Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:47

İtalyansayağı kino macərası - Rejissor Antonioni və aktrisa Monica Vitti


Monica Vitti və Michelangelo Antonioni.
Monica Vitti və Michelangelo Antonioni.


İtalyansayağı kino macərası - Rejissor Antonioni və aktrisa Monica Vitti

O – şəffaf qadındı. İtalyan aktrisası, dahi Antonioninin ilham pərisi Monica Vitti... Canlandırdığı personajlar istər sarışın olsun, istər qarasaç, ya da kürən.. Güclü xarakter yaratsın, ya da sıradan bir qadını... Komediyada oynasın, ya dramda, ya da sürreal filmdə... Fərqi yoxdu... O - şəffafdı... İnsanların məskunlaşdırdığı dünyada heç kimin görmədiyi, yalqızlığı bütün jetslərinə, yerişinə, baxışlarına hopmuş ruh kimi... Toxunsan, çilik-çilik olacaq şüşə kimi...

O, Klaudiyanı, Lidiyanı, Culiyananı oynayanda əslində özünü, öz taleyini, tənhalığını oynayırdı.. Yəqin, onu tamaşaçılara sevdirən də elə bu idi...

Monica Vitti 1964-cü ildə Antonioninin "Qırmızı səhra" filmində.
Monica Vitti 1964-cü ildə Antonioninin "Qırmızı səhra" filmində.

Maria Louisa Cecciarelli – dahi italyan rejissoru Michelangelo Antonioni-nin ilham pərisi, aktrisası və sevgilisi Monica Vitti 1931-ci il noyabrın 3-də Romada anadan olmuşdu. Həddindən artıq yoxsul olan Cecciarellilər ailəsi şəhərdə yaşaya bilmədiyindən Siciliyaya köçmüş, balaca Marianın uşaqlığı da bu patriarxal adada keçmişdi. Onun ailəsində qadınlar həmişə kişilərə tabe idilər. Lap uşaqlıqdan valideynlərinin bütün sevgisi, diqqəti ailədəki oğlan uşaqlarına- qardaşlarına qismət olmuşdu, Mariaya da onların köhnə paltarlarını geyinmək qalmışdı... Balaca qızın uşaqlığı ayağında qayıq kimi böyük ayaqqabılar, əynində sürüşməsin deyə belini buraxmağa qorxduğu qara şalvar özünə yazığı gəlmək, ağlamaqla keçmişdi. Maria özünü çirkin hesab eləyirdi, anasının ona dediyi ən şirin sözlər isə ərə getməyin vacibliyi ilə bağlı uzun monoloqlar idi. Qız onlardan o qədər bezmişdi ki, heç vaxt ərə getməyəcəyinə söz vermişdi. Onu ancaq yeniyetmə yaşlarında məşğul olmağa başladığı həvəskar teatr maraqlandırırdı. Mariya qəti şəkildə həyatını teatra həsr eləmək qərarına gəlmişdi.

Buna da bax: Mənəvi iflas, bitkinlik və insan tənhalığı - Antonioninin filmləri bu haqda idi

***

Elə bu məqsədlə də məktəbi bitirəndən sonra Romaya, Milli Dramatik Sənətlər Akademiyasına yollanır, ancaq imtahan götürən müəllimlər ona səs tellərinin zəif olduğunu və evə qayıtmasını məsləhət görürlər. Ertəsi gün Maria xəstəxanaya gedir və rastına çıxan ilk həkimə ona səs tellərində problem olmadığı haqqında arayış verməsi üçün yalvarır. Həkim heç nə anlamasa da, qıza istədiyi arayışı verir və Marianı akademiyaya qəbul edirlər.

Təhsil illəri Mariadan ötrü əsl sınağa çevrilir. O, şirniyyatı çox sevirdi, amma pulsuzluqdan bu sevimli həzzindən imtina eləməli olur, ümumiyyətlə, gündə cəmi bir dəfə qidalanır – pendir-soğanlı böyük buterbrod yeyir. Üstəlik şəxsi həyatı da yox idi. Rəfiqələri hər gün aktyorlarla, bankirlərlə yaşadıqları macəraları danışanda, Maria bir qıraqda oturub ssenarilər oxuyur, rollarını əzbərləyirdi. Onda kədərli gözləri olan hündürboy, arıq sarışınlar dəbdə deyildilər.

