Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:48

'Mərkəzi Bank istəsə, dollar manatdan ucuz olar. Amma iqtisadiyyat olmaz'


İ.Əliyev və H.Əliyev
İ.Əliyev və H.Əliyev

İqtisadi islahatlar, ölkənin bir sıra standartlara görə Avropadan geri qalması, bəzi bankların bağlanacağı ilə bağlı gözləntilər və gender bərabərliyi bu gün medianın aparıcı mövzusudur...

DƏRİN İSLAHATLAR KONSEPSİYASI

«Azərbaycan» qəzetində «Heydər Əliyev ideyaları və dərin islahatlar konsepsiyası» sərlövhəli məqalə dərc edilib. Müəllif yazır ki, Azərbaycanda dərin islahatların əsasını keçmiş prezident Heydər Əliyev qoyub: «Tam məsuliyyətlə deyə bilərik ki, Heydər Əliyev irsinə məxsus olan yenilikçilik ruhu ölkəmizdə bu gün də davam etdirilən və böyük uğurlara səbəb olan dərin islahatlar konsepsiyasının nüvəsini təşkil etməkdədir. Bu hər şeydən əvvəl ondan irəli gəlir ki, dahi liderin formalaşdırdığı siyasi və iqtisadi sistem donmuş, dəyişməz prinsiplərlə deyil, həmişəyaşar, təkmilləşməyə açıq dəyərlərə istinad edir».

Yazıda vurğulanır ki, indi ölkə yeni islahatlar mərhələsinə daxil olub. Müəllifin düşüncəsinə görə, qlobal iqtisadi və sosial dəyişikliklər bu islahatları qaçılmaz edir: «Davamlı beynəlxalq iqtisadi, maliyyə böhranı, dünyanın siyasi və geopolitik nizamının dəyişməsi meyllərinin güclənməsi Azərbaycanda adekvat davranış modelinin seçilməsini qaçılmaz edir».

Müəllif hesab edir ki, indi əsas hədəf Azərbaycanın rəqabət qabiliyyətinin artırılması, müasir istehsal texnologiyalarının və idarəetmə metodlarının tətbiqi, insana daha əlverişli şəraitinin yaradılmasıdır.

Ə.Əhmədov
Ə.Əhmədov

YUXUDA AVROPA

«Novoye Vremya» qəzetində isə «Avropa standartlarını ancaq yuxumuzda görə bilirik» sərlövhəli məqalə oxumaq olar.

Yazıda bildirilir ki, bu günlər Bakıda «Azərbaycanda sabit inkişaf uğurlarının əldə edilməsində vətəndaş cəmiyyətinin rolu» adlı konfrans keçirilib. Konfransda Azərbaycanın Sabit İnkişafı üzrə Milli Koordinasiya Şurasının sədri, baş nazirin müavini Əli Əhmədovun çıxış edib.

Ə.Əhmədov deyib ki, indi dünyada 1 milyard insan aclıqdan, işsizlikdən, xəstəlikdən, qeyri-bərabərlikdən əziyyət çəkir.

Baş nazirin müavini vurğulayıb ki, BMT yoxsulluq və işsizliyin 2030-cu ilə kimi aradan qaldırılması proqramını hazırlayır, Azərbaycan da inkişaf edən ölkə kimi bu proqrama qoşulur: «10-12 il ərzində Azərbaycan iqtisadiyyatı 3.5 dəfə artıb, təhsil və səhiyyə müəssisələri yaradılması üzrə layihələr icra edib. Ölkədə vəziyyətin Avropa standartlarına yaxınlaşdırılması üçün addımlar atılır».

Müəllif isə hesab edir ki, Azərbaycanın Avropa standartlarına yaxınlaşmasına çox qalıb. QHT-lər dövlət qeydiyyatına alınmada belə problemlər yaşayırlar: «Vətəndaş cəmiyyəti hazırda Azərbaycanda sabit inkişaf uğrunda əhəmiyyətli rol oynamaq durumunda deyil. Bu isə pisdir. Çünki sabit inkişafa ancaq hakimiyyətin, cəmiyyətin və KİV-in birgə səyi ilə nail olmaq mümkündür».

Yazıda bildirilir ki, Ə.Əhmədovun danışdığı işsizlik Azərbaycandan da yan keçməyib. İqtisadiyyat az-çox təbii ehtiyatlar hesabına ayaqdadır: «İqtisadiyyatı bir «neft iynəsi»nə əyləşdirmək səhvdir. 10-12 ilə ölkə iqtisadiyyat 3.5 dəfə artıbsa da, neftin qiymətinin kəskin endiyi qısa müddət ərzində bir o qədər də kiçilib».

