Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Hikmət Hacızadə: 'Prezidentimiz Avropaya inteqrasiya haqda düşünmür'


Hikmət Hacızadə
Hikmət Hacızadə

Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən, ATƏT-in Bakı ofisinin bağlanması səbəblərinə, Emin Millinin ölümlə təhdid edilməsi, Emin Hüseynovun vətəndaşlıqdan çıxarılması, jurnalist Rasim Əliyevin öldürülməsi və başqa məsələlərə toxunub.

O, Avropa Parlamentinin bir il öncə Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin münasibətlərdə ciddi geriləmə yaratdığını vurğulayıb. Dövlət başçısı insan haqları sahəsindəki tənqidləri qəbul etməyib.

Buna da bax-İlham Əliyev Emin Milli və Emin Hüseynovdan danışdı

İlham Əliyev ATƏT-in Bakı ofisinin bağlanmasından danışarkən deyib: «Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə, mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, «əgər Şahtaxtinski işdən azad olunsa, ofis bağlanacaq». Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik».

«BİR FOTOYA, BİR SÖZƏ GÖRƏ…»

Politoloq Hikmət Hacızadə prezidentin söylədiklərini təəssüf hissiylə qarşılayıb: «Bizim prezidentimiz Avropaya inteqrasiya haqqında düşünmür. Avropa, demokratiya, Qərb yolunu qəbul etmir. ATƏT-i də, Avropanın başqa demokratik institutlarını bir teatr kimi qəbul edir. Belə nəticəyə gəlmək olur ki, İlham Əliyev Avropaya inteqrasiya olmaq istəmir. Ona görə də bir fotoya, bir sözə görə Azərbaycan xalqının, Azərbaycan dövlətinin gələcəyini məsxərəylə, zarafatla yola vermək istəyir».

Buna da bax - Mehman Əliyev: 'Şahtaxtinskini şəkil çəkdirdiyinə görə işdən çıxarmamışdılar'

«AVROPA TƏŞKİLATLARI SUSA BİLƏRLƏR, AMMA DANIŞANDA…»

Hikmət Hacızadə İlham Əliyevin Avropa Parlamentinin tənqidlərini qəbul etməməsini, deyilən iradları rədd etməsini də «normal» saymır. Politoloq bu cür davranışın avtoritar liderlərə xas olduğunu düşünür: «Avtoritar ölkələrin praktikasında belədir: «Bizdə hər şey yaxşıdır, siz yalan danışırsız…». Çox heyf! Avropa demokratik institutları, insan hüquq müdafiə təşkilatları, komitələr boş yerə bəyanat vermirlər. Maraqlansan, hər bir bəyanatla bağlı böyük qovluq verəcəklər, orda hər bir pozuntu haqda ətraflı yazılır, sübutlar təqdim edilir, ballar qoyulur, axırda qənaət yazırlar. Onlar susa bilərlər. Amma danışanda hər bir bəyanatın arxasında sübut olur».

Hikmət Hacızadə söhbətə belə yekun vurur: «Prezidentimizin bu cür çıxışlarını təəssüflə qarşılayıram. Başqa nəsə demək olmur».

XS
SM
MD
LG