Akademiyada oxuyarkən Maria adını dəyişdirir və anasının qızlıq soyadını – Adelina Vittilya – dəyişərək özünə soyadı götürür- Monica Vittiyə çevrilir.

O, axşamlar Qoldoni teatrında səhnəyə çıxır, gündüzlər isə kinostudiyaları gəzərək rol almağa çalışırdı. Ancaq tanış agentlər ona elə zahiri görkəmlə heç vaxt aktrisa ola bilməyəcəyini deyir, plastik əməliyyat etdirməyi məsləhət görürdülər – Monikanın kvadrat üzü və böyük burnu heç kimin xoşuna gəlmirdi.

Amma bir gün ona rol verirlər – aktrisa 1954-cü ildə “Qaç! Qaç! Qaç!” filmində debütünü eləyir.

Geniş diapazonlu, xırıltılı, azca ironik səsi isə onu dublyaj ulduzuna çevirir. Elə həm qadın, həm də aktrisa kimi həyatını dəyişən də dublyaj studiyası olur.

1957-ci ildə Monica rejissor Michelangelo Antonioninin “Çığırtı” filmində ingilis aktrisasını səsləndirmək üçün dəvət olunur. Antonioni ilə Monica fasilə zamanı montaj otağında tanış olurlar. Rejissor əlindəki monoloqu oxuya-oxuya dublyaja hazırlaşan aktrisaya iltifat edərək onun xırıltılı səsindən xoşu gəldiyini deyir. Monica təşəkkür əlaməti olaraq onu Qoldoni teatrına öz tamaşasına dəvət edir. Cavabında Antonioni “bilirsiz, mən sizin tamaşanızı görmüşəm və deyəsən, mən elə çoxdan sizinki kimi sima axtarırdım” deyir və tezliklə ona “Macəra” filmində rol verir.

Buna da bax: Fellini bu filmiylə dünyaya səs salmışdı - bir obrazın tarixçəsi

Monica Vitti.
Monica Vitti.

İlk çəkiliş günləri Monica üçün əsl kabus idi. Çəkiliş meydançasında dublyaj studiyasında gördüyü mehriban, nəzakətli rejissordan əsər qalmamışdı. Antonioni meydançada soyuq və gərgin idi. Hamıdan rejissorun iradəsinə qeydsiz-şərtsiz tabe olmağı tələb eləyirdi. Aktyorlara artıq bir hərəkət eləmək, söz demək, siqaret çəkmək, bərkdən danışmaq, xüsusilə də ağır, dikdaban ayaqqabı geyinmək qadağan olunmuşdu. Rejissor kameraların rahat hərəkəti üçün yerə döşənmiş örtüyün zədələnməsini istəmirdi. Monica öz rolunu onunla məsləhətləşmək istəyəndə isə Michelangelo “mən heç nəyi çeynəyib aktyorlara hazır vermirəm, öz fantaziyanı işlət, təbii, əgər fantaziyan varsa” deyərək ona çəmkirmişdi.

“Macəra” (1960), aktrisaya əsl şöhrətin dadını göstərir. Filmin ekranlara çıxdığı günün ertəsi o, artıq məşhur aktrisaya çevrilmişdi.

Michelangelo Antonioni ilə 11 illik əməkdaşlıq Vittinin filmoqrafiyasına kino tarixinin dörd dahiyanə, məşhur filminin adını yazır.

1961-ci ildə ekranlara çıxan “Gecə” filmində aktrisa Marcello Mastroianni ilə tərəf müqabili olur. Bir ildən sonra Alain Delonla “Alatoranlıq” (1962) filmində çəkilir.

1964-cü ildə ekranlara çıxan “Qırmızı səhra” filmi Antonioni ilə Monica Vitti tandeminin sonuncu filmi idi.

Bu filmdən sonra kommersiya uğuru eşqinə düşən Antonioni növbəti “Fotoböyütmə” filmini İngiltərədə, aktrisa Vanessa Redgrave ilə çəkir.

Monica Vittiyə ən böyük uğuru gətirən "Macəra" filminin treyleri.

Monica Vitti isə bir-birinin ardınca başqa rejissorların filmlərində çəkilməyə başlayır. Antonioniyə onsuz da yaşaya biləcəyini sübut eləməyə çalışan aktrisa, demək olar ki, təklif edilən heç bir roldan imtina eləmir. Onların arasında uğurlu alınanı da vardı, uğursuzu da. Ancaq Vitti Antonioninin filmlərində yaratdığı rolların uğurunu təkrarlaya bilmir.

