Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:59

Dövlət pullu yataxana tikir


Yataqxana
Yataqxana

Azərbaycanda 1000 nəfər tələbədən ötrü inşa ediləcək yeni müasir tələbə yataqxanası pullu olacaq.

APA-nın xəbərinə görə, bunu Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı deyib. O bildirib ki, heç bir ölkədə yataqxanalar pulsuz olmur:

"Yeni tikiləcək yataqxanada məsrəfləri qarşılaya biləcək azərbaycanlı tələbələr qalacaq. İmkansız ailədən olan tələbələrə hazırda mövcud olan yataqxanamızdan yerlər təklif ediləcək. İndiki yataqxanada təxminən 300-320 nəfərlik yer var. Mövcud yataqxananın məsrəfli isə yığılan puldan çox olur. Hazırda mövcud yataqxanada bir otaqda 3 nəfər qalırsa, aylıq adambaşı 35 manat, iki nəfər qalırsa, 50 manat ödənilir. Yeni yataqxanada ödənişin nə qədər olacağı hələlik dəqiqləşməyib”.

Buna da bax: Yataqxana problemi-"Universitetlər köçürülməlidir"

M.Babanlı qeyd edib ki, yeni yataqxananın tikintisindən ötrü ali məktəbin Nəsimi rayonu ərazisində yerləşən 6 yataqxanası sökülüb. Onun deməsinə görə, universitetin vaxtilə mövcud olan 7 yataqxanasından hazırda yalnız biri, o da qismən fəaliyyət göstərir:

“Çünki bina köhnə olduğundan, istifadəyə elə də yararlı deyil. İndiki yataqxanada daxili istilik sistemi çox bərbad vəziyyətdədir. Bərpa etmək istəsək də, gördük ki, praktiki olaraq bu, mümkün deyil. Ən yaxşısı istismarını bir müddət davam etdirib, gələcəkdə oranı da sökmək və yerində daha müasir yataqxana inşa etməkdir”.

Buna da bax: Gündə 3 dəfə yemək verən yataqxana da var...​

Rektor vurğulayıb ki, Təhsil Nazirliyinin ümumi rəhbərliyi ilə görüləcək işlərin Heydər Əliyev Fondu maliyyə və ideya dəstəyi verir:

“Yerlərin bölüşdürülməsi də Heydər Əliyev fonduna aid olacaq. Bu gün tələbələr tək yaşamağa üstünlük verirlər. Bunu da nəzərə alaraq yeni tikiləcək yataqxanada VİP otaqlar olacaq. Etiraf edək ki, yüksək təbəqinin övladı bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçir. Universitetimiz əcnəbilər üçün də böyük maraq doğurur. Bütün bunları nəzərə alaraq yataqxanada yerli və xarici tələbələrin birgə yaşaması təmin ediləcək. İnşaatın 2018-ci ilin sentyabr ayı üçün başa çatdırılması planlaşdırılır”.

XS
SM
MD
LG