Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:36

'Qiymətləri salmaq əvəzinə ötən iki ilin zərərlərini bağlayırlar'


Supermarket
Supermarket

Ölkə iqtisadiyyatının durumu, gənclərin elmdən uzaqlaşması və manat sabitləşsə də, bəzi məhsulların qiymətlərinin artmaqda davam etməsi bu gün (07 iyun, 2017-ci il) medianın aparıcı mövzularındandır...

SABİT MANAT, BAHALAŞAN BAZAR

«Yeni Müsavat» qəzetində «Manat stabildir, qiymətlər isə bahalaşmaqda davam edir, bəs səbəb nədir?» sualına ekspertlərlə cavab axtarılır.

Müəllif yazır ki, uzun müddətdir manatın məzənnəsində sabitlik müşahidə olunur. Bəzi ekspertlər bunu müvəqqəti sayır, hökumət isə ilin sonuna kimi manatın ciddi şəkildə ucuzlaşmayacağını bildirir.

Yazıda bildirilir ki, manat sabitləşsə də, mağazalarda gündəlik tələbat mallarının bahalaşması davam edir. Xüsusilə, bəzi təmizlik vasitələrinin, yuyucu tozların, ərzaq məhsullarının, yağların və ağartı məhsullarının qiymətində artım müşahidə edilir.

Ekspert Rəşad Həsənov bu ziddiyyətli durumu qəzetə belə şərh edib:

«Səbəb odur ki, ölkə bazarları manatın devalvasiyasından sonrakı situasiyanı tam qiymətləndirə bilməyib. Yerli istehsal məhsullarının da bir hissəsi xammal baxımından idxaldan asılıdır. Bu sahədə də qiymətlərin artmasına ehtiyac var idi. Amma faktiki olaraq əhalinin alıcılığının kəskin azalması biznes subyektlərini bu imkandan məhrum etmişdi».

Ekspertə görə, bunun səbəblərindən biri də manatla bağlı müəyyən şübhələrin olmasıdır.

Yazıda bildirilir ki, şirkətlər indi daha qısamüddətli qiymət siyasəti həyata keçirməyə üstünlük verirlər. Qiymətləri aşağı salmalı ikən ötən iki ilin zərərlərini bağlayırlar.

Ekspert deyib ki, bazarda bəzi məhsulların qıtlığı müşahidə edilir. Bu da, istər-istəməz, qiymət artımı ilə nəticələnir.

Milli Elmlər Akademiyası
Milli Elmlər Akademiyası

AZƏRBAYCAN ALİMLƏRİ NECƏ YAŞAYIR?

«Exo» qəzetində «Azərbaycanda alimlər necə gəldi «yaşayırlar»» sərlövhəli məqalə oxumaq olar.

Müəllif elm adamlarının problemlərini ekspert Nəriman Ağayevlə müzakirə edir:

«Azərbaycan elmi ictimaiyyətinin indiki problemi bu sahənin lazımi dərəcədə maliyyələşdirilməməsi və maaşların gənc alimləri qorxudacaq şəkildə az olmasından irəli gəlir. Bu isə ölkədən «beyin axını»na səbəb olur».

N.Ağayev deyib ki, bu gün bəzi gənc aspirantlar xaricdə təşkil edilən beynəlxalq konfranslara qatılmaqdan ötrü belə, lazım olan maliyyəni əldə edə bilmirlər.

Onun fikrincə, prezident yanında Elmin İnkişafı Fondu qrantlar verilməsi yolu ilə bu problemləri həll etməlidir.

Müəllif xatırladır ki, bu günlərdə Gənclər və İdman Nazirliyi ilə Fond arasında 35 yaşına qədər gənc alimləri dəstəkləməsindən ötrü birgə protokol imzalanıb.

N.Ağayev üstəlik vurğulayıb ki, alimlərin təhqiqatlarından gözləntilər də yüksək deyil:

«Bu gün elmi ictimaiyyətə fikir verək. Onların sıralarında gənc kadrlar çox azdır. Bu da var ki, elmə ən böyük kəşf və yaradıcı yanaşmaları daim gənclər gətirirlər. Amma onlar 250-300 manat əvəzində işləməyə hazır deyillər».

Yazıda bildirilir ki, bu ilin büdcəsində elmin inkişafına ayrılan vəsaitlər azaldılıb. Halbuki dünyada əks proseslər baş verir.

Müəllif bildirir ki, nanotexnologiyanın inkişafına görə 106 ölkə arasında Azərbaycan 67-ci yeri tutub. Bu sahədə Çin birinci, ABŞ ikinci, Hindistan isə 3-cü yerdədir.

İ.Əliyev
İ.Əliyev

DÜNYAYA ÖRNƏK ÖLKƏ

«Azərbaycan» qəzetində «Ölkə iqtisadiyyatı bütün parametrlərinə görə digər dövlətlərə nümunədir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, 2004-cü ildən bəri Azərbaycanda sosial-iqtisadi inkişaf baş verir. Bu yüksəlişi mötəbər beynəlxalq iqtisadi qurumlar da yüksək dəyərləndirirlər.

Yazıda bildirilir ki, keçmiş prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə ölkənin son illərdə qazandığı uğurlar bir daha vurğulanıb. Müəllif həmin toplantıda çıxış edən prezident İlham Əliyevdən sitat da gətirir:

«Bu gün Azərbaycan iqtisadiyyatı bütün parametrlərə görə bütün ölkələr üçün nümunə ola bilər. Son illər ərzində - 2004-cü ildən bu yana ümumi daxili məhsul 3 dəfə artıb, 1 milyon 700 min yeni iş yeri yaradılıb, bütün infrastruktur, demək olar ki, yeniləşib. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcdan beş dəfə çoxdur. Valyuta ehtiyatlarımız təxminən ümumi daxili məhsula bərabərdir».

Müəllif hesab edir ki, H.Əliyevin yeni neft strategiyası Azərbaycanı inkişaf yoluna çıxarıb. Sonrakı illərdə bu strategiya uğurla davam etdirilib.

Yazıda vurğulanır ki, Azərbaycan dövləti neftdən əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına sərf edərək, sosial-iqtisadi inkişaf istiqamətində yeni addımlar atıb. 2004-cü ildən başlayaraq ölkədə regionların inkişafına yönəldilən dövlət proqramları həyata keçirilir. Bu sahədə artıq üçüncü proqramın dördüncü ilinin vəzifələri yerinə yetirilir.

XS
SM
MD
LG