1982-ci ildə onlar yenidən çəkiliş meydançasında görüşürlər. M.Antonioni aktrisanı “Obervaldın sirləri” filmində baş rola dəvət eləyir.

1989-cu ildə Vitti rejissor kimi “Gizli qalmaqal” filmini çəkir və baş rolu özü oynayır (Ssenari müəllifi də özü idi). Bu filmdən sonra o, kinematoqrafiya ilə həmişəlik vidalaşır və özünü bütünlüklə teatra həsr eləyir. Ancaq Antonioninin filmləri XX əsrin muzası titulunu ömürlük ona “bağışlamışdı”.

Monica Vitti çəkilişlər zamanı öz qüsurlarını gizlətməyi bacarırdı. Operatorlar və fotoqraflar, adətən, onu profildən çəkmirdilər. Həm də aktrisa saçlarını elə düzəldirdi ki, sifəti uzunsov təsir bağışlayırdı.

Buna da bax: Marcello Mastroianni - filmdə uğurlu, sevgidə uğursuz aktyor

***

Monica Vitti Marcello Mastroianni ilə birlikdə "Macəra" filmində.
Monica Vitti Marcello Mastroianni ilə birlikdə "Macəra" filmində.

Michelangelo Antonioni təkcə onu bir aktrisa kimi yetişdirən rejissor deyildi, həm də həyatının sevgisi idi. Məhz, onunla tanışlıq Monicada hamıdan yaxşı olmaq, qadın kimi görünmək, geyinmək istəyi yaratmışdı. O, Michele üçün ən seksual, ən cazibədar, ən gözəl olmağa çalışırdı. Həyatında ilk dəfə qarderobunda hündür dikdabanlar və kifayət qədər cəsarətli paltarlar peyda olmuşdu. Onların ilk birgə səyahətində (istirahət üçün Siciliyaya getmişdilər) Antonioni onu bir dəqiqə də diqqətsiz qoymurdu. Onun yanında Monica özünü sevimli, arzuolunan qadın kimi hiss eləyir, yalnız bir şey arzulayırdı - bu gözəl yuxudan heç vaxt oyanmasın.

Amma bir gün Michele Romaya qayıtmalı olduğunu deyir. Monica, heç olmasa, bir-iki gün də qalmaq üçün ona yalvarsa da, Antonioni fikrindən dönmür. Onda Vitti hirslənib otaqdan çıxır və bütün gününü sahildə keçirir. Axşam otelə qayıdanda Antonioni onu qapıda gözləyirdi. Onun boynuna atılan qadın “Bağışla, çox axmaq hərəkət elədim” deyərək üzr istəyir. Michele onu qucaqlayır və “Bilirsən, bu barədə film çəkərik” söyləyir.

Bir həftədən sonra Romaya qayıdanda dostları tamamilə başqa bir Monica görürlər. O, 30 yaşlı qarımış qızdan gənc, gözəl, gülərüz qadına çevrilmişdi.

Antonioni onun hər şeyi idi - əri, sevgilisi, atası və rejissoru.

Michele onun üçün “Sirli qalmaqal” adlı pyes yazır, onunla birlikdə monoloqların üzərində işləyir, işdən sonra isə növbənöv dondurmalar alırdı. Monicanın geniş siması, dərin, yaşıl gözləri ona ovsunlu təsir bağışlayırdı. Bir neçə il əvvəl Michele İtaliya gözəli Lucia Boseyə vurulmuş, hətta onu “Bir sevginin xronikası” filmində baş rola da çəkmişdi. Ancaq Lucia istedadsız çıxmışdı və filmi məhv eləmişdi. Rejissor o vaxtdan qüsursuz gözəllərdən qaçırdı. İndi isə ancaq Monica ilə film çəkmək istəyirdi.

O, Vittiyə düzgün yeriməyi, danışmağı, şampan qədəhini tutmağı öyrədir. Monica Vitti Antonioninin ilham pərisinə və əsirinə çevrilir.

Onların münasibəti ideal deyildi, eyni evdə yaşamırdılar, hərəsinin öz mənzili vardı, qaldıqları otellərdə də ayrı-ayrı nömrələr götürürdülər, amma gecələr qapılarını açıq saxlayırdılar.

