Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Rafiq Əliyev: 'Əfsus ki, Azərbaycanda Lütfizadə olmağa mühit yoxdur'


Akademik Rafiq Əliyev.
Akademik Rafiq Əliyev.

“Ziyalının missiyası ancaq ağrını göstərməkdir. O, ağrını aradan qaldıra bilməz ki...”

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əliyevin 75 yaşı tamam olur. AzadlıqRadiosu-na müsahibə verən alim gümrah qalmasının sirrini də açır. Dediyinə görə, gərək qocalığı boynuna almayasan:

– Sən yaşla razılaşanda, qocalıq da gəlir. Bir də əsas bioloji yaş deyil. Mən hər həftə Lotfi Zadeh (Lütfizadə) ilə danışıram. 96 yaşı var. Mən həyatımda bu qədər çevik, işlək beyinə malik nə bir cavan görmüşəm, nə də yaşlı. O da öz qocalığıyla barışmayıb. İdeya generatorudur, elə ideyalar verir ki, təəccüblənməyə bilmirsən.

Buna da bax: Rafiq Əliyev: “Sovet hökumətindən sonra millətin kodu dəyişdirildi”

– Rafiq müəllim, yaş irəlilədikcə elmlə məşğul ola bilirsiniz?

– Elm, elə-belə, müdafiə, dissertasiya yazmaq üçün olan elm yox, əsl elm, dünya səviyyəsinə çıxan elm tutqulu oyuna bənzəyir. Ora düşdünsə, çıxa bilmirsən. Bu gün mənim üstümə götürdüyüm işlərin miqdarı görə biləcəyimdən təxminən 10 dəfə çoxdur. Bu ilin martında dünyanın məşhur nəşriyyatlarından birinə 400 səhifəlik kitab təhvil verməliyəm. Adı belədir: “Qeyri-müəyyənliklər hesabı və qərar qəbuletmə nəzəriyyəsi”. Nəhayət, həyatımda vacib məsələlərindən biri Lotfi Zadeh kimi böyük alim dörd ay qabaq xahiş etdi ki, gəl bir kitab yazaq, bizdən sonra tarix üçün qalsın. Belə bir kitab yazırıq: “Qeyri-səlis nəzəriyyəsi və tətbiqi”. İkihissəlidir. Oktyabrda çap edilməlidir. Bir də ingilis dilində kurslar aparıram. Qərar qəbuletmə kursu, statistik təhlil kursu, bir də proseslərin idarə olunması kursu.

– Qeyri-müəyyənlik haqda kitab yazırsınız. Azərbaycan da indi qeyri-müəyyənliklər içindədir, böhrana düşüb. Sizcə, hökumət bu durumda nə dərəcədə düzgün qərar qəbul edə, prosesləri düzgün yönəldə bilir? Bu an yüksəkvəzifəli dövlət məmurlarına kurs keçsəniz, hansı yolu göstərərdiniz?

– Mən 2008-ci ildə bir məqalə çap etdim. Həmin məqalədə deyilirdi ki, Azərbaycanın postneft dövrünü düşünmək lazımdır. Eşidilmədi. 2011-ci ildə yenidən hansı iqtisadi modeli seçmək haqqında məqalə yazdım. O məqalədə deyirdim ki, 2012-ci ildən sonra neft hasilatı aşağı düşəcək, kataklizmlər baş verəcək. Birinci devalvasiya olanda jurnalistlər hər iki məqaləni götürüb soruşdular ki, nəyi nəzərdə tuturdunuz? Cavab verdim ki, bax bugünkü günü nəzərdə tuturdum. Proqnozlaşdırmaq, qərarlar qəbul etmək üçün bu nəzəriyyələrin böyük mənası var. Son üç ildə mənim 3-4 kitabım çıxıb. O kitabın biri də “Qeyri-müəyyənlik şəraitində qərar qəbul etmək” adlanır. Bu kitab dünyada birinci yerdədir. Götürüb, sadəcə, istifadə etmək lazımdır.

Buna da bax:​ Rafiq Əliyev: 'Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam'

Rafiq Əliyev: "Sən yaşla razılaşanda, qocalıq da gəlir"
Gözlə

No media source currently available

0:00 0:08:55 0:00
Direct-ə keçid

– Sizcə, bugünkü böhrandan çıxmaq üçün hökumət neyləməlidir? Hökumət yol xəritəsi hazırlayıb, islahatlar haqda danışır, bunlar yetərli deyil?

– Azərbaycan, ilk növbədə, iqtisadi modelini müəyyənləşdirməlidir. Amma bu model riyazi hesablamalar əsasında yaradılmalıdır. Yəni bilinməlidir ki, nələri inkişaf etdirmək olar. Hər şeyi inkişaf etdirmək mümkün deyil. Cənubi Koreyanın, Sinqapurun, Malayziyanın nefti, qızılı yoxdur ki, intellektləri var. Bundan ötrü də yaxşı universitetləri var.

– Sizcə, hansı model Azərbaycana daha uyğundur?

– Zadeh kimi mən də bu fikirdəyəm ki, Asiya nəhənglərinə baxmaq lazımdır - Cənubi Koreyaya, Sinqapura. İntellektə söykənən iqtisadiyyat yaradılmalıdır. Bilik iqtisadiyyatı yox, bilik iqtisadiyyatı ABŞ-ın, Kanadanın, Almaniyanındır. Onu nəzərdə tutmuram.

– Bu günlərdə sosial şəbəkələrdə siyasi şərhçi Azər Rəşidoğlunun bir cümləsi müzakirə doğurdu: “Lotfi Zadeh Azərbaycanda yaşasaydı...”. Böyük əksəriyyət bi fikirdədir ki, Lotfi Zadeh Azərbaycan kimi ölkədə məhv olacaqdı, ən azı, indiki adlı-sanlı alim olmayacaqdı. Razısınız?

