Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:43

'Hansı mətbuat orqanı 'Azadlıq' qədər repressiyalara məruz qalıb?'


Rahim Hacıyev
Rahim Hacıyev

Dekabrın 24-də Azərbaycanın ilk mətbu nəşrlərindən olan «Azadlıq» qəzeti 27 yaşını tamamlayır. İki əməkdaşı həbsdə, bir çoxu mühacirətdə olan «Azadlıq» qəzeti sentyabrın 6-dan çapdan çıxmır. «Azadlıq» adına indi ancaq azadliq.info saytı fəaliyyət göstərir. Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev AzadlıqRadiosuna qəzetin bugünkü durumundan və sabahkı planlarından danışır:

- İndiki dövr «Azadlıq» qəzetindən ötrü ən ağır iki ildən biridir. 1990-cı il yanvarın 20-də, sovet qoşunları Bakını işğal edən zaman da «Azadlıq» qəzetinin çapı dayandırılmışdı. İndi də təxminən eyni vəziyyətdir. Lap əvvəldən «Azadlıq» qəzetimüstəqillik uğrunda mübarizə aparan qüvvələrin tribunası idi. Son dövrlərdəki «Azadlıq» qəzeti Azərbaycan müxalifətinin – demokratiya uğrunda mübarizə aparan adamların ruporuna çevrilmişdi. Bunun qarşısı alındı. Yəni kağız variantının dərcinə imkan verilmədi. Çox təəssüf ki, biz «Azadlıq» qəzetinin 27 illiyini belə bir şəraitdə qarşılayırıq.

- Beş, lap 10 il öncəki ad günlərində «Azadlıq» qəzetinin öz ad gününü indiki durumda qeyd edəcəyini ağlınıza gətirirdinizmi, yoxsa, daha yaxşı mühit, iş şəraiti düşünürdünüz?

- «Azadlıq» qəzetinin ağır dövrləri az olmayıb. Qəzetin kollektivi çox ciddi təzyiqlər, həbslər görüb. Ancaq bu variantı proqnozlaşdırmaq çox çətin olardı.

- Artıq bir neçə aydır qəzet çıxmır. Gələn il haqda nə düşünürsünüz, «Azadlıq» qəzeti yenidən qəzet formasında oxucuların qarşısına çıxa biləcəkmi?

- Mən xeyli optimist adamam. Belə ağır şəraitdə fəaliyyət göstərmək insandan həm də çox ciddi mənəvi psixoloji amillər tələb edir. Optimizm, əlbəttə, çox vacibdir. Bəzi hallarda optimizm işin bir xeyli hissəsi deməkdir. Gələcəyə nikbin baxış olmasa, adamın əli-qolu soyuyar və çətin ki, nəsə bir iş görə bilərsən. Belə çətin durumda, nə qədər ağır olsa da, optimizmi qoruyub saxlamaq gərəkdir. Biz də bunu edirik. Bundan sonra Azərbaycanda ağır olacaq. Belə bir durum sosial-iqtisadi, siyasi vəziyyəti də gərginləşdirəcək. Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdən asılılığı artır. Bu da bu vaxta qədər bilavasitə aparılan siyasətin nəticəsidir. Ölkədə normal bazar münasibətlərini qurmaq, bazar mexanizmlərini işə salmaq haqqında düşünmədən böyük neft pullarını necə səpələmək barədə düşündülər. İndi artıq ən müxtəlif strukturlardan böyük məbləğdə kreditlər əldə etməyə çalışırlar. Güman edirəm ki, belə amillər Azərbaycan hakimiyyətini müəyyən qədər də olsa, ən azı, hansı addımlarsa atmağa vadar edəcək. Yəni bu, Azərbaycan hakimiyyətini demokratik dünya ilə müəyyən qədər olsa da, yaxınlaşmağa məcbur edəcək. Ümid edirəm ki, onda hansısa yumşalmalara getməyə məcbur olacaqlar.

