Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:40

Cahangir Hacıyev: 'Məndən 20 milyon istədilər'


Cahangir Hacıyev
Cahangir Hacıyev

«Prokurorluğun və «Bandotdel»in əməkdaşlarından ibarət bığıburma kişilər burdan durub Londona getdilər. Nə edə bildiniz? Kimisə gətirə bildiniz? 2005-ci ildə də Hacı Məmmədov məsələsində də bu cür yollarla məndən 20 milyon pul istəmişdilər...».

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev məhkəmədə son sözündə belə danışıb.

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Cahangir Hacıyev, eləcə də Beynəlxalq Bankın strukturlarının mühafizəsini həyata keçirmiş «Intersecurity» şirkətinin rəhbəri İbrahim Hüseynov son sözünü deyib.

Mütəşəkkil dəstənin üzvü olub bankın vəsaitini mənimsəməsi barədə ittihamda yazılanları qəbul etməyən İbrahim Hüseynov deyir ki, müqavilə əsasında Beynəlxalq Bankın obyektləri və materiallarının mühafizəsini həyata keçirib: «Qoruduğum obyektlərlə bağlı bankın İdarə Heyətindən Akif Əliyev və Emin Mustafayevə məruzə edirdim. Mən heç nəyi talamamışam. İşçilərimin adına götürülən kreditlər də layihələrə xərclənib. O kreditlərin də əsas borcu ödənilib, faizlər qalıb. Əgər biz mütəşəkkil dəstə olsaydıq, ümumiyyətlə, qaytarmazdıq».
İ.Hüseynov məhkəmədən bəraət istəyib.

«MÜLKİ İŞLƏRƏ «BANDOTDEL» BAXIR?»

Cahangir Hacıyevin son sözü geniş olub. O, verilən ittihamlardan tutmuş, həyat yoldaşını həbs etmək üçün Bakıdan Londona gedən qrupa verilən cavaba qədər bir çox məsələlərə toxunub.

C.Hacıyev deyir ki, Beynəlxalq Bank işi üzrə istintaq başlananda, o, xaricdə olub, amma bir zənglə ölkəyə qayıdıb, kreditlərin qaytarılmasından ötrü istintaqla əməkdaşlıq edib: «Məni apreldə çağırdılar, gəldim. Dövlət ittihamçısı belə bir ifadə işlətdi ki, o zaman mən şahid kimi çağrıldığım üçün gəlmişəm. Qətiyyən belə deyil. Cinayət işi mayın 2-də qaldırılıb, amma hamıya məlumdur ki, bu işi başlamazdan əvvəl ən azı, bir ay bunun üzərində işləyiblər. Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam».

C.Hacıyev cinayət işinin vaxtilə İdarə Heyətində onun birinci müavini olmuş Emin Mustafayevin məktubu əsasında başlandığını vurğulayıb və bu addımın arxasında sifarişçilərin dayandığına eyham vurub: «Emin Mustafayevdən soruşmağa imkan yaratmadınız ki, sən nəyin əsasında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmisən? Sənə bu göstərişi kim verib? Nə vaxtdan mülki işlərə «Bandotdel» baxır? Ora müraciət etməyi sən müəyyən etmisən, yoxsa himayədarların? Praktika belədir ki, kreditlər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir. Bütün bunlara baxmayaraq, istintaqla əməkdaşlığa başladım. Qısa müddətdə kreditlərin qaytarılması ilə bağlı böyük işlər görüldü».

