Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:35

Dağlıq Qarabağda statusun həlli niyə mümkün deyil


Qarabağda erməni əsgərlər.
Qarabağda erməni əsgərlər.

-

Bu məsələyə ermənilər o qədər emosional və siyasi mövqedən yanaşırlar ki, hökumətə hətta devrilmə təhlükəsi yaranar; Rusiyanın Suriya müharibəsi davam edir; İŞİD-in İngiltərədə şəbəkəsi var – 28 aprel Qərb mediasının icmalı.

«Dağlıq Qarabağda atışmalar səngiyir və yerini siyasətə verir». «Strafor» Araşdırmalar Mərkəzi yazır ki, cəbhə xəttində son 20 ilin ən böyük toqquşmalarından 3 həftəyə yaxın bir müddət keçir. Atışma səngisə də, siyasət davam edir. Rusiya, Türkiyə, eləcə də Qərb diplomatik səyləri gücləndirir. «Son zorakılıqlardan sonra danışıqlar sürətlənə bilər, ancaq Azərbaycanın separatçı regionunun statusu üzrə daha geniş həll mümkün olmayacaq».

Təhlildə vurğulanır ki, münaqişə son eskalasiyadan əvvəlki duruma qayıtmış görünsə də, istənilən an qızışa bilər.

Daha sonra mərkəz son həftələr bölgəyə səfərlərdən, Rusiya və Türkiyənin bəyanatlarından söz açır.

«Siyasi baxımdan, Azərbaycan status-kvonu uğurla sınağa çəkdi – gərginliyi müvəqqəti artırdı, ancaq eyni zamanda daha böyük müharibəyə çevrilməsinə imkan vermədi. Bu strategiya Bakının geniş strateji maraqlarına xidmət edir – böyük regional oyunçuların diqqətini çəkməklə, münaqişənin danışıqlar yoluyla həlli perspektivini gücləndirdi», - təhlildə deyilir.

Məqalə video- programdan sonra davam edir

Təhlil mərkəzi Ermənistanla Azərbaycanın danışıqlarda «Madrid prinsipləri»nə əsaslandığını, ancaq yekun razılaşma yolunda böyük əngəllərin durduğunu vurğulayır. Əsas əngəl Yerevanın Dağlıq Qarabağda status-kvonu saxlamaq istəyidir. Prezident Sarkisian son toqquşmaların sülh sazişi şansını azaltdığını deyib.

«Bu o demək deyil ki, danışıqlar bərpa olunmayacaq. Ancaq hətta əgər Ermənistan hökuməti Moskvanın təzyiqinə tabe olsa və bəzi güzəştlərə razılaşsa belə, Dağlıq Qarabağın hazırkı statusunun dəyişdirilməsinə getməyəcək. Bu məsələyə ermənilər o qədər emosional və siyasi yanaşırlar ki, bu, hökumətə hətta devrilmə təhlükəsi yaradar».

«Əks ritorika sərgiləməsinə baxmayaraq, Rusiya da mübahisəli regionda status-kvonu dəyişmək istəyini aydın bəlli etmir. Əvəzində Moskva idarəolunan münaqişənin saxlanmasında maraqlıdır - nə dondurulmuş olsun, nə də qaynasın. Elə bir münaqişə ki, Rusiya Ermənistan və Azərbaycan arasında əsas arbitr rolunda qalsın. Belə bir ssenari Moskvanın hər iki ölkədə nüfuzunu gücləndirər».

«Gələn həftələrdə Dağlıq Qarabağ üzrə diplomatik fəaliyyət güclənəcək, regional oyunçular tərəflərə sülh danışıqlarına görə təzyiq göstərəcək. Ancaq yaxın, yaxud orta perspektivdə münaqişənin daha böyük, hətta qismən həlli mümkün görünmür; sadəcə, xeyli sayda çətinləşdirici faktorlar və sazişi əngəlləməkdə maraqlı tərəflər var. Sonuc olaraq, Dağlıq Qarabağda münaqişənin qızışması ehtimalı qalacaq ki, bunun da təsiri bu kiçik mübahisəli ərazinin sərhədlərini xeyli aşır».

Rusiya təyyarəsi Suriya səmasında.
Rusiya təyyarəsi Suriya səmasında.

RUSİYANIN SURİYA MÜHARİBƏSİ DAVAM EDİR

Suriyada atəşkəs pozulduqca və sülh danışıqları yubandıqca, Rusiya ordusu və müttəfiqləri Hələb ətrafında yeni hücuma güc toplayır. Bunu BBC.com-da diplomatik məsələlər üzrə jurnalist Jonathan Marcus yazır.

Müəllif yazır ki, prezident Vladimir Putin-in martın ortasında Suriyadan qüvvələri çıxarmağa başladığını elan etməsinə baxmayaraq, prezident Assad rejimini qətiyyətlə dəstəkləyir. Üstəlik, Suriya hökumətinin mövqeyinin möhkəmlənməsinə çalışır, ancaq daimi olaraq Suriyadakı döyüşlərin iştirakçısına çevrilmək də istəmir.

ABŞ Rusiyanı qərbpərəst qruplara zərbə endirməsinə görə dəfələrlə tənqid edib. Rusiya da «İslam Dövləti» qruplaşmasını və «əl-Nusra» «terrorçuları»nı vurduğunu etiraf edir.

ABŞ-da mənzillənən təhlilçi Michael Kofman deyir ki, Suriyadan çıxmasını elan etməzdən bir həftə öncə Rusiya daha çox Palmira ətrafında İŞİD-i vurmağa başladı və son dövrlər məhz İŞİD-ə fokuslanıb.

Peyk təsvirləri Latakiya yaxınlığındakı Hmeymim hava bazasındakı iki uçuş zolağından birinin bağlandığını göstərir. Ancaq Rusiyaya məxsus xeyli sayda qüvvə Suriyada qalmaqdadır. Üstəlik, ABŞ və digər mənbələr Hələb cəbhəsinə doğru Rusiya artilleriya bölmələrinin irəlilədiyini aşkarlayıblar. İndilik bütün gözlər Hələbə dikilib.

İŞİD yaraqlısı.
İŞİD yaraqlısı.

İŞİD-İN İNGİLTƏRƏDƏ ŞƏBƏKƏSİ VAR

Amerika təhlükəsizlik xidmətləri «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının Böyük Britaniya və digər Avropa ölkələrində terror şəbəkələrinin hücumlar planlaşdırmasına dair dəlil tapıb. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru James Clapper deyib ki, silahlıların mütəşəkkil qrupları Almaniya, İngiltərə və İtaliyada fəaldırlar. Məlumatı «The Independent» qəzeti yayıb.

Vaşinqtonda bir tədbirdə danışan Clapper bildirib ki, ABŞ kəşfiyyat materiallarını avropalı müttəfiqlərlə paylaşmaqdan ötrü əlindən gələni edir.

Onun sözlərinə görə, İŞİD-in Avropadakı şəbəkələrində fanatiklər cəmləşib, onlar yüksəksəviyyəli təhlükəsizlik tədbirləri görürlər və müəyyən dərəcədə qaçqın böhranından faydalanırlar.

«Heç də həmişə tam mənzərə əlimizdə olmur, olsaydı, hücumların qarşısı asanlıqla alınardı», - deyən Clapper onu da sözlərinə əlavə edib ki, cihadçılar nəzarət metodlarından xəbərdardırlar və kodlaşdırılmış applikasiyalar vasitəsilə bu nəzarətdən yayınmağa çalışırlar.

XS
SM
MD
LG