Müəllifin gəldiyi nəticəyə görə, ölkədə təhsil və səhiyyə də beynəlxalq standartlara cavab vermir.

Ə.Həsənov
Ə.Həsənov

BƏZİ BANKLARIN BAĞLANACAĞI GÖZLƏNİR

«Exo» qəzetində «Azərbaycanda daha bir neçə bank bağlanacaq və bu, qaçılmaz prosesdir» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkənin bank sisteminin durumu ekspert Əkrəm Həsənovla müzakirə edilir.

Ə.Həsənov deyib ki, hazırda manat sabitdir. Amma Mərkəzi Bank (MB) bunu pul kütləsinin azaldılması hesabına təmin edib.

Ekspertin deməsinə görə, indi dollar ekvivalentində dövriyyədə 4 milyard manatdan bir qədər çox pul var. Halbuki, 2015-ci ildə bu rəqəm 16 milyard dollara bərabər idi.

Ə.Həsənov hesab edir ki, indiki sərt pul siyasəti iqtisadi aktivliyin azalması prosesini daha da sürətləndir: «MB manatı bundan sonra da sıxa bilər. Hətta ABŞ dollarından baha da edər. Amma pul olmadan iqtisadiyyat funksiyasını yerinə yetirə bilməz. Bu sirr deyil ki, son zamanlar xeyli şirkətlər ölkəni tərk ediblər, işçilərin ixtisar olunması bu gün də müşahidə edilir. Hətta dövlət orqanlarında əmək haqları aylarla verilmir, bir sözlə, problem çoxdur».

Ekspert deyib ki, 2017-ci ilin ilk rübündə bir neçə bank öz müştərilərinin əmanətlərini qaytarmaqdan imtina edib: «Bu, keçən ildən baş verir və Maliyyə Bazarına Nəzarət Palatası bu problemi həll edə bilmir. Bundan isə əziyyət çəkən çoxdur. Bu isə bank sahəsindəki duruma pis təsir göstərir, əhali banklara etibar etmir».

Ə.Həsənovun fikrincə, ilin sonuna kimi daha bir neçə bank bağlanacaq: «Amma başa düşmək lazımdır ki, bu, bütünlükdə bank sektoruna müsbət təsir göstərəcək. Odur ki, Palatanın 2016-cı ildə qalan bankların maliyyə bazarını tərk etməyəcəkləri bəyanatı səhv idi».

Məişət zorakılığı
Məişət zorakılığı

NAMUS MENTALİTETİ...

«Bizim Yol» qəzetində «Namus mentaliteti və qatil düşüncəsi...» sərlövhəli məqaləyə yer verilib.

Müəllif yazır ki, son zamanlar ailə-məişət zəminində baş verən münaqişələrdə qadınların üzləşdiyi cinayətlər kəskin artıb: «Müxtəlif psixoloji səbəblərlə ailədə yaranan narazılıqlar zamanla toplanaraq faciə ilə nəticələnir. Lakin ən pisi budur ki, bu faciəyə namus donu geyindirilərək təqdim olunur. Bu ad altında cəmiyyətdə kişi cinayətkar yox, namusunu təmizləmiş qəhrəman imici qazanır, ictimai qınaqla üzləşmir».

Yazıda daha sonra son 3 ayda ailə-məişət zəminində törədilən iki müxtəlif cinayət barədə danışılır.

Müəllif yazır ki, 14 yaşlı qız anasına təcavüzə uğradığını deyib. Ana isə çıxış yolunu qızını öldürməkdə görüb. Çünki bu qadın ictimai qınağın girovuna çevrilib: «Bu, həmin qadının çoxmu dürüst, çoxmu namuslu olmasından xəbər verir? Xeyr. Sadəcə, bu, qadını yetişdirən mühitin sərt tərbiyə və üsullarının göstəricisidir».

Müəllif hesab edir ki, dövlət gender bərabərliyinə diqqət göstərir və bu qanunlarda əksini tapır. Sadəcə, bir çox qadınlar öz hüquqlarını bilmirlər. İctimai basqı və iqtisadi asılılıq qadını şiddətlə üz-üzə qoyur.

XS
SM
MD
LG