Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:49

Adamlar prezidentdən daha nə gözləyirlər?


Bakı bulvarında görüş, 18 fevral, 2019-cu il
Bakı bulvarında görüş, 18 fevral, 2019-cu il

Prezidentin martın 16-da imzaladığı sərəncamla əfv olunan 431 nəfərdən 51-i ictimai fəalların “siyasi məhbus” adlandırdığı adamlardır.

Onların arasında məsələn, 2016-cı ildə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramına yox” yazmış Qiyas İbrahimov və Bayram Məmmədov, keçmiş səhiyyə naziri Əli İnsanov da var.

Həbsdən çıxan fəallar özləri bundan sonra da fəal olacaqlarını deyirlər.

Qiyas İbrahimov:"Məndən artıq əziyyət çəkmiş dostlardan əfv istəyirəm"
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

İnsan haqları fəalları bu əfv sərəncamından sonra həbsdə dördü jurnalist olmaqla 74 siyasi məhbusun qaldığını deyirlər. Sosial şəbəkələrdə #freethemall- yəni, “hamısını azad et” heşteqi ilə kampaniya aparılır.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi – Stefan Schennach sğzlərinə görə bir neçə ildir ki, ictimai fəal məhbusların azadlığa çıxması ilə bağlı hökumətlə danışıqlar aparsa da, onun üçün bu əfv sərəncamın indi verilməsi sürpriz oldu. Həmməruzəçi deyir ki, hakimiyyətin siyasətində nə baş verdiyi ona qaranlıqdır:

“İlham Əliyev həmişə beynəlxalq tənqidlərə məhəl qoymurdu. Cəmi iki dəfə belə təzyiqlərə reaksiya verdi. Xədicə İsmayılova və Mehman Hüseynovun işində. Apreldə Avropa Şurasında yenidən siyasi məhbuslarla bağlı dinləmə olacaq. Bəlkə də bu amilin də təsiri var. AŞPA-nın iki komitəsi- Hüquq və Monitorinq Komitəsi bu istiqamətdə işləyirlər. Biz isə həmməruzəçi olaraq sənədlər hazırlayırıq”.

Schennach ümid etdiyini bildirir ki, bundan sonrakı mərhələdə hüququn aliliyi təmin olunacaq, məhkəmə sistemi və prokurorluq sistemi daha azad olacaq.

Həbsdən çıxan keçmiş səhiyyə naziri Əli İnsanov danışdı
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Siyasi şərhçi Rauf Mirqədirov da deyir ki, hakimiyyətin bundan sonrakı davranışı cəmiyyətin reaksiyasiyasına, müqavimət gücünə bağlıdır.

Onun sözlərinə görə, əgər bu müqavimət yoxdursa, ən liberal xarakterli insan hakimiyyətə gəldikdən sonra yavaş-yavaş avtoritarizmə yuvarlanır, müqavimət bir az da azalsa, diktaturaya yuvarlanır.

Rauf Miqədirov deyir ki, hakimiyyətin indiki addımları onun hansısa prinsipləri, mahiyyəti ilə bağlı deyil. Onun fikrincə hakimiyyət bu addımları atsa da, vəziyyətin aydınlaşacağını gözləyir və durum əvvəlki vəziyyətinə yenidən geri qayıda bilər.

“Hakimiyyətin özü -özünü dəyişəcəyini düşünmək sadəlöhvlük olardı. Sözsüz ki, hakimiyyət də anlamalıdır ki, özünün gələcəyini, yəni hakimiyyətin yox, hakimiyyətdə olanlar özlərinin gələcəyini düşünmək üçün, ailələrinin, övladlarının gələcəyini düşünmək üçün bu islahatlara getmək qaçılmazdır. Cəmiyyətlə ictimai saziş deyilən bir forma var. Bu forma yaxşıdır, ya pisdir, fərqi yoxdur. O formada ictimai saziş formasına keçmək lazımdır”.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olmadığını deyir.

Müsavat başqanı Arif Hacılı deyir ki, fəalların azadlığa buraxılması özlüyündə müsbət hadisədir, amma buna hələ islahat demək olmaz. Bununa belə, Müsavat başqanı hesab edir ki, sonuncu əfv sərəncamı cəmiyyətə təsirsiz ötüşməyəcək:

“Onların azadlığa çıxması, Azərbaycanda qarşıdurmanın səngiməsi, Azərbaycan cəmiyyətinin dikəlməsi, özünə inamının artması baxımından bu sərəncam əhəmiyyətlidir. Bu sərəncamla kifayətlənmək olmaz, digər siyasi məhbusların azadlığa buraxılması üçün mübarizəmiz bundan sonra da davam etməlidir. Azərbaycan hakimiyyəti doğrudan da demokratik islahatlar yoluna qədəm qoyubsa, bir sıra dəyişikliklər etməlidir. Yəni, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün mexanizmlər yaradılmalıdır. İstər siyasətdə, istər iqtisadiyyatda hər kəsə bərabər imkanlar yaradılmalıdır, normal siyasi rəqabət şəraiti yaradılmalıdır”.

AXCP sədrinin müavini Gözəl Bayramlı azadlığa çıxdı
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Son günlər Azərbaycanda baş verənlərin ölkənin Qərbdəki imicinə nə kimi təsir göstərəcəyini indidən demək çətindir. Azərbaycanın beynəlxalq korrupsiya reytinqi də, insan haqları reytinqi də aşağıdır.

Məsələn, keçən ilin sonu “Transparecy İnternational”ın son hesabatında, Azərbaycanın korrupsiya reytinqi 30 pillə daha da pisləşib, o, 180 ölkə içində 152-ci yerdə qərarlaşıb.

Freedom House-un insan haqlarına dair son hesabatında, Azərbaycan qeyri-azad ölkədir.

XS
SM
MD
LG