«350 MİLYON DA ORDA İTİRİLDİ»

Moskvada törəmə bankın Heydər Əliyevin (keçmiş prezidenti nəzərdə tutur) tapşırığı ilə iki həftə ərzində açıldığını deyən C.Hacıyevin sözlərinə görə, bu qurum qısa müddətdə Rusiyanın 1300 bankı arasında ilk yüzlüyə düşüb: «Bu gün Rusiyada kriminalları cəlb edir, ona buna yalvarırsınız ki, kreditləri qaytarasınız. Sankt-Peterburqda çirkli pulların yuyulması ilə bağlı cinayət işi başlanıb. Budur sizin əldə etdiyiniz nəticə... Moskvadakı törəmə bankın kreditlərinin qaytarılması məsələsi dövlət başçıları səviyyəsində – Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Lakin Maliyyə Nazirliyi, bankın menecmenti tərəfindən qarşısı alındı və nəticədə kreditlər batdı. Yaxud, metanol zavodu ilə əlaqədar «Gazprom»la danışıqlar aparılmışdı, 2 milyard kubmetrlik qazla bağlı razılaşma olmuşdu. Ancaq bunun da qarşısını Maliyyə Nazirliyi aldı. Metanol zavoduna qoyulan 600-700 milyon dollar da getdi. İndi soruşan lazımdır ki, niyə bu zavod işləmir?

Və yaxud da başqa bir misal: Albaniyada neftayırma zavodu. Buna da imkan vermədilər. Azərbaycan 350 milyonu da burada itirdi».

Özünə və yaxınlarına qarşı baş verənləri «terror» adlandıran C.Hacıyev bu barədə də ətraflı danışıb: «Mayın 2-də cinayət işi başlanan gün Azad Cavadov həbs edildi. Bununla da nəinki Azərbaycanda, hətta qonşu ölkələrdə də misli görünməyən terror baş verdi. Bu günün özündə də 7 min 500-8 min adama «stop» qoyulub. Bir çoxlarına da 500-800 dollar kreditə görə. Biz yaratdığımız minlərlə iş yeri donduruldu. Ailə üzvlərimə qarşı da terror baş verdi. Mənim bacımın banka nə aidiyyəti var ki, ona da «stop» qoyulub? Rəhmətə gedən anamın mülkiyyəti ilə bağlı sənədi niyə «ASAN Xidmət» və digər qurumlar təsdiq etmədi? Bütün bunlara «terror» deməyək, bəs adını nə qoyaq?».

«EŞİTMƏDİLƏR»

C.Hacıyev deyir ki, 11 dəfə istintaqa ifadə verib. İstintaqın, ondan sonra da məhkəmənin qeyri-obyektiv aparıldığını deyən bankirin sözlərinə görə, məhkəmədə verdikləri 30 vəsatətin heç biri təmin edilməyib: «Mən istintaqda bir-bir hamısını açıb göstərmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər haradadır.

«Bandotdel»in ümumiyyətlə, bank sistemindən anlayışı yoxdur. Anlayışı olmayan qurum istintaqı necə apara bilər? Gördüyü iş göz qabağındadır. İstintaqla əməkdaşlıq etməyimə, kreditlərin qaytarılmasında köməyimə baxmayaraq, heç bir əsas olmadan dekabrda həbs olundum. İstintaqdakı qanunsuzluqlardan sonra ümidimiz var idi ki, bəlkə məhkəmədə bizi eşidərlər. Əfsuslar olsun ki, burada da eşitmədilər.

Burada elə adamlar var ki, onları həyatımda 1-2 dəfə görmüşəm. Hansı mütəşəkkil qrupdan söhbət gedir? Nə istintaq, nə də məhkəmə özünə zəhmət verib, həqiqəti araşdırmaq istədi. Azad Cavadovun (Bakı Fındıq Emalı Zavodunun sabiq rəhbəri) evinə iki ay sonra silah atdıqları kimi, heç olmasa, mənim də üzümə bir adam gətirib qoyardılar».

