməsi: Direktorun cəzası yüngülləşdirilir?

Son bir ildə Azərbaycanda əhalinin əksər qruplarının maaş və pensiyaları bir qədər artırılıb. Bəs bu artımı camaat öz real həyatında hiss edirmi? Yoxsa, bir tərəfdən də mal və xidmətlər bahalaşır?

Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə inflyasiya 2,6 faiz olub.

Rəsmi məlumatda deyilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları təqribən 3 faiz, qeyri ərzaq məhsulları isə bu ötən bir ildə bir faiz bahalaşıb.

Amma dövlət statistikasına şübhə edənlər var.

Dükan sahibi İqamət Əliyev deyir ki, əksər mallar getdikcə bahalaşır, alan isə azalır:

“Əvvəl zeytun yağı 8 manata idi, indi olub 12 manata. Yeddi manata olan çay olub 9 manata. Mağazaya hər mal gələndə 5-10 qəpik artır. Alver ildən ilə zəifləyir. Birinci səbəb işsizlikdir. İş ola ki, camaatda pul olsun. İşsizliyin həddi-hüdudu yoxdur”.

Rəsmi “Azərbaycan qəzeti” yazır ki, bu il sosial islahat paketləri çərçivəsində maaşların artımına 2,3 milyard manat sərf olunub.

Tənqidçi iqtisadçılar deyir ki, manat kütləsinin artması onun dəyərdən düşməsinə, inflyasiyaya səbəb ola bilər.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı Azər Mehdiyev deyir ki, builki sosial paketin qiymət artımına təsirinin olmaması inandırıcı görünmür. Azər Mehdiyev alternativ qiymətləndirmə təklif edir.

İqtisadçı hesab edirlər ki, əhalinin rifahının yaxşılaşmasının bir göstəricisi də insanların nə qədər pulu yığıma yönəltməsidir. Azərbaycanda bu göstərici azalır:

“Dövlət Statistika Komitəsinin məlumatlarına baxsaq görərik ki, 2015-ci ilə qədər əhalinin yığıma yönəltdiyi vəsait 10 milyard manata çatırdısa, son məlumata görə, yəni 2017-ci ilə olan məlumata görə, bu, 3 milyard manata enib. Gözlə görünən odur ki, son illər yığımlar artmayıb, əksinə, əhali əvvəlki illərdə yığdığı vəsaiti də istehlaka yönəldib. Bu isə xərclərin daha sürətlə artmasının göstəricisidir”.

Əgər inflyasiya 2-3 faiz olsaydı

Azər Mehdiyev deyir ki, əgər rəsmi inflyasiya deyildiyi kimi 2-3 faizlik olsaydı, onda niyə hökumət üzvləri özləri "süni qiymət artımları" ilə bağlı tənqidlər edirdilər? Normal halda 2-3 faizlik inflyasiya iqtisadi artım üçün az qala ideal vəziyyət hesab olunur.

Onun sözlərinə görə, hazırda inflyasiya çoxlu sayda mal və xidməti nəzərə alaraq hesablanır, halbuki, beynəlxalq təcrübədə də önəmli olan əsas mal və xidmətlərin qiymətinin necə dəyişməsini hesablamaqdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Son bir ildə qiymətlər nə qədər bahalaşıb?
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Hakimiyyət rəsmiləri bildirirlər ki, maaş və pensiyaların artması əhalinin xoş gələcəyinə yönəlib. Rəsmi Azərbaycan qəzeti bu ayın 8-də bu barədə yazır:

“Prezident İlham Əliyevin son 6 ayda böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının xoş gələcəyinə hesablanmış qətiyyətli siyasətin təzahürüdür”.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov isə deyir ki, bazara əlavə pul kütləsinin çıxarılması əlavə inflyasiya yaradan səbəb ola bilər. Onun fikrincə, idxaldan asılılıq da hazırda Azərbaycanda inflyasiya yarada biləcək səbəblərdən biri sayılır:

“Mümkün qədər təklif bolluğu təmin olunmalıdır. Təklif nə qədər artarsa, oyunçuların bazarda sayı nə qədər artarsa, istehsalçıların sayı bazarda nə qədər artarsa, bu da inflyasiya riskini bir o qədər azaldar. Bundan başqa, vergi siyasəti, gömrük siyasəti də dəyişməlidir. İstənilən halda, Azərbaycan bundan sonrakı dövrlərdə də inflyasiya risklərini azaltmaq üçün liberal iqtisadi mühiti təmin etməlidir".

Əhalinin pul gəlirləri hələ getdikcə artacaq. Sentyabrın 1-dən ölkədə orta aylıq əmək haqqı da qaldırılıb. Sosial islahat paketi çərçivəsində gələn il isə bazara daha üç milyard manat atılacaq. Ümumilikdə hökumət bu artımın 4.2, milyon vətəndaşı əhatə etdiyini deyir.

Müstəqil iqtisadçılar isə hökuməti artımlarda ehtiyatlı olmağa, pulun dəyərsiz olmaması üçün tədbirlər görməyə çağırırlar.

XS
SM
MD
LG