Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:53

Vəkil polisdə döyülüb?


Azərbaycan Vəkillər Kollegiyası
Azərbaycan Vəkillər Kollegiyası

Sosial şəbəkələrdə yayılan məlumat ciddi narahatlıq yaradıb

Vəkillər adını açıqlamadıqları bir həmkarlarının Binəqədi Rayonu Polis İdarəsinin 4-cü Polis Bölməsində zorakılığa məruz qalması barədə məlumat yayıblar. Sosial şəbəklərdə yayılan bu məlumatda qeyd edilir ki, müdafiə etdiyi şəxslə görüşməkdən ötrü bölməyə baş çəkən vəkil orada döyülüb və müvəkkilinin saxlandığı kameraya salınıb.

Qafqazinfo.az saytında isə yer alan bir məlumatda adı çəkilməyən həmin vəkilin Orxan Kəngərli olduğu iddia edilib. İşinə hər hansı məhdudiyyət yaranmamasını əsas gətirərək adının açıqlanmasını istəməyən bir başqa qaynaq da söhbətin Orxan Kəngərlidən getdiyini bildirərək AzadlıqRadiosu-na bunları söyləyib:

"Orxan Kəngərli hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək üçün polis bölməsinə gedib. Vəkil vəsiqəsini və orderi təqdim edib. Onu təhqir edərək, bölmədən çıxmasını tələb ediblər. Etirazını bildirəndə isə 4-5 nəfər tökülüşərək onu döyüb, saxlanılan şəxslərin olduğu yerə - müdafiə etdiyi adamın yanına salıblar. Axşama qədər saxlayıblar".

Vəkil Orxan Kəngərli AzadlıqRadiosu-na açıqlamasında vurğulayıb ki, bu məsələnin ictimailəşməsini istəmir: "Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu barədə məlumatlıdır və lazımi tədbir görəcək".

Anar Bağırov AzadlıqRadiosu-nun bu barədə sualını cavablarkən, konkret ad çəkmədən bildirib ki, Vəkillər Kollegiyası istənilən vəkilə qarşı qanundankənar hallarla bağlı öz mövqeyini ortaya qoyub və bundan sonra da elə davranacaq: "Biz bu cür hallara qarşı həssasıq. Vəkilin, vəkilliyin nüfuzuna heç kim zərbə vura bilməz. İndiyədək Azərbaycanda belə hal baş verməyib. Biz bu hadisənin də tam araşdırılmasını, təqsirkar şəxslərin sərt şəkildə cəzalandırılmasını tələb edirik. Bunun üçün bizdən asılı olan bütün zəruri addımlar atılacaq".

Kollegiya sədri hər hansı vəkilə təcavüzü özünə təcavüz saydığını da bildirib.

Daxili İşlər Nazirliyindən bu iddialarla bağlı rəy almaq mümkün olmayıb.

Orxan Kəngərli ötən il vəkilliyə qəbul edilən şəxslərdəndir.

--

DİN vəkilin polis bölməsində döyülməsi barədə deyilənlərə münasibət bildirib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya bildirib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və özünü müdafiə xarakteri daşıyır: “Məsələyə səbəb budur ki, Binəqədi qəsəbə sakini olan qadın mənzilindən oğurluq olması ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib. Bölmə əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin qadının qohumu olan bir şəxs şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs oğurluq əməli törətdiyini etiraf edib. Oğurladığı pulun bir qismini maddi sübut kimi istintaqa təhvil verib.

Həmin gün oğurluq törətməkdə şübhəli bilinən şəxsin tanışı olan, özünü və müvafiq orderi təqdim etməyən vəkil araşdırmanın gedişatına, nəticələrinə əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və şöbənin normal iş rejimini pozub”.

Rəis müavini daha sonra bunları əalvə edib: “Araşdırma zamanı onun vəkil Orxan Kəngərli olduğu məlum olub. Onun hərəkətlərinin yolverilməz olduğu özünə bildirilib. Əməli ilə bağlı hadisə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib”.

O.Mansurzadə qeyd edib ki, vəkil törətdiyi hüquqazidd əməllərini ört-basdır etmək və özünü sığortalamaq üçün bu cür qərəzli məlumatlar yayıb.

Həmin maddə ilə ittiham subuta yetersə vəkilə 15 günə qədər inzibati həbs cəzası verilə bilər.

Buna da bax: Adil İsmayılov izahat yazmaqdan imtina edib

XS
SM
MD
LG