Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:32

Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır


Gənc rejissor Emin Əfəndiyev.
Gənc rejissor Emin Əfəndiyev.

-

Müsahibimiz avqustun 2-də premyerası baş tutmuş “40-cı paralel” almanaxına daxil olan “Hədiyyə” qısametrajlı bədii filminin rejissoru Emin Əfəndiyevdi. O, 2007-ci ildə keçirilmiş “Start” Beynəlxalq Tələbə Filməri Festivalının qalibi və Beynəlxalq Audio-Vizual Festivalın mükafatçısıdır. Eyni zamanda İdman və Turizm Nazirliyi tərəfindən ilin rejissoru seçilib.

- Emin, İncəsənət və Mədəniyyət Universitetində kimin kursunda oxumusunuz və orda rejissorluq necə öyrədilir tələbələrə?

- Mən İncəsənət Universitetinin kino şöbəsini bitirmişəm – rejissor Yalçın Əfəndiyevin kursunu. 2009-cu ildə. Belə deyək də, əslində məni qane eləmirdi. Praktikadan çox nəzəriyyə öyrədirdilər, daha çox klassik kinodan danışırdılar. Təbii ki, filmlərə baxırdıq, yaradıcı söhbətlər eləyirdik. Amma bizim vaxtımızda əsas problem o idi ki, praktik dərslər yox idi, texnika problemi, ümumiyyətlə, çox idi. Mən ikinci kursda oxuyanda Gənc Film İstehsalçıları Assosiasiyası ssenari müsabiqəsi keçirmişdi. Ssenarim orda qalib gələndə onlar dedilər ki, çəkiliş üçün texnika verəcəyik. Bu mənim üçün fantastik bir şey idi. İndi bu baxımdan universitetdə vəziyyət daha yaxşıdı, daha müasirdi, texnika var və uşaqlar daha çox işləyirlər. Həm də mənə görə, universitet yol açır. Yəni təbii ki,rejissorluğu universitetdə öyrənirsən, amma daha çox özünü tapırsan. Universitetin mahiyyəti özünü tapmaqdı. Əlbəttə, mən universitetə qəbul olunanda rejissor olmaq istədiyimdən əmin idim. Vərəqdə doqquz ixtisas göstərmək lazım idi, mən ikisini yazmışdım- kinorejissorluq ödənişli və kinorejissorluq ödənişsiz. Yeri gəlmişkən, ödənişliyə düşmüşdüm. Ancaq universitet gənclərə yol açır, “mən nə istəyirəm” sualına cavab tapırsan, öz yolunu müəyyənləşdirirsən. Fikrimi izah eləyim: tutaq ki, on bir nəfər tələbədi. Müəllim hamıya başa salir ki, kadr budur, ümumi plan var, iri plan var, orta plan var, belə montaj olunmalıdı və sair və ilaxır. Bunlar klişelərdi. Çünki hamı eyni cür ola bilməz. Hər kəs individual fərddi. Amma bu klişelər öz istiqamətini seçməkdə sənə kömək eləyir. Gedib xaricdə oxuyub, gəlib dahi rejissor olacaqsan və s tipli fikirlərmənim üçün boş şeydi. Son illər xaricdə oxuyub, gəlib Azərbaycanda yaxşı filmlər çəkən rejissor tanımıram. Amma, məsələn, Elçin Musaoğlunu, Əli İsa Cabbarovu, Asif Rüstəmovu İncəsənət Universiteti yetişdirib. Bu faktdı. İnsanın özündə nəsə olmalıdı, özü öz üzərində işləməlidi ki, ortaya nəsə çıxartsın.

-İkinci kursda çəkdiyiniz film“1:0” idi?

