Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:34

Papa geylərə və boşanan cütlüklərə qucaq açır


Papa Fransisk
Papa Fransisk

►Roma Papası Fransiskdən islahatlar

Bu ilin aprelində Roma Papası Fransiskin Katolik kilsəsini rəsmi doktrinalarda dəyişiklik etmədən əməldə daha tolerant olmağa çağıran yazısı dərc edilib.

Yazı "Ailədə sevgi" (latınca "Amoris Laetitia") adlanır.

O, bütün dünyada rahibləri gey və lesbianları, boşananları və kilsənin "qeyri-ənənəvi" saydığı cütlükləri qəbul etməyə çağırıb.

Papa din xadimlərini oturuşmuş qaydalara kor-koranə əməl etməkdənsə daha çox məntiqlə hərəkət etməyə dəvət edib.

"Hər şeyin, ağ və ya qara olduğunu düşünərək biz bəzən mərhəmətin və yüksəlişin yolunu bağlamış oluruq," deyə Papa yazır.

Papanın 260 səhifəlik bu yazısı çoxdan gözlənilirdi. 2014 və 2015-ci illərdə Papa Fransisk iki dəfə dünyanın katolik rahiblərini bu məsələləri sinodlarda müzakirə etməyə çağırmışdı.

Üç il əvvəl Papa olmuş Fransiskin fəaliyyətini izləyənlər üçün onun bu yeni yazısı sürpriz olmamalıdır. Bu həmin papadır ki, homoseksuallıq barədə suala "Mən kiməm ki, mühakimə edim?" cavabını vermişdi.

Lakin cümə günü işıq üzü görmüş yazı adi yazı deyil, din aləmində "apostol nəsihəti" adlandırılan bir sənəddir.

Başqa sözlə, bu yazı papanın katoliklərə həyatlarını necə yaşamalalı olduqları barədə nəsihətidir. Bu, Papa Fransiskin papalıq dövründə dərc etdiyi ikinci nəsihətdir.

Yezuit rahibi, keşiş James Martin deyir ki, papanın məqsədi "hər kəsin Allahın sevgisini hiss etməsinə" və kilsənin istəkli üzvü olduğunu anlamasına yardım etməkdir. Keşiş Martin bu yazını "İnqilabi sənəd" adlandırıb.

Monteneqroda gey parad
Monteneqroda gey parad

Papa yazır ki, boşanmışlar özlərini Kilsənin bir hissəsi kimi hiss etməlidirlər. Onun sözlərinə görə, bundan sonra "nizamsız həyat yaşayanlara" daha "günaha batıb" deyilə, onların katolik icmaların müəyyən ayinlərində iştirakına qadağa qoyula bilməz.

Papa bu sənəddə homoseksuallıq, evlilik, doğuşa nəzarət və abortlar barədə katolik doktrinasını dəyişmir. Əslində o, bir daha vurğulayır ki, kişi ilə qadın arasında nikah Kilsənin idealıdır və digər ittifaqlardan üstündür.

Papa həmçinin "təhlükəsiz seks" ifadəsini işlətməkdən də çəkinib. O yazır ki, bu ifadə dünyaya gələcək uşaq düşmənmiş kimi ondan qorunmağı nəzərdə tutur.

Papa Fransisk bu sənəddə mühakimədən daha çox tolerantlığa və mərhəmədə çağırır.

"İdeal ailənin stereotipi yoxdur. Əvəzində bütün sevincləri, ümidləri və problemləri ilə birlikdə fərqli reallıqlardan ibarət mürəkkəb mozaika var," deyə Papa yazır.

Papa qeyd edir ki, "cinsi orientasiyasından asılı olmayaraq hər bir şəxsə ləyaqətinə görə hörmət göstərilməlidir."

Vatikanın hesablamalarına görə, dünyada 1,2 milyar katolik var. Qeyd edilir ki, bu, dünyadakı xristianların yarısından çoxdur..

Papa rahiblərə deyir ki, onlar öz yerli şəraitlərinə, mədəniyyətlərinə və adət-ənənələrinə uyğun qərarlar qəbul etməlidirlər.

Yazıda Papa həmçinin evli cütlüklərin üzləşdiyi praktik problemlərə toxunur və onların öhdəsindən gəlmək üçün məsləhətlər də verir.

Buna da bax: Papa miqrantların ayağını yudu

XS
SM
MD
LG