«SƏHMLƏR ALINIB»

C.Hacıyev ailə üzvlərinin bankdan götürdükləri kreditləri gözəllik salonlarına, səyahətlərə xərcləməsi barədə məhkəmədə prokurorun səsləndirdiyi fikirlərə də münasibət bildirib: «Ailə üzvlərimə və mənə aid kartlardan xərcləmələri prokuror bəh-bəhlə sadaladı. Əvvəla, kimin hansı gözəllik salonuna, təyyarəyə pul xərclədiyini sadalamaq nə qədər etikdir? İkincisi də ki, həmin kreditlər çoxdan ödənilib. Mənə ittiham verilən 47 milyonu təyyarə biletlərinə, gözəllik salonlarına xərcləmək fiziki olaraq mümkün deyil. Onda gərək sutkanın 24 yox, 25 saatını təyyarədə uçasan. Bir daha bildirirəm ki, verilən kreditlər kartlardan nağd şəkildə çıxarılıb və səhmlər alınıb.

Prokuror da Samir Şərifovun dediklərini təkrarlayır, deyir ki, bankın pulu bir cibdən o biri cibə qoyulub. Kimin cibinə qoyulub? Cahangir Hacıyevin? Bankın cibinə qoyulub da. 2015-ci il dekabrın 6-da (həbsindən iki gün sonra) «Bandotdel»də daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və maliyyə nazirinin müavini Azər Bayramovun iştirakı ilə bu məsələ müzakirə olundu. Azər Bayramov orda da dedi ki, bu qədər vəsait səhmlərin alınmasına gedib. Niyə imkan vermədiniz ki, həmin adamı çağırıb bu barədə bir-bir sual verək? Bankın vəsaitlərinin bir hissəsi Maliyyə Nazirliyinə və Beynəlxalq Bankın indiki rəhbərliyinə aid şirkətlərdədir. Yoxlasaydınız, görərdiniz. Uşaqlarımın yaşadığı evi, bir maşınım var idi, onu da qiymətləndirdilər. Mənim milyardlarımdan, təyyarələrimdən yazırdılar. Haradadır mənim təyyarələrim? Tapa bildiniz? Çünki yoxdur».

«KOR-PEŞMAN QAYITDIZ»

C.Hacıyev prokurorun ona 17 il cəza istəməsinə də toxunub: «Bu cinayət işində mənim mənimsəməyə yol verdiyimi sübut edən heç yarım fakt da yoxdur. Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı bilməlidir ki, vəsaitlər hara gedib. İndi internet əsridir. Bakıda oturub internet vasitəsilə hansı şirkətin kimə məxsus olduğunu tapa bilərlər».

C.Hacıyev həyat yoldaşı Zamirə Hacıyevanın həbsindən ötrü atılan addımlara da münasibət bildirib: ««Axırıncı aşırım»da yaxşı sözlər var. Mən onlardan birini demək istəyirəm – «Kişinin heyfini qadından almazlar». Apardığınız sənədləri özünüzə qaytarıblar. Nə «Interpol»u, nə də Britaniya qurumlarını qane elədi, kor-peşman qayıtdınız. 2005-ci ildən bəri ha çalışdılar ki, mən və mənə yaxın adamların nəyisə mənimsəməsi və talaması ilə bağlı fikir yaratsınlar, ancaq heç nəyə nail olmadılar».

«BİR GÜNƏ 100-200 MİLYON CƏLB EDİRDİK»

C.Hacıyev son sözündə Beynəlxalq Bankın fəaliyyətindən də danışıb: «Təkcə 2014-cü ildə Beynəlxalq Bankın 25 milyon xalis gəliri olub və mən bankı bu cür təhvil vermişəm. 15 il ərzində banka rəhbərlik etdiyim dövrdə dövlətdən bir qəpik də alınmayıb. İndi isə bank dərin problemlərə üz-üzə qalıb. Təkcə prezidentin bir qərarı ilə dövlət büdcəsindən 6 milyard pul ayrıldı. Bəhanə edirlər ki, xaricdən cəlbetmələr bahadır və ona görə də Dövlət Neft Fondundan da 1 milyard alıblar. Rəhbərlik etdiyim dövrdə nəinki mənim, hətta işçilərimin bir sözü ilə bir günə 100-200 milyon xaricdən vəsait cəlb edə bilirdik. Görün etibarı necə itiriblər ki, xarici banklar bunlara pul vermir. Məcbur olub Neft Fondundan götürüblər. Mərkəzi Bank tərəfindən dəfələrlə yoxlamalar olub. Audit Komitəsi Maliyyə Nazirliyinin işçilərindən ibarət idi. Onların hamısının bankın İT sisteminə əlçatımlılığı var idi. Əgər hansısa pozuntu var idisə, niyə üzə çıxarmırdılar? Bugünlərdə «BankStandart»ın lisenziyası ləğv olundu. Ölkənin 5-ci bankıdır. Buna görə kimsə cavab verməlidir və verəcək də...».

