Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:28

'Kaspi Liseyi' işi: 'Maaşım 1200 idi, 173 manatını kartla alırdım'


Manat
Manat

"Kaspi Liseyi ümumtəhsil məktəbi” MMC-də 564 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi açılıb. Bu cinayət işində ölkə prezidentinin köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyeva-nın da adı keçir. O, "Kaspi Liseyi"nin təsisçisidir. Yarım milyon manatdan artıq mənimsəmədə suçlanan Tural Məmmədov deyir ki, əslində, rəqəm təxminən iki dəfə aşağıdır. Amma iddiasına görə, S.Vəliyeva onu aldadaraq, 560 mini mənimsəməsi barədə izahat alıb. Sonra da həmin izahatdan ona qarşı istifadə olunub.

Tural Məmmədov "Kaspi Liseyi ümumtəhsil məktəbi" MMC-nin Bakıxanov filialında baş mühasib olub. Bu işə görə cinayət məsuliyyətinə cəlb olunan digər təqsirləndirilən Fərahim Möhbalıyev də həmin filialda mühasib işləyib.

564 min manatın mənimsənildi bildirilir

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Bu vəsaitin 565 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə qarşı 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham irəli sürülüb.

Bu cinayət işi "Kaspi Liseyi ümumtəhsil məktəbi” MMC-nin direktoru Elnur Əliyevin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciəti əsasında başlanıb.

Təqsirləndirilən Tural Məmmədov deyir ki, düzdür, pula ehtiyacı olduğu üçün vəsaitin bir hissəsini götürüb. Amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb. Onun sözlərinə görə, "Kaspi”də təhsil haqqı illərə və şirkətin müəyyən etdiyi şərtlərə görə dəyişir. I sinifdən IV sinfə kimi liseyə yeni qəbul olunan şagirdlərdən təhsil haqqı 2018/2019-cu tədris illəri üçün 5 min 900 manat, ondan yuxarı siniflər üçün isə 6 min 400 manat olub. İllik ödənişin 40 faizi qabaqcadan, qalanı isə hissə-hissə ödənilir.

Digər təqsirləndirilən F.Möhbalıyevin onunla əlbir olmadığını deyən T.Məmmədov deyir ki, pulun bir hissəsini şəxsi problemlərin həllinə, qalanını da "Tatlı dünyası" şirniyyat evinin təmirinə xərcləyib.

Sona Vəliyeva
Sona Vəliyeva

"Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, polis çağırıb, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim", – təqsirləndirilən T.Məmmədov belə ifadə verib.

‘Verdiyimiz qəbzlər rəsmi sənəd deyildi, saxta idi’

Mənimsənildiyi iddia olunan vəsaitlərin bir hissəsinin ödəyiciləri liseyin müəllimləri olub. O müəllimlər ki, övladları da orada təhsil alır. Onlar bildirir ki, hər ay maaşlarını alanda övladlarının təhsili üçün ödəməli olduqları aylıq məbləği onlardan çıxırdılar. Bu barədə qəbz almasalar da, onlara ödəniş haqda SMS göndərilirdi.

Müəllimlər məhkəmədə dindiriləndə "Kaspi Liseyi" MMC-də "qara mühasibatlıq" məsələsi ortaya çıxıb. Müəllimlər deyiblər ki, aylıq maaşları 1200-1500 manat olsa da, bunun çox az hissəsini rəsmi şəkildə kartla çıxarır, qalanını isə liseyin mühasibatlığından nağd alırdılar.

"İngilis dili müəlliməsiyəm. Oğlumun təhsilhaqqı üçün maaşımdan birinci ay 400, sonrakı aylarda 300 manat tutulurdu. Qəbz verilmirdi. Maaşım 1200 manat idi. Onun 173 manatını kartla alırdım", – şahid Aysel Əzimova belə deyib.

Liseydə Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləyən Vüsalə Səfərova da oxşar ifadə verib. Onun iki övladı orada təhsil alır. Deyir ki, aylıq maaşından 650 manat köçürürdü: "1100 manat maaş alırdım, 173 manatı kartla. Ödəniş barədə qəbz verilmirdi, SMS şəklində gəlirdi".

Şahid Laiq Məmmədyarov liseydə riyaziyyat müəllimidir. Bildirib ki, iki övladının ödənişi üçün aylıq 450 manat ödəyirdi. Özünün maaşı 1500 manat olub, bunun 500 manatını kartla, qalanını mühasibatlıqdan nağd alıb.

Təqsirləndirilən T.Məmmədov işçilərə maaşın bu şəkildə ödənilməsini təsdiqləyib. Bildirib ki, liseydə verginin azaldılması üçün "qara mühasibatlıq" vardı: "Sona Vəliyevanın göstərişi belə olmuşdu, biz də onun əsasında elə eləyirdik. Ödənişlərə görə qəbz verilməməsi də onun göstərişi idi. Çünki qəbzlər rəsmi sənəd deyildi, liseyin daxilində ‘Excel’ proqramında hazırlanan adi kağız parçası idi. Yəni saxta sənəd idi. Ona görə deyirdi ki, başqalarına versək də, öz işçilərimizə verməyək".

Bu cinayət işilə bağlı araşdırmalar davam edir.

T.Məmmədov və F.Möhbalıyevin ittiham olunduğu CM-in 179.4 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG