Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:53

Nardaran işi: ‘Polis işçiləri Mehriban Əliyevaya niyə nalayiq sözlər deyirlər?’’


"Polis işçiləri Mehriban Əliyevaya niyə nalayiq sözlər deyirlər?"
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

"Polis işçiləri Mehriban Əliyevaya niyə nalayiq sözlər deyirlər?"

"Prokurorluq araşdırsın, görək Mehriban Əliyeva bunlara neyləyib ki, onun ünvanına nalayiq ifadələr işlədirlər? Ramil Usubovun işçilərinin Mehriban Əliyeva ilə nə problemi var?"

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov Nardaran işi üzrə oktyabrın 10-da keçirilən məhkəmə iclasında, özü də daxil, təqsirləndirilən şəxslərin qaldırdığı vəsatəti əsaslandırarkən belə deyib. Onlar prokurorluğun bu işi araşdırmasını istəyirlər.

Təqsirləndirilənlər şahid Sahil Rzayevin məhkəmə ifadəsindən sonra bu vəsatəti veriblər.

Nardaran işi üzrə bugünkü – oktyabrın 10-da keçirilən məhkəmə iclasında Müsəlman Birliyi Hərəkatı sədrinin müavini, ilahiyyatçı Elçin Qasımovun azadlığa buraxılması tələbi ilə ötən il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ-nin) qarşısında keçirilən etiraz aksiyası epizodu üzrə şahidlər dindirilib.

Buna da bax:​ 'Nardaran işi' üzrə yeni məhkəmə gözlənir

“Dəyənəyimiz itib, dəbilqəmiz sınıb”

Əvvəlcə RPİ Post-Patrul Xidmətinin iki əməkdaşı - Ramil Ələkbərov və Yaqub Abbaslı ifadə verib. Onlar aksiya iştirakçılarının daş atdığını, bu qarışıqlıqda əllərindəki qandalın itdiyini və dəbilqələrinin sındığını söyləyib, amma təqsirləndirilən şəxslərdən heç kimi tanımayıblar.

Həmin hadisə ilə bağlı indi həbsdə olan dindarlar da ifadə veriblər. Anar Əliyev, Niftəli Əliyev, Lətif Əhmədov, Sahil Rzayev öz ifadələrində bildiriblər ki, Elçin Qasımovun həbs xəbərini eşidəndən sonra məsələnin nə yerdə olduğunu öyrənmək üçün idarənin qarşısına gedərək, orada dinc şəkildə dayanıb, hətta polisin yolun o biri üzünə keçmək tələbinə də əməl ediblər.

"Sonra qəfildən polis qüvvələri gəldi, üstümüzə hücum elədi, adamları döydülər, tutub idarəyə apardılar", - deyən şahidlər daha sonra Sabunçu RPİ-də, ardınca da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ-də) işgəncələrə məruz qalmalarından, onlardan Taleh Bağırovun əleyhinə ifadə almaq cəhdindən danışıblar.

“Səhlab Bağırov polislərə dedi ki, “tapdalayın bunları”. Biz heç kimə daş atmamışıq. Dəfələrlə polislər dindarları qanunsuz həbs edib, boyunlarına silah, narkotik qoyublar. Qanunla işləsəydilər, biz də oraya getməzdik. Sabunçu RPİ rəisinin müavini Şaiq işgəncə verir, Talehin əleyhinə ifadə almaq istəyirdi. Bizi əliqandallı vəziyyətdə yerə yıxıb tapdalayırdılar. Neçə nəfərin şalvarın çıxarmışdılar. Söyüb təhqir edirdilər. Şaiq deyirdi ki, “sizi axtalayacağam”. Ağzımızdan qan gəlirdi. Sonra bizi soyuq yerdə səhərəcən saxladılar, təbii ehtiyacımızı ödəməyə də imkan vermədilər. Nardaran hadisələrindən sonra isə “bandotdel”də işgəncələr başlandı. Bizi toka verdilər”, - Anar Əliyev belə deyib.