'Azadlıq' qəzeti 23 yaşını qeyd edir (arxiv)

«Azadlıq» qəzeti 23 yaşını qeyd edir
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

- Bəs belə durumda «Azadlıq» qəzetinin maliyyə durumu necə olacaq?

- Bu baxımdan optimizmə elə də böyük əsaslar yoxdur. Ölkədə sosial iqtisadi durumun pisləşməsi hamımıza təsir edir. Təbii ki, çətin olacaq. Amma bütün bunlara baxmayaraq, çətin və ağır şəraitdə də fəaliyyətimizi davam etdirəcəyik. Ölkədə günü-gündən işsizlərin sayı hədsiz artır, adamlar cüzi əməkhaqqı əvəzində işləməyə məcburdurlar. Biz də elə təxminən o durumdayıq. Ancaq başladığımız işi davam etdirməyin də tarixi bir zərurət olduğunu anlayırıq.

- İndi bu fikirləri də tez-tez eşitmək olur ki, «Azadlıq» qəzetini hakimiyyət yox, özü özünü bağlayıb.

- Bu, əsassız fikirdir. «Azadlıq» qəzetinin yayım direktorunun həbsi faktını kənara qoyub belə cəfəng fikir irəli sürmək kimin ağlına gələ bilər, mən bunu müəyyənləşdirməkdə çətinlik çəkirəm. «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirli açıq-aşkar saxta ittihamlarla həbs edildi. Maliyyə məsələlərini o həll edirdi. Bank əməliyyatlarını onun aparmaq səlahiyyəti vardı. Bank əməliyyatları olmadan da işləmək, faktiki, mümkün deyil. Ondan sonra biz müraciət etdik, sənədlərimiz qəbul olunmadı. Xeyli sənədlər tələb olundu. Günün birində Beynəlxalq Bankın hüquqşünası vəzifəsini daşıyan şəxs deyir, filan, filan sənədləri verin, məsələ həll olunar. Həmin sənədlər hazır olandan sonra gedirik filiala, filialda deyirlər ki, o bunu əsassız deyib, bu mümkün deyil. Digər tərəfdən də bizim üçün mürəkkəb bir vəziyyət yaradılıb. Vaxtilə «Azadlıq» qəzetinin təsisçisi Azərbaycan Xalq Cəbhəsi Partiyası olub. 1998-ci ildə AXCP təsisçilikdən imtina edib. O sənədlər bizdə var. Amma həmin sənəd o vaxt qəbul olunmayıb. 2015-ci ildə «Azadlıq» qəzetinin təsisçiliyindən imtina etməklə bağlı yenidən AXCP qərar çıxardı. Bu dəfə isə Ədliyyə Nazirliyi, ümumiyyətlə, AXCP-nin sənədlərini qəbul etmədi. Elə bir vəziyyət yaradılıb ki, bu gün «Azadlıq» qəzeti heç bir addım ata bilmir. Bank əməliyyatları aparılmadan qəzet necə çıxa bilər? Bu gün hesabımızda bir neçə min manat pul var. Özümüz də ağır durumdayıq. Ancaq öz pulumuzu götürə bilmirik. Qəzetin çıxmaması üçün hər şeyi elədilər. Neçə illər aparılan həbslər, sutkalıq həbslər... Bu gün də iki nəfər həbsdədir, qəzetin neçə jurnalistinin həyatına real təhlükə yarandığından ölkədən qaçmağa məcbur olublar. Astronomik məbləğdə məhkəmə cərimələri, bütün bunlar bu vəziyyətə gətirib çıxarıb. Azərbaycanda hansı mətbuat orqanına «Azadlıq» qəzetinə oxşar münasibət olub? Hansı mətbuat orqanı «Azadlıq» qədər repressiyalara məruz qalıb? Elə bunlara görə qəzetin bu gün çıxmaması təəccüblü görünməməliidr.