Monica Antonionini ələ keçirmək istəyən qadınları hər zaman qısa müşahidədən sonra müəyyənləşdirə bilirdi. Zatən dahi rejissor da sədaqət mücəssəməsi deyildi.

Bir dəfə Parisdə Michele gecə otelə səhər saat 9-da qayıdır. Bütün gecəni onu gözləyən Monica ağladığını gizlədərək ona “bizim ikimizin də özəl həyatı ola bilər, bu bizim haqqımızdı” deyir. Michele təəccüblə “Əzizim, doğrudan, belə fikirləşirsən?” deyə soruşur və onun alnından öpərək əlavə edir: “Sən nadir qadınsan!”.

Bir neçə saat sonra jurnalistlərə müsahibə verən Monika dahi rejissorla münasibətləri barədə suallara cavab verərkən “Biz eyni mərtəbədə yaşayırıq. Mənzillərimizin qapısı, demək olar ki, həmişə açıq olur. İndi özünüz qərar verin” deyir. Cavabı özünün elə xoşuna gəlir ki, sonralar rəfiqələri, başqa jurnalistlərlə söhbətlərdə də münasibətlərindən söhbət düşəndə eyni sözləri təkrarlayır həmişə.

İtalyanlar da bu məşhur cütlüyü sevirdilər. Taksidə onlardan pul almır, alış-veriş etdikləri mağazalardan hədiyyələr göndərirdilər.

Sevgililər hər axşam qonaq otağında görüşür, çay süfrəsi arxasında söhbət eləyirdilər, sonra da hərə öz mənzilinə, öz yataq otağına çəkilirdi. Monica belə həyatla barışmışdı. Ona yalnız Antonioninin yanında olmaq lazım idi, onun ardınca ölümə də getməyə hazır idi. Monicaya təkcə bir şey təsəlli verirdi, həyatda olmasa da, Antonioni kinoda ona sadiq idi. Ancaq aktrisanın bu təsəllisi də uzun çəkmir. “Qırmızı səhra” filminin çəkilişləri bitəndən sonra Michelangelo Antonioni İngiltərəyə yollanır və orda çəkdiyi növbəti filminə başqa aktrisanı dəvət edir.

Həmin ilin sonunda Michele Monikanı Nyu-Yorka, “Fotoböyütmə” filminin premyerasına aparır. İtaliya səfirliyində onların şərəfinə verilən dəbdəbəli ziyafətdə sakit, xoşbəxt görünən Monica otelə qayıdarkən özünü saxlaya bilmir və maşında hönkürməyə başlayır. Michele ondan niyə ağladığını soruşmasa da, qadınının, sevimli aktrisasının məhv olduğunu görürdü. O, münasibətlərini xilas etməyə çalışır və bir gün sonra Monicaya evlilik təklif edir. Monica düz on il idi ki, sinyora Antonioni olacağı günü gözləyirdi. Lakin onların münasibəti artıq həmkarlıq, qan qardaşlığı, əməkdaşlığa çevrilmişdi, sevgi qalmamışdı. Monica çoxdan gözlədiyi bu təklifə “Mən bacarmaram. Başa düşürsən, bacarmaram. Bəlkə bir ildən sonra...” deyə cavab verir. Bir ildən sonra onlar ayrılırlar.

Monica Vitti 1990-cı ildə, bu illərdən sonra o media qarşısına nairən çıxır.
Monica Vitti 1990-cı ildə, bu illərdən sonra o media qarşısına nairən çıxır.

1990-cı ildə Kann festivalında Michelangelo Antonioni ilə Monica Vitti qarşılaşanda rejissor onun yanağını sığallayır və “Bu, çox gözəl idi” deyir.

Buna da bax: İtalyansayağı gözəllik - Sofi Loren və onun 50 il sevdiyi Carlo Ponti...

***

Artıq 20 ilə yaxındı ki, Monica Vitti ağır xəstəlikdən əziyyət çəkir, şüuru pozulub, yaddaşını itirib, ərtaf aləmlə əlaqəsi kəsilib.

Bütün bu illər ərzində əri, rejissor Roberto Rossi onun yanından ayrılmayıb. Onlar tanış olanda Monicanın 40, Rossinin 25 yaşı vardı. Uzun illər vətəndaş nigahında yaşayan cütlük münasibətlərini 90-cı illərin sonunda rəsmiləşdirib.

Müəllif: Aygün Aslanlı

XS
SM
MD
LG