Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:51

Prokurorluq Gəncə hadisələriylə bağlı fikrini dəyişdi


Həbs
Həbs

«İğtişaş etməyiblər, buna cəhd göstəriblər».

Gəncə hadisələrinə görə həbs olunmuş şəxslərdən 8 nəfərlik daha bir qrupun işində yenilik var. Ötən il Gəncədə icra başçısının güllələnməsindən bir həftə sonra - iyulun 10-da keçirilən aksiyanın təşkilində suçlanan Eyruz Hacıyev, Gülmirzə Nuruzadə və daha 6 nəfərin işində prokurorluq bu ittihamdan imtina edib.

Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində onların işinə baxılarkən prokuror Ceyhun Əliyev təqsirləndirilən şəxslərdən 7 nəfərə CM-nin 220.1 (kütləvi iğtişaşların təşkili) maddəsi ilə verilən ittihamın dəyişdirilib, CM-in 29.220.1 (kütləvi iğtişaşlarda iştiraka cəhd) maddəsinə tövsif olunmasını istəyib. Yalnız Sumqayıt Dövlət Universitetinin müəllimi Elman Quliyevə münasibətdə ittihamın olduğu kimi saxlanmasını təklif edib.

Prokuror təqsirləndirilən şəxslərin cəzasının da azaldılmasını istəyib. O, E.Quliyevin üzərindəki ittihamın dəyişməsini uyğun bilməsə də, cəzasının 8 ildən 7 ilə endirilməsini təklif edib. Digər 7 nəfər təqsirləndirilənə gəlincə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin onlara kəsdiyi cəzaların da azaldılmasını - Eyruz Hacıyev və onun bibisi oğlu Səbuhi Rəcəbova 5 il 6 ay, Riya Nuruzadə, Sabir ƏzizovFikrət Mirzəliyevə 5 il, Cabir Əzizov Gülmirzə Nuruzadəyə isə 4 il 6 ay həbs cəzası istəyib.

«Heç olmasa, birini buraxın»

Vəkillər isə bu təkliflə də razılaşmayıblar. Onlar hüquqlarını müdafiə etdikləri şəxslərin ümumiyyətlə, heç bir cinayət törətmədiklərini bildirərək bəraət verilməsini istəyiblər.

S.Əzizovun vəkili hakimlərdən xahiş edib ki, qərar verəndə adamların ailəsinin ağır durumunu da nəzərə alsınlar: «Sabir Əzizovu radikal dini qrupun üzvü kimi təqdim edirlər. Bu adamı tutanda içkili olub. Qisas bu dərəcədə olmaz. Ata birinci qrup əlildir, ana 180 manata xadimə işləyir. Evə çörək gətirən iki oğul vardı, onları da tutub basıblar içəri. İnsanlıq xatirinə, onların heç olmasa, birini buraxın, evi dolandıran olsun. Bu ailə elə vəziyyətdədir ki, evlərində döşəmə belə yoxdur, torpağın üstündə gəzirlər».

Vəkillər çıxışlarında deyiblər ki, həbs olunanlara «Yunis Səfərova dəstək aksiyası təşkil etmək» ittihamı verilib. Amma istintaq Y.Səfərovun polis idarəsində işgəncəyə məruz qaldığını göstərən şəkilləri yayanları tapıb cəzalandırmayıb.

E.Quliyevin vəkili çıxışında deyib ki, Gəncə hadisələri ilə əlaqədar prezidentə yanlış informasiya çatdırılır. Vəkilin sözlərinə görə, Elmanın atası Telman Quliyev Heydər Əliyevin seçki qərargahının sədri olub, indi də YAP-ın üzvüdür.

«Bu gün xalq qalıb bir qrup cinayətkarın əlində. Yuxarıya ya yalan danışıb imkan vermirlər, aşağıya da zülm edirlər. Gəncə işində insanların kişiliyini təhqir elədilər. Bu qədər qəddarlıq olmaz. Gəncə hadisələrini törədənlər bu gün dövlətdə təmsil olunan bir neçə nəfərdir. Bir dənə sübut ortaya qoymadan Elmana təşkilatçılıq ittihamı veriblər», – vəkilin sözləridir.

Məhkəmə avqustun 23-də təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsinə dair məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, 8 qrupun işi məhkəməyə göndərilib. Bu qruplarda ümumilikdə 60 nəfər təqsirləndirilən şəxs var. Onlardan da 6 qrupa hökm oxunub, həmin işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Daha 2 qrupun işi üzrə birinci instansiya məhkəməsində araşdırmalar davam edir.

«Gəncə işi» üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Həbs olunanlar məhkəmədə saxlanılarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG