Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:39

“Mərkəzi Bank dollar tələbini ödəyə bilməyəcək”


►Mərkəzi Bank son valyuta hərraclarında bankların məcmu tələbini açıqlamır

Mərkəzi Bank (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov bankların xarici valyutaya ehtiyacının ödəndiyini bildirib:

“Banklar, demək olar, ehtiyac duyduqları qədər valyuta alırlar. Başqa, paralel proses getmir. Bu gün də (martın 2-də – red.) valyuta hərracı baş tutacaq və bazarın tələbatı ödəniləcək”. Baş bankir bu sözləri jurnalistlərə ünvanlayıb.

Bankların dollara tələbatı açıqlanmır

MB dekabrın 21-də baş verən 2-ci devalvasiyadan sonra ard-arda valyuta hərracları keçirir. Hərraclarla bağlı məlumatlarda bankların dollara toplam tələbatı daim açıqlanır və tələbin tam ödəndiyi. Tək bir bankın qatıldığı hərrac da olmuşdu, ancaq fevralın 24-də ilk dəfə bankların toplam tələbatı qarşılanmadı. Bəlli söz-söhbətə yol açan həmin hərracdan sonra keçirilən 2 hərracda bankların dollara toplam tələbi açıqlanmadı. Bu hallar dollara ehtiyacın ödənib-ödənməməsiylə bağlı təbii şübhələr doğurur.

“Tələbin tam ödəndiyini söyləmək mümkün deyil”

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadiyyat araşdırıcısı Vüqar Bayramovun sözlərinə görə, hərraclarda dollara tələbatın ödənməməsi səbəblərini əsaslandırmaq çətindir:

“Çünki MB-nin, hələlik, 4 milyard dollar valyuta ehtiyatı var. Amma reallıq bundan ibarətdir ki, ötən həftə banklar 67 milyon dollar istəsə də, MB hərraca cəmi 30 milyon dollar çıxara bildi. Bu isə tələbin ödənilmədiyindən xəbər verir. Deməli, səbəb nə olsa da, dollara tələbin tam ödəndiyini söyləmək mümkün deyil”.

V.Bayramovun fikrincə, bu durum manatı da dəyərsizləşdirir:

“Artıq bir həftədir ki, manat dollarla müqayisədə dəyər itirir. Son günlər dollara tələbin tam ödənilməsində problemlərin olduğu müşahidə edilir”.

İqtisadçı ekspert Rəşad Həsənov bir həftə öncəyədək bankların dollara tələbatının azalma səbəblərini belə açıqlayır:

“İlin əvvəlindən iqtisadi fəallığın azalması, idxalın kəskin enməsi, yanvarın 2-ci yarısından bəri devalvasiya hay-küyünün səngiməsi və MB-nin ictimai rəyi hədəfləyən məzənnə siyasəti son 4-5 həftədə dollar tələbini aşağı salıb. Digər tərəfdən qısa müddətdə sürətli dollarlaşma və dövlətin fiskal siyasəti dövriyyədə manat qıtlığı doğurdu. Bu səbəbdən, biznesin və vətəndaşın əlindəki dolların bəlli qismi yenidən valyuta bazarlarına axdı. Bu, manata basqıları nisbətən zəiflətdi. Deməli, əslində, dollara tələbatın qarşılanmasında MB-nin ciddi problemi yox idi”.

“İdxal ehtiyacının yüksəlməsi...”

Ekspertin fikrincə, fevralın sonlarından bəri ölkədə idxal ehtiyacının yüksəlməsi daxili bazarda dollara tələbi çoxaldıb:

“Beləliklə, təxminən 6 gün ərzində MB və Dövlət Neft Fondu banklara 210 milyon dollar satış etdi. Prosesin sürəcəyi və MB-nin dollara tələbatı ödəyə bilməyəcəyi gözləniləndir”.

XS
SM
MD
LG