Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:40

'Prezidentlərin xəbəri olmadan da cəbhədə vəziyyət gərginləşə bilər'


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

«Prezidentdən sonrakı səviyyələr, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan qurumlar heç nəyi şərh etmirlər. Elə bil heç nəyə qarışmırlar. Bu, anormal bir şeydir. Bu münaqişə iki dövlət arasındadır, prezidentlər arasında deyil. Ona görə də dövlətin müxtəlif strukturları təbliğat müharibəsində iştirak etməlidirlər. Təəssüf ki, bu yoxdur».

Müdafiə Nazirliyi son iki gündə cəbhə xəttində gərginliyin artması haqda xəbərlər verir. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla bu haqda danışırıq.

– Tofiq bəy, nə baş verir, Sizcə? Aprel döyüşləri təkrarlana bilərmi?

Tofiq Zülfüqarov: 'Tendensiya onu göstərir ki, artıq danışıqlar aktual deyil. Yəni ermənilər bu mövzudan qaçırlar'
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00
Direct-ə keçid

– Nə baş verdiyini demək çətindir. Hər halda, biz tendensiya barəsində danışa bilərik. Tendensiya onu göstərir ki, artıq danışıqlar aktual deyil. Yəni ermənilər bu mövzudan qaçırlar. Onların danışıqlardan uzaqlaşmasına həm həmsədrlər tərəfindən şərait yaradılıb, həm də ABŞ dövlət katibi John Kerry-nin, Rusiya prezidentinin köməkçisinin bəyanatı onu göstərir ki, artıq substantiv, yəni konkret mövzu əsasında qurulmuş danışıqların bir o qədər də perspektivi yoxdur. Deməli, bu halda ortaya nə çıxır? Təbii ki, ümidsizlik, Azərbaycan tərəfində ümidsizlik yaranır. İkincisi də ermənilərin revanş götürmək istəyi var. Onlar apreldəki məğlubiyyəti hansısa şəkildə əvəzləmək istəyə bilərlər. Təbii ki, bu da təmas xəttində gərginliyi artırmağa səbəb ola bilər. Ermənistan müxtəlif növ silahlar alıb və onlarda belə fikir var ki, balansa nail olublar. Yəni həmişəki kimi Ermənistan tərəfi provokasiyaya gedə bilər. Hər halda, bununla bağlı artıq Azərbaycan Müdafiə Nazirliyi də bəyanat verib.

– İndiki halda müharibə «ümidsiz Azərbaycan» və «revanş istəyən Ermənistan»ın maraqlarına nə dərəcədə xidmət edir? Xüsusən də indiki məqamda başı böhrana qarışmış kimi görünən Azərbaycan hakimiyyəti cəmiyyətin diqqətini problemdən yayındırmaq üçün döyüşlərə başlaya bilərmi?

– Təmas xəttində vəziyyət elədir ki, bəzən rəhbərliyin xəbəri olmadan da gərginlik yarana bilər. Aprelhadisələri göstərdi ki, Ermənistan təxribata əl atdı, o, həmişəki kimi bu addıma ya ötəri cavab veriləcəyinə, ya da ümumiyyətlə, cavab verilməyəcəyinə əmin idi. Amma yerli və onlardan bir qədər üstün səviyyədəki komandirlər daha sərt cavab verməyi qərara aldılar. Bundan sonra proses dalğavarı şəkildə inkişaf etmişdi. Həmin vəziyyətin təkrarlanmasını heç kim istisna etmir. Hətta hərdən həmsədrlər də deyirlər ki, vəziyyətin gərginləşməsi heç də həmişə ordu rəhbərliyindən, ya da dövlət başçılarından asılı deyil, proses öz-özünə də gedə bilər. Misal üçün, Ermənistan vertolyotunun vurulması kimi.

– Yəni belə başa düşmək olar ki, indi cəbhə xəttində nə baş verdiyini izah etmək çətindir, bir qədər gözləmək lazımdır.

– Demək istəyirəm ki, bu məsələdə rəhbərliyin birmənalı qərarı olmaya da bilər. Vəziyyət öz-özünə elə inkişaf edə bilər ki, hərbi əməliyyatlar bərpa olunar.

– Artıq 2016-cı il başa çatır. Bu il də münaqişə həll olunmamış qaldı. Hər halda, yaxın yarım ildə də xüsusi nəsə gözlənmir deyə bilərik.

– Həmsədrlər gəlib getdilər, dedilər ki, haradasa beynəlxalq tədbir olacaq, xarici işlər nazirləri orda görüşəcəklər. Bu onu göstərir ki, dövlət başçılarının görüşü, hələlik, gözlənilmir, ya da belə deyək, bu görüş üçün əsas yoxdur. Görünən odur ki, onların da ümidləri yoxdur. İstənilən halda, inandırıcı deyil ki, xarici işlər nazirləri dövlət başçılarının qəbul edə bilmədiyi hansısa qərarları qəbul etsinlər.

– İlin əvvəlində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması haqda söhbətlər vardı...

– Gəlin bu müddətdə nə baş verdiyini yada salaq. Rusiya Ermənistana silah göndərib, ABŞ kəşfiyyat sistemləri göndərib. Bir də cəbhədə döyüşlər olub. Qalan heç nə dəyişməyib. Bu vaxt uzatmaq üçün edilən söhbətlər idi, heç nə də dəyişmədi.

– Vaxtı kim uzadırdı?

– Həmsədrlər.

– Tofiq bəy, Azərbaycan vəziyyəti dəyişməkdən ötrü nə etməlidir? Hər zamankı sualı bu yerdə təkrarlamağa məcburuq.

– Daha fəal siyasət aparılmalıdır. Hər bir mənada, ələlxüsus da təbliğat məsələsində fəallıq göstərilməlidir. Strateji xətt budur ki, müdafiə imkanları genişlənməlidir, dövlət güclənməlidir. Taktiki baxımdan isə gördüyüm odur ki, artıq təbliğat baxımından Ermənistan da hücuma keçib. Trubnikov-un (Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini və 2000-2004-cü illərdə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Vyacheslav Trubnikov – red.) müsahibəsi göstərir ki, Azərbaycanla bağlı şayiələr buraxırlar və Bakının mövqeyini dəyişməsini istəyirlər. Bu da cəhddir. Təəssüflər olsun ki, Azərbaycan tərəf bu cür hallara lazımi cavablar vermir. Nəyə görə Trubnikov Azərbaycanı uduzan tərəf kimi təqdim edir, nəyə görə Azərbaycanın Qarabağı vermək istədiyini deməlidir?

- Siz Trubnikov-un Ki-Uest danışıqları ilə bağlı dediklərini, Heydər Əliyevin ərazi güzəştinə hazır olması haqda söylədiklərini nəzərdə tutursunuz yəqin.

- Onun dedikləri yalandır. Onda nəyə görə həmin vaxt Ermənistanda parlamenti gülləbaran edildi? Sadəcə, Ermənistan havadarları Azərbaycanın mövqeyini bir çox istiqamətdə zəiflətmək istəyirlər. Sonuncu müsahibə də təxribat idi. Təəssüf edirəm ki, Azərbaycan tərəfi bu kimi hallara cavab vermir.

- Niyə cavab yoxdur, Sizcə?

- Bizdə böyük bir məsafə var. Prezident səviyyəsində bəyanatlar səslənir, amma sonra sakitlik yaranır. Prezidentdən sonrakı səviyyələr, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan qurumlar heç nəyi şərh etmirlər. Elə bil heç nəyə qarışmırlar. Bu, anormal bir şeydir. Bu münaqişə iki dövlət arasındadır, prezidentlər arasında deyil. Ona görə də dövlətin müxtəlif strukturları təbliğat müharibəsində iştirak etməlidirlər. Təəssüf ki, bu yoxdur.

- Bəlkə bunun günahı xarici siyasət idarəsinin başçısında yox, elə dövlət başçısındadır? O bu məsələni də öz inhisarında saxlayır?

- Hər halda, mən bu haqda qərar vermək iqtidarında deyiləm. Sadəcə, boşluğu görürəm və bu haqda danışıram. Həmin vəziyyət aprel döyüşlərindən sonra da baş verdi. O hadisələrdən sonra nə səviyyəli təhlil gördük, nə səviyyəli bəyanatlar eşitdik, bir prezidentdən başqa. Bu zəiflik mövcuddur. Günah kimdədir, demək çətindir, amma anormal vəziyyətdir. Bu qurumlar daha aktiv olmalıdır.

XS
SM
MD
LG