– Müsəlman dünyasında cəmi üç alim Nobel mükafatı alıb. Onun biri pakistanlı Abdus Salamdır, nüvə fizikası sahəsində alıb. Uzun zaman İngiltərədə işləyib. İngilislərlə işləməsəydi, o da Nobel almayacaqdı. Yaxud yaxınlarda biologiya sahəsində türk qardaşımız Aziz Sancar Nobel aldı. O da Amerikada yaşayır. Yəni buna mühit lazımdır. Düzdür, Zadeh Nobel almayıb, o, riyaziyyat sahəsindədir. Bu sahəyə Nobel nominasiyası yoxdur. “O, Azərbaycanda yaşasaydı, məhv olacaqdı”, - deməzdim, amma tanınmayacaqdı. Dünya səviyyəsinə çıxmaq üçün gərək dünya elminin içində olasan. Dünya elminin də Məkkəsi bu gün ABŞ-dır. Təkrar edirəm, Zadeh olmaq üçün mühit olmalıdır. Əfsus ki, bu gün Azərbaycanda Zadeh olmağa mühit yoxdur.

Buna da bax: 'Azərbaycanda sakitlik hər an pozula bilər' [video]

– Belə bir mühitin olması üçün nə tələb olunur?

– Elmin inkişafına sosial sifariş lazımdır. Elm bilavasitə iqtisadiyyatın canında deyilsə, orda inkişaf olmayacaq. Bütün bəşəriyyəti böhranlardan elm çıxarıb. Sənətə, ədəbiyyata böyük hörmətim var. Ramiz Rövşən dostum, qardaşımdır, Ramiz Həsənoğlu, Musa Yaqub dostumdur. Ancaq sənət başqadır, elm başqa. Kataklizmlərdə, krizislərdə bütün ölkələri, bəşəriyyəti həmişə elm çıxarıb.

Rafiq Əliyev, 22Okt2012
Rafiq Əliyev, 22Okt2012

– Son prezident seçkilərindən sonra sizin də təmsil olunduğunuz Ziyalılar Forumu dağıldı. Bu gün o ziyalıların səsi gəlmir. Hardasınız?

– Roma klubu var. Dünyanın tanınmış alimləri orda ildə bir neçə dəfə yığışıb bəşəriyyəti fəlakətə aparan məsələləri müzakirə edirlər. Məsələn, nüvə qışı haqda danışırlar və ya sosial minimum, sosial maksimum haqda müzakirə aparırlar. Deyirlər, ola bilməz ki, bir ölkədə minimum yaşayışla maksimum yaşayış arasında on dəfələrlə, yüz dəfələrlə fərq olsun. Olmamalıdır! Belə cəmiyyət yaşaya bilməz. Ziyalılar Forumu da bunu kimi bir şeydir. Orda milli birlikdən, iqtisadi proseslərdən söhbət gedərdi, ya da müzakirə edilərdi ki, rüşvət cəmiyyəti içindən yeyən qurddur... Əfsuslar olsun, burda siyasiləşmə getdi.

– Siz də bunun əleyhinəydiniz?

– Mən düşünürəm ki, ziyalı siyasətin fövqündə durmalıdır. Bəzi səbəblərdən ziyalı sözünə ehtiyac qalmadı. Ona görə də Ziyalılar Forumu davam edə bilmədi.

– Amma bu gün sizləri – Ramiz Rövşəni, Rafiq Əliyevi, Musa Yaqubu ittiham edirlər. Susmaqda, geri çəkilməkdə, həmin açıq müzakirələri davam etdirməməkdə.

– Ola bilər. Buna da normal yanaşıram. Uman yerdən küsərlər.

– Yəni onlara haqq verirsiniz?

– Ziyalının missiyası ancaq ağrını göstərməkdir. O ağrını aradan qaldıra bilməz ki. Məsələn, biz bir dəfə milli birlik haqda müzakirə aparmışdıq. Demişdik ki, cəmiyyətə tolerantlıq lazımdır. Aristotel məntiqiylə yaşayan cəmiyyət inkişaf də bilməz. Leninin dediyi kimi “Kim bizimlə deyil, düşmənimizdir” ideologiyası və ya taktikası ilə cəmiyyəti idarə etmək olmaz.

Buna da bax:​ Rafiq Əliyev: 'Dövlətin saxlanması xatirinə kiminsə azadlığını pozmaq da olar'

– Rafiq müəllim, 75 yaşda daha çox nəyə təəssüflənirsiniz?

– Ən çox itkilərimə təəssüflənirəm. Torpağımın, komamın itkisinə təəssüflənirəm. Mən Ağdamda, Qarabağda doğulmuşam. Mənəvi ərazinin itkisinə təəssüflənirəm. Bir də Tanrının verdiyi bəzi itkilərə. Həyat yoldaşımın itkisinə, başqa itkilərə. Amma yenidən doğulsaydım... İstəməzdim yenidən doğulum. Amma yenidən doğulsaydım, bütün itkilərə rəğmən yenə həmin cığırla gedərdim.

– Niyə yenidən doğulmaq istəməzdiniz?

– Mənim üzüm-gözüm gömgöydür. Fiziki yox, mənəvi göyərmədən danışıram. O qədər müqavimətlər görmüşəm, ədalətsizliklər görmüşəm. O qədər mübarizə aparmışam bura çatana qədər. Bir də o yolu keçmək istəməzdim.

XS
SM
MD
LG