-Bəli. O vaxt Incəsənət Universitetində elan lövhəsində bir müsabiqə haqqında oxudum. Yazılmışdı ki, Gənc Film İstehsalçıları Assosiasiyası

Rejissor Emin Əfəndiyevin çəkdiyi ilk film “1:0”

SOROS Fondunun maddi dəstəyi ilə beş dəqiqəlik filmlər üçün ssenari müsabiqəsi keçirir. Mövzu “Köhnə və yeni Bakı və orda baş verən hadisələr”. Konsepsiya bu idi. Mən də ssenarini yazdım, apardım. Asif Rüstəmov oxudu və dedi ki, get hazırlaş, texnika verirəm. İnana bilmirdim ki, oxuyan kimi bəyəniblər. Getdim, çəkiliş üçün plan hazırladım, nə lazım idisə, yazdım. Pul verdilər, lazımi ləvazimatları aldım və uşaqlarla çəkdik. Texnikanı da vermişdilər.

Buna da bax: "Neft qurtardı, film var"

-Kusturitsa dadında bir filmdi. Musiqisi də Kusturitsanın filmlərindəki musiqini xatırladır.

-Elə onun “No smoking” qrupunun musiqisi idi.

-Artıq üç bədii qısametrajlı filmin rejissorusunuz – “1:0”, “Yuva” və “40-cı paralel” almanaxına daxil olan “Hədiyyə” filminin...

-Sənədli filmim də var, milli qəhrəmanlar haqqında.

-Filmlərinizin hərəsi bir janrda, bir üslubdadı, mövzuları da fərqlidi. Öz mövzunuz hələ formalaşmayıb, yoxsa rəngarənglik tərəfdarısınız?

-Düzünü desəm, mövzum var, sadəcə maliyyə tapa bilmirəm. Məni daha çox sosial mövzular, ailə dramları, insanların daxili aləmlərini bu fonda araşdırmaq maraqlandırır. Həmçinin daha çox kamera filmlərini xoşlayıram. Amma hələ ki, çəkə bilməmişəm. Bəzilərinin sinopsisləri var..

-Heç yerə təqdim eləməmisiniz?

-Eləmişəm. Hətta bir dəfə 2013-cü ildə Anapa şəhərində keçirilən “Kinoşok” Beynəlxalq Festivalında bir ssenarim seçilmişdi (MDB və Baltikyanı ölkələrin birgə layihəsi- red.) “Kinoşok” festivalında məxsusi bir bölmə var. Ssenarimi ora göndərmişdim və ən yaxşı beş ssenaridən biri olmuşdu. Mənimlə eyni

Emin Əfəndiyev "Yuva" filminin çəkiliş meydançasında.
Emin Əfəndiyev "Yuva" filminin çəkiliş meydançasında.

vaxtda Əli İsa Cabbarovun da ssenarisi beşliyə düşmüşdü. Amma onları reallaşdırmaq üçün maliyyə lazımdı. Hərdən ssenarilərimi Mədəniyyət və Turizm Nazirliyinə təqdim eləyirəm. Ancaq onların öz parametrləri var. Pulu onlar verir və öz şərtlərini qoyurlar. Mənim ssenarilərim o şərtlərə uyğun olmur.

-Azərbaycanda kinematoqrafçılar iki qrupa bölünürlər- müstəqil işləməyə üstünlük verənlər və hər şeyə rəğmən nazirliklə işləməyə üstünlük verənlər. Siz də ikinci qrupa daxilsiniz. Heç müstəqil şəkildə film çəkməyə cəhd eləmisiniz?

-Cəhd eləmişəm, ama pul tapa bilməmişəm. Düzü, mənim üçün nazirliklə, ya da müstəqil işləməyin fərqi yoxdu. Nazirliklə də işləmək olar. Bütün dünyada rejissorlar həm də dövlətdən maliyyə alırlar, bu normaldı. Əgər sabah bilsəm ki, hansısa şirkət mənim çəkmək istədiyim filmə pul ayırır, təbii ki, müstəqil işləyərəm. Niyə də yox?! Peşəkara nə sifariş verirlərsə, onu götürüb çəkə bilər. Maliyyənin hardan gəlməyinin fərqi yoxdu.

Buna da bax: "Gənclərin azad şəkildə çəkdiyi qısa filmlər (Video)"

-“Hədiyyə” filminin ssenarisi sizə təklif olunub, ya özünüz seçmisiniz onu?

-Təklif olunub.

-Rejissor ilk növbədə öz ideyaları, öz baxışları, dünyagörüşü olan yaradıcı insandı. Lap sifarişlə də olsa, özünə yaxın bildiyi mövzuları çəkməlidi. “Hədiyyə” ssenarisində sizi nə cəlb elədi ki,çəkməyə razılıq verdiniz?

-“Hədiyyə” yeni il filmidi. Ssenari müəllifi Yusif Şeyxovdu (Mədəniyyət və Turizm Nazirliyində kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri-red.). Ssenari, amerikan yazıçısı O Henrinin “Milad hədiyyəsi” hekayəsinin

Emin Əfəndiyevin "Hədiyyə" filmindən bir səhnə.
Emin Əfəndiyevin "Hədiyyə" filmindən bir səhnə.

motivləri əsasında yazılıb. Həyatda hələ özünü tapmamış iki gənc insanın xoşbəxt olmaq istəyi haqqındadı. Onların maddi durumu çətindi, buna baxmayaraq, yaxşı gələcəyə inanırlar. Ssenarini ekranlaşdırmaq təklifini aldığım ərəfədə mənim də həyatımda o əhvalatdakına bənzər hadisələr baş verirdi və mən hər şeyin yaxşı olacağına inanırdım. Buna görə də həmin əhvalat mənə isti gəldi və fikirləşdim ki, bu sevgi əhvalatını daha yaxşı, emosional hisslərlə insanlara çatdırım.

-Və nikbin sonluqla..

-Və nikbin sonluqla. Əslində nağıllara inanmıram, ancaq hər şeyin yaxşı olacağına inanıram.

-Amma film nağılvari bitir..

-Hə, çünki sifariş eləydi: milad nağıllarında olduğu kimi hər şey yaxşı bitsin. Din nöqteyi-nəzərindən həyatda nə olur-olsun, yaxşılığa doğru olur və haçansa hər şey yaxşı olacaq.

-Filmi hekayədən fərqləndirmək üçün o final əlavə olunub? Hekayədə sevgililər bir-birini öz güclərinə xoşbəxt eləyə bilirlər. Amma bu reallığın toxunduğu kədərli xoşbətlikdi. Sizin filminizdə isə Şaxta babagəlir və onların borclarını silidirir, qəhrəmana iş tapır. Tam iddilik bir xoşbəxtlik alınır..

-Bu, yeni il nağılıdı. Televiziyada göstəriləcək yeni il nağılı. Art-hause filmi deyil. Filmə də o nöqteyi nəzərdən yanaşmaq lazım deyil, necə ki, mən çəkəndə elə yanaşmamışam. Sadəcə mənə tapşırılmışdı ki, filmi çox yaxşı şəkildə təqdim elə, gələcəkdə səninlə tammetrajlı filmdə işləyək. Mən də öz rejissorluq qabiliyyətimi göstərməyə çalışımışam. Bacarmışam, ya yox- ancaq məqsədim bu idi.

Buna da bax: "Bosniyada film çəkən Azərbaycan rejissoru orda gördüklərindən danışır [müsahibə]"

-İmtina etdiyiniz film təkliflər olubmu?