C.Hacıyev deyir ki, Azərbaycanda qeyri-neft sektorunun 50 faizini onlar yaradıblar, indi isə başqaları öz adına çıxır: «Prokuror çıxışında dedi ki, mənim daxilən səhvimi etiraf etdiyimi düşünür. Mən nə daxilən, nə də zahirən heyfslənmirəm. Əksinə, fəxr edirəm ki, minlərlə iş yeri yaratmışam, yüz minlərlə adama çörək vermişəm. «Aqrarkredit» aparıb prezidentə müəyyən müəssisələri təqdim edir – iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı kimi. Halbuki, həmin işləri biz görmüşük. Məsələn, Xaçmazda 5 min hektar fındıq bağlarını prezidentə məruzə edirsiniz, halbuki, həmin əraziləri siz yox, Azad Cavadov yaradıb. Tütünçülük, pambıqçılıq- ümumiyyətlə, iqtisadiyyatın qeyri-neft sektorunun 50 faizini biz yaratmışıq».

««İNTER»İN PREZİDENTİ ÖLKƏDƏN ÇIXA BİLMİR»

Maliyyə naziri Samir Şərifovun 350 milyon mənimsədiyini deyən C.Hacıyev bu məsələnin üstünün açılmasına baxmayaraq, heç bir reaksiya verilməməsindən narazılıq edib: «Ürəyimdə çox şey var. Çox da danışa bilərəm. Buna başqa məna verməyin. Ümummilli liderin bir sözü var idi ki, «dünya mübarizə dünyasıdır». Ancaq yaddan çıxarmayın ki, bu günün sabahı da var.

Britaniya vətəndaşını burda saxlayıblar. Hətta bir müddət həbs də etmişdilər. Nədir ki, bura sərmayə qoyub. «İnter»in prezidenti Bolqarıstan vətəndaşı 1 il 6 aydır ki, ölkədən çıxa bilmir. Yazıq başa düşə bilmir ki, onu burda niyə saxlayıblar. Biz həm istintaqla əməkdaşlıq etdik, həm də cinayətin harada olduğunu göstərdik. Məsələn, siz araşdırmadınız. İndi deyəcəksiniz ki, bu məsələnin sənə aidiyyəti yoxdur, amma birbaşa aidiyyəti var. Samir Şərifov təkcə «Azərinşaat»a ayrılan vəsaitdən 350 milyon götürüb. Buna «cinayət» deyilmir. Niyə? Bu işi araşdırmaq üçün niyə Bülent Kara-nı gətirmədiniz? Ola bilsin ki, bu gün kimsə toxunulmazdır. Amma sabahı bilmək olmaz».

C.Hacıyev çıxışını belə yekunlaşdırıb: «Məhkəmədən də xahiş etmirəm, tövsiyə edirəm ki, hamıya bəraət verilsin, iş geri qaytarılsın, müstəntiq və prokuror haqqında xüsusi qərar çıxarılsın. Əgər bunlarda zərrə qədər vicdan varsa, üzr istəsinlər. Nə qərar çıxaracaqsınızsa, o, sizin işinizdir. Amma bu günün sabahı da var».

Məhkəmə müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı məlum deyil.

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə önünə çıxarılıb. Onlar mütəşəkkil dəstə kimi, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər.

XS
SM
MD
LG