Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:36

«Dövlət borcların çoxunu silməyə məcbur olacaq»


Əkrəm Həsənov
Əkrəm Həsənov

-

Problemli kreditlər istər vətəndaşların, istərsə bankların başağrısı kimi qalmaqdadır. Buna son sübut - Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun 6 nəfərlik ailə başçısı, şuşalı məcburi köçkün Cavid Kamil oğlu Əlixanova 10 günlük həbs cəzası verməsidir. Bu vətəndaş «Nikoyl Bank»dan aldığı 5 min 135 dollar məbləğində krediti ödəyə bilmir. Sözügedən olay yüzlərlə bənzər haldan biridir. Qaytarılma vaxtı ötən kreditlər bankların da ciddi probleminə çevrilib. «Moody`s» beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir ki, Azərbaycanın bank sektorunda problemli kreditlərin xüsusi çəkisi 20 faiz səviyyəsindədir.

Bank məsələləri eksperti, hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində sözə başlarkən, belə kreditlərin yaradacağı problemlərdən və çıxış yollarından danışıb:

- Məncə, yaxın yarımildə problemli borclar, o cümlədən dollarla kreditlər məsələsində dövlətdən heç bir əhəmiyyətli güzəşt olmayacaq. Daha sonra isə borcların silinməsi, heç olmasa, vətəndaşların müflisləşməsi haqqında qanunun qəbulu qaçılmaz sayılacaq. Əks halda - borcların kütləvi ödənməməsi şəraitində iqtisadiyyat çökə bilər.

- İki ildən sonra prezident seçkiləri gəlir. Bəlkə vətəndaşlar həmin seçkiyə ümid bağlasınlar?

- Dediyiniz kimi, 2 ildən sonra prezident seçkiləri olacaq. Deməli, vaxt bankların əleyhinə işləyir. Uzağı, 2018-ci ildə dövlət məsələyə müdaxilə etməyə və borcların çoxunu silməyə məcbur qalacaq. Digər tərəfdən, banklar get-gedə zəifləyəcək və borclulara qarşı çoxsaylı və uzunmüddətli məhkəmə prosesləri apara bilməyəcək. Bankların məhkəmələri ələ alması və bütün qərarları öz xeyirlərinə çıxarması barədə söz-söhbət – bankların buraxdığı şayiələrdir. Bankların o qədər gücü və pulu yoxdur. Digər tərəfdən, biznes kreditləri götürən borclu sahibkarların məhkəmələrə təsir imkanları banklardan daha çoxdur.

- Niyə deyirsiniz ki, vaxtbankların əleyhinə işləyir?

- Vaxt ən çox borcu manatla olanların xeyrinə işləyir, axı yaxın illərdə manatın daha bir kəskin devalvasiyası qaçılmazdır. Beləliklə, onların gələcəkdə qaytaracağı manat xeyli ucuzlaşmış olacaq. Ümumiyyətlə isə, işsizliyin artması, gəlirlərin düşməsi və bahalaşma şəraitində təminatsız kreditlərin əksəriyyəti, faktik olaraq, batıb. Banklar bunu anlayır. Ona görə də çox zaman məsələni məhkəmələrdə deyil, hədə-qorxu ilə həll etməyə çalışır ki, borclular vahimələnərək, haradansa pul tapıb krediti ödəsinlər. Deməli, gəliri olmayan, yaxud az olan şəxs, sadəcə, borcunu ödəməməli və heç nədən qorxmamalıdır. O cümlədən, faiz və cərimələrin artmasından da. Borcunu indi verə bilmirsə, artan məbləğləri haradan ödəyəcək ki?! Belə borclular, əvvəl-axır, özlərini müflis elan edə biləcəklərini də bilməlidirlər. Bu üzdən, məsələnin yalnız məhkəmə müstəvisində həllinə inad göstərsinlər və... Və sonra da məhkəmə qərarını icra edə bilməmələrini bildirsinlər, vəssalam!

- Bəs təminatlı kreditlərdə?

- Burada da məhkəmə prosesinin uzunmüddətli olması borclunun xeyrinədir, çünki təminat qismində, bir qayda olaraq, daşınmaz əmlak girov qoyulur. Onunsa qiyməti düşür və yaxın bir-iki ildə hələ xeyli düşəcək. Deməli, məhkəmə prosesi bankın xeyrinə bitsə də, daşınmaz əmlak satışından əldə edilən vəsait əksər hallarda qalıq borc məbləğindən xeyli az olacaq - üstünə nə qədər faiz gəlsə belə. İstisna deyil ki, borcluların özü də məhkəmə prosesini müxtəlif yollarla uzadacaq ki, axırda açıq hərracdan satılacaq həmin ucuzlaşmış daşınmaz əmlakı yaxınlarının əli ilə elə özləri alsınlar. Qalan borcun tutulmasına isə, sadəcə, mənbə tapılmayacaq və o da batacaq! Beləliklə, problemli borcların ən böyük sirri - vaxtın bankların əleyhinə, borclularınsa lehinə işləməsidir. Buna görə də banklar borclulara həmləni gücləndirəcək ki, bacardığını qopara bilsin. Belə şəraitdə, təbii ki, borclular da prosesi mümkün qədər uzatmaqda maraqlı olacaqlar. Bunu nə qədər çox, kütləvi və uzunmüddətli etsələr, bir o qədər də hamısı udacaq. Xarici təcrübə də göstərir ki, borcluların kütləvi dirənişi bankları iflic vəziyyətə salır və onlarıgüzəştə getməyə məcbur edir.

- Banklara tövsiyəniz nədir?

- Banklara bir daha ciddi və əhəmiyyətli güzəştlərə getməyi məsləhət görürəm. Əks halda, darmadağın olacaqlar! Borclulara isə məsləhətim odur ki, güzəşt gözləməklə özlərini aldatmasınlar. Mübariz olmalı, müqavimət göstərməlidirlər! Məhkəmə proseslərini uduzmaqdan da qorxmasınlar. Bir qismi udacaq, bir qismi uduzacaq həmin prosesləri. Ancaq yekunda hamısı udacaq.

XS
SM
MD
LG