-Olub. Ssenari verilib, xoşuma gəlməyib, çəkməmişəm. Hətta düşünürəm ki, bundan sonra xoşuma gəlməyən ssenariyə quruluş verməyəcəm, yalnız öz istədiyimi çəkəcəyəm. Bəlkə də bu, düzgün mövqe deyil. Belə bir fikir var ki, peşəkar hər şeyi çəkməyi bacarmalıdı. Digər tərəfdən öz istədiyini çəkməyi bacarmaq çox çətindi, daha çox şəxsiyyət olmağı tələb eləyir. Əslində “nobudjet” (“büdcəsiz” və ya “azbüdcəli”-red.) filmdə də büdcə olur. Mən müstəqil çəkmək istəyəndə prodüser ən minimal məbləği hesabladı - həmin məbləğ on min manat civarında alındı. Elə texniki məsələlər var ki, mütləq maliyyə tələb eləyir. Məsələn, “Yuva” filmi azbüdcəlidi, demək olar ki, bir çox

Emin Əfəndiyev "Hədiyyə" filminin yaradıcı heyəti ilə birgə çəkilmiş kadrlara baxır.
Emin Əfəndiyev "Hədiyyə" filminin yaradıcı heyəti ilə birgə çəkilmiş kadrlara baxır.

şeyləri öz hesabımıza eləmişik, yaradıcı heyət cüzi qonorara işləyib, baxamayaraq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib və maliyyə də ayrılmışdı. Ancaq kifayət eləmədi. Çəkilişləri ucqar bir dağ kəndində aparırdıq. Hər gün çəkiliş heyətini ora aparan maşına 50 manat verməli idik. Maşın bir neçə dəfə gedib geri qayıdırdı. Bu isə hər dəfə əlli manat demək idi. Bir gündə 200-300 manat.. Çəkiliş də bir neçə gün davam eləyir. Biz sürücüyə azbüdcəli film çəkdiyimizi necə izah eləyək?! Ya da ən azından, meydançada ac qalmamaq üçün yeməyə pul xərclənməlidi. Ki, aktyor lap təmənnasız gələndə belə ac qalmasın. Ac aktyor oynaya bilməz. Ən azı, bu ehtiyacları mütləq ödəmək laızmdı. Bu isə maddi vəsait tələb eləyir.

-Sizcə, indi Azərbaycanda müstəqil işləmək daha çətindi, yoxsa dövlət sifarişi ilə çəkmək?

-Ümumiyyətlə, kino çəkməyin özü çətin işdi.

-Bu çətinliyə nə qədər dözə bilərsiniz?

-Bilmirəm. Bunu heç fikirləşməmişəm də. Əsas, mübarizə aparıb film çəkmək lazımdı. Ən önəmlisi isə odur ki, film yaxşı alınsın. Məncə, hər şeydən əsas, bütün mübarizələrin mahiyyəti budu: Film yaxşı alınsın.

-Yəqin ki, dünya rejissorlarını izləyirsiniz – üslubunu bəyəndiyiniz, mövzusunu özünüzə yaxın bildiyiniz rejissorlar varmı?

-Lars von Trier, İngmar Bergman. Xüsusilə Bergmanın mövzuları mənə həmişə maraqlıdı və onun kimi çəkmək istəyərdim. Çünki kamera filmləridi və insanın daxili aləmini araşdırır. Dərin psixoloji durumları araşdırmaq çox xoşuma gəlir. Mən də özümü, məhz, bu səpkidə görürəm. Çünki hər şey göründüyü kimi deyil və insanlarda, bu cəmiyyətdə o dərinliyi, alt qatı axtarıb tapmaq mənə maraqlıdı. O ki qaldı Trierə... “Qaranlıqda rəqs edən”,ya da “Dalğaları yararkən” filmləri şedevrdi.“Avropa” filmini çox bəyənirəm.

-İndi yaradıcı fasilə vermisiniz, yoxsa işləyirsiniz?

-Hazırda “Nar bağı” filmində işləyirəm, film haqqında film çəkirəm, öz ssenarilərimi yazıram. Nazirliyə bir neçə sinopsis vermişəm.Təbii ki, heç biri keçməyib. İşləyirəm.

XS
SM
MD
LG