'Azadlıq' qəzeti abunəçilərini artırmaqla böhrandan çıxmaq istəyir… (arxiv)

«Azadlıq» qəzeti abunəçilərini artırmaqla böhrandan çıxmaq istəyir…
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

- Dediniz ki, qəzetin iki əməkdaşı həbsdədir, bəziləri ölkəni tərk edib. Bəs yerdə qalan kollektiv necə işləyir, necə yaşayır?

-Açığı, buna nə yaşamaq demək olar, nə də işləmək. Çox xoşagəlməz detallara da varmaq istəmirəm. İş şəraitindən tutmuş, yaşayış şəraitinə qədər son dərəcə xoşagəlməz detallara varmaq istəmirəm.

- Vaxtilə bir neçə dəfə ən çətin durumlarda oxuculara müraciət etmişdiniz. Oxuculardan yardımlar da gəlmişdi. Yenidən qəzetin oxucu qarşısına çıxması üçün hansı planlarınız var?

- Təbii ki, qəzetin çıxması ən böyük istəyimizdir. Çünki «Azadlıq» qəzeti bir neçə ay və ya bir neçə il ərzində mövcud olmayıb axı. 27 yaşı olacaq. Çox keşməkeşli, ağır dövr keçib. Eyni zamanda qəzetin tarixində çox böyük hadisələr də baş verib. İndi «Azadlıq» qəzeti Azərbaycanın ən yeni tarixinin araşdırıcılarının ən çox yararlandığı mətbuat orqanıdır. Tez-tez bizə müraciət edirlər. Tədqiqatçılar gəlirlər, oturub işləyirlər. Belə bir parlaq örnəyin davam etməsini biz çox ciddi şəkildə arzulayırıq. Oxucularımızın narahatlığına son qoymaq üçün əlimizdən gələn hər şeyi edirik və etməyə çalışacağıq da.

- İndi əlinizdə azadliq.info saytı var. Saytın işləri necə gedir, qayğıları hansılardır?

- Etiraf edim ki, bizdə sayt qəzet vasitəsilə mövcud idi. Saytın fəaliyyətinə təsir göstərən başlıca amil kağız versiyası idi. Ondan sonra aydın məsələdir ki, istiqaməti dəyişmək, münasibəti dəyişmək, əvvəlkindən fərqli variant üzrə işləmək, əlbəttə, müəyyən qədər çətinliklər törədirdi. Ancaq müəyyən qədər olsa da, biz bunun öhdəsindən gəlmişik. İndi saytdan ötrü işləyirik. Ancaq burda da çox ciddi problemlər var. Problem odur ki, bu qədər populyar sayta reklam verən yoxdur, qorxurlar. Reklam heç gözlənilmir də. Bu, çox pisdir. Digər tərəfdən, saytımıza haker hücumları davam edir. Ən pisi, bu yaxınlarda saytımıza giriş saatlarla, ciddi məhdudlaşdırıldı. Elə problemlər yaradılır ki, o problemlərin həlli bizim iradəmizdən asılı deyil. Ancaq güman eləyirəm ki, yerli mətbuatdan qorxmağın, yerli mətbuata belə münasibətin perspektivi yoxdur. Bizim oxuculara təqdim etdiyimiz materiallardan daha sərt, daha kəskin, daha əsaslı faktlarla dolu, Azərbaycan hakimiyyətini beynəlxalq aləmdə olduqca pis vəziyyətə salan materiallar dərc olunur, dünya ictimaiyyətinə təqdim edilir. Kimsə fikirləşir ki, elə materialların qarşısını almaq olar, yox, elə deyil. İndi sosial şəbəkələr, platformalar o qədər çoxdur ki, əhalinin bilgilənmək imkanı olduqca genişdir. Güman edirəm ki, bu siyasətin də effektsizliyini əvvəl-axır başa düşəcəklər, müəyyən korrektələr etməli olacaqlar.

XS
SM
MD
LG