Buna da bax:​ «İlham Əliyevin aqibəti Qaddafi-dən betər olacaq»- Nardaran məhbusu

“Belə murdar adamların vəzifədə oturmasına təəssüf edirəm”

56 yaşlı Niftəli Əliyev də Sabunçu RPİ-nin qarşısında həbs olunub. Ona 6 il həbs cəzası kəsilib. Deyir ki, ötən il məhərrəm ayında məsciddə olarkən Elçin Qasımovun saxlandığını eşidib və məlumat almaq üçün başqaları ilə birlikdə idarənin qarşısına gedib: “Bizə dedilər ki, “burada dayanmaq olmaz, yolun o üzünə keçin”. Biz də sakitcə keçdik. Bir az keçəndən sonra polislərdən 5-6 nəfər gəlib adamların arasına girdi, bundan sonra da çaxnaşma başlandı. Çevik Polis Alayı başladı dinc adamları döyməyə. Aparıb idarəyə saldılar. Əllərimizi qandallayıb, qışın soyuğunda betonun üstünə uzatdılar. Yerə üzüstə uzatmışdılar. Təpiklə başımdan elə vururdular ki, gözlərimdən qığılcım çıxırdı. İnsanlığa sığmayan ifadələr işlədir, söyüşlər söyürdülər. Məndən Talehin əleyhinə ifadə verməyi tələb edirdilər. İdarənin rəisi Talehə təhqir yağdırıb tələb edirdi ki, mən də təkrarlayım. Əlində də kamera saxlamışdı ki, mən deyim, çəksin. Belə murdar adamların vəzifədə oturmasına təəssüf edirəm”.

Həmin gün Sabunçu RPİ-nin qarşısında heç bir cinayət hadisəsi baş vermədiyini deyən Niftəli Əliyev vurğulayıb ki, günahı olmadan 11 aydır ki, həbsdədir.

Buna da bax:​ Məhkəmədə sual: “Cins şalvarın arxa cibinə qumbara yerləşə bilər?”

“O qədər işgəncə vermişdilər ki, 15 gün qan qusdum”

"Mənə o qədər işgəncə vermişdilər ki, 15 gün qan qusdum. Gəzə bilmirdim. “Dubinka”nı mənim başımda sındırdılar. Sabunçu polisinin rəis müavini var – Şaiq. İnsanlığa yaraşmayan sözlər deyir, işgəncə verirdi. Dedim ki, Mehriban xanıma şikayət edəcəyəm... Onun da ünvanına təhqiramiz ifadələr işlətdi", - bu isə 6 il 6 ay həbs cəzası almış Sahil Rzayevin ifadəsindəndir.

Məhkəmə Mehriban Əliyeva ilə bağlı məsələyə münasibət bildirəcək

Ardınca təqsirləndirilən şəxslər Mehriban Əliyevanın ünvanına təhqir səsləndirən şəxslərlə bağlı araşdırma aparılması barədə vəsatət qaldırıblar.

"Bu, birinci dəfə deyil. Həbsdən əvvəl də polisdə belə halların olduğunu eşitmişdim, burada da konkret adamlar bu haqda danışdılar. Məlum oldu ki, “bandotdel"də Kərim Əlimərdanov, Şahlar Cəfərov, indi də Sabunçu polisinin rəis müavini... Prokurorluq araşdırsın görək, Mehriban Əliyeva bunlara neyləyib?".

Prosesə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, məhkəmə işdə yeni üzə çıxan cinayətlər barədə prokurorluğa məlumat verə bilər: "Tək bu məsələ deyil, başqa məsələlər də var, birləşdirib, məhkəmə öz münasibətini bildirəcək".

Buna da bax:​ ‘Taleh Bagırovun həbsdəki müavininin qardaşı saxlanıb’

“Polislər qul bazarında işləyənlərdən də “haqq” alırlar”

Təqsirləndirilən şəxslərdən hazırda bədənində üç güllə gəzdirən Şamil Abduləliyev, Sabunçudakı 3 saylı xəstəxanada olarkən, ona nəzarət edən polislərdən eşitdiklərini məhkəməyə çatdırıb: "İndi 21-ci əsr olmasına baxmayaraq, Azərbaycan kimi neftlə-qazla zəngin ölkədə hələ də qul bazarları var. Bunlardan biri də Bakıxanov qəsəbəsindədi. Görün, polislər nə gündədir ki qul bazarında iş axtarıb, günəmuzd işləyənlərdən də “haqq” alırlar. Qullar polislərə aylıq 20 manat “haqq” verirlər. Mən bilmirəm, o pullar kimə çatır, amma bildiyim odur ki, bu qanunsuzluğun, ədalətsizliyin, zülmün məsuliyyəti ölkəni idarə eləyən adamların üzərindədir. Hamıya məlumdur ki, bizim həbsimizin səbəbi də bu cür zülmə etiraz eləməyimizdir. Haqsızlığa etiraz eləyənlərin adını qoyurlar ki, guya dövlət çevrilişinə cəhd eləyiblər, ölkənin konstitusion quruluşunu zorla dəyişmək istəyirlər. Biz heç nə istəmirik, sadəcə, bu zülmə, ədalətsizliyə “yox” deyirik”.

Məhkəmə oktyabrın 14-də davam edəcək.

XS
SM
MD
LG