Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:34

Neft razılaşmasında əncir yarpağı söhbəti


Qətərin energetika naziri Mohammad bin Saleh al-Sada, Səudiyyə Ərəbistanın neft naziri Ali al-Naimi, Venesuelanın neft naziri Eulogio del Pino və Rusiyanın energetika naziri Aleksandr Novak Dohada birgə mətbuat konfransında – 16 fevral 2016
Qətərin energetika naziri Mohammad bin Saleh al-Sada, Səudiyyə Ərəbistanın neft naziri Ali al-Naimi, Venesuelanın neft naziri Eulogio del Pino və Rusiyanın energetika naziri Aleksandr Novak Dohada birgə mətbuat konfransında – 16 fevral 2016

-

«Qətərin paytaxtı razılaşmalardan ötrü elə də uğurlu məkan deyil. Dohada ümumdünya ticarət danışıqları 15 ildir gedir. Fevralın 16-da Səudiyyə Ərəbistanı ilə Rusiyanın neft hasilatının dondurulması üzrə razılaşması da qiymətlərə təsir göstərməyi hədəfləyən, heç vaxt bitməyəcək bir saqaya bənzəyir».

«The Economist» yazır ki, əslində hasilatın dondurulması üzrə istənilən müzakirə qiyməyə müsbət təsir göstərir. Ancaq çoxlu əmmalar var. Səudiyyə Ərəbistanı, Rusiya və İraq yanvarda rekord səviyyədə neft istehsal edirdi. Ona görə də hasilatı dondurmaq aşırı təklifi cüzi məhdudlaşdıra biləcək. İran isə sanksiyalar qaldırılandan sonra Avropaya ilk neftini göndərib və martın sonunadək ixracı günə 500 min barrel artırmağı planlayır.

«Yaxın Şərq üzrə bir neft eksperti şübhələnir ki, Doha görüşü, sadəcə, Qətərin danışıqların baş tutması üçün əl atdığı bir fənd idi. Onun fikrincə, həm Rusiya, həm də Səudiyyə digərinin hasilatı azaltmağa razılaşdığını düşünüb. Ancaq danışıqlar masasında anlayıblar ki, belə bir razılaşma yoxdur. Lakin bu etirafın neftin qiymətinə təsirindən çəkiniblər, «əncir yarpağı»na əl ataraq «hasilatı dondurmaq» ifadəsindən istifadə ediblər. Onu da bilirdilər ki, dondurmaq söhbəti alınmasa, bunu İranın üzərinə yıxmaq olar».

«Hətta əgər bir gün böyük istehsalçılar qiymətlərin çox düşdüyünü görüb koordinasiyalı şəkildə istehsalı azaltsalar, bu da müvəqqəti nəfəslik rolunu oynayacaq. Qiymətlərin artmasından cuşa gələn amerikalı istehsalçılar dərhal estafeti ələ keçirəcəklər», -«The Economist» yazır.

Bashar al-Assad və Vladimir Putin Kremldə - 2015
Bashar al-Assad və Vladimir Putin Kremldə - 2015

PUTIN-Ə SURİYA ATƏŞKƏSİ NİYƏ LAZIMDIR

«Newsweek» Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Tony Brenton-un məqaləsini dərc edib. Müəllif vurğulayır ki, çoxları Suriyada atəşkəsin bu dəfə də alınmayacağını düşünür, çünki Rusiya daha çox vaxt istəyirdi:

«Qərbin qənaətincə, Rusiya Suriya prezidenti Bashar al-Assad-ın tam qələbə çalmasına kömək etmək istəyir. Yanlış fikirdir. Rusiya bilir ki, Assad 2011-ci ilin «Ərəb baharı»ndan öncəki ərazilərə tam nəzarəti ələ ala bilməyəcək. Rusiya Suriyada Qərbin gücsüzlüyü ortaya çıxandan sonra hərəkətə keçdi. ABŞ prezidenti Barack Obama Assad-ın 2013-cü ildə kimyəvi silahlardan istifadəsinə qarşı bir addım atmayanda, Putin ona zəif və bacarıqsız kimi baxmağa başladı».

Keçmiş səfir yazır ki, Rusiyanın atəşkəsi pozacağı real görünmür. Assad Suriyanı yenidən zəbt edəcəyini deyib, bəzi müxalifət qrupları da atəşkəsə qoşulmayacağını bildirib və ola bilsin, quru qüvvələr döyüşləri davam etdirəcək:

«Rusiya Assad-a kömək üçün quru qüvvələri göndərən deyil. Əfqanıstan müharibəsi hələ yaddaşlardan silinməyib… Putin-in ehtiyatlı yanaşmasının daha bir səbəbi odur ki, Suriyada itkilər artdıqca, ölkə daxilində ictimai qəzəb güclənə bilər. Rusiyada bu payız parlament seçkiləri keçiriləcək… Hazırda Putin-in reytinqi yüksəkdir. Bir səbəb də Ukrayna və Suriyaya müdaxilədir. Ancaq iqtisadiyyat ziyandadır, beynəlxalq sanksiyalardan daha çox neftin ucuzlaşması təsirini göstərib. Putin-in prezidentliyi dövründə ilk dəfə olaraq həyat standartları düşür. Putin və yaxın ətrafı bu ağrının hakim partiyanın parlamentdəki yerlərinin sayına təsirindən qorxur».

ABŞ və Rusiya bayraqları.
ABŞ və Rusiya bayraqları.

AMERİKALILAR RUSİYAYA ELƏ DƏ PİS BAXMIR

Amerikalıların Rusiyaya baxışı ötən ilkinə nisbətən bir az yaxşılaşıb. 2015-ci ildə 24% bu ölkəyə müsbət baxırdısa, bu il bu rəqəm 30% olub. Bunu «Gallup» sorğu mərkəzi üzə çıxarıb.

«Soyuq müharibə», Aşkarlıq dövründən sonra, 2002-ci ildə amerikalıların 66%-i Rusiyaya müsbət yanaşmağa başlamışdı. Amma Vladimir Putin 2012-ci ildə prezidentliyə qayıdanda rəqəm düşməyə başladı, Ukrayna böhranı ucbatından ötən il 24%-ə endi.

«Gallup»un fevralın 3-7-də apardığı sorğu göstərir ki, rəğbət yüksəlir. Ola bilsin, bir səbəb Rusiyanın 2013-2014-cü illərdə olduğu kimi, xəbər başlıqlarında çox yer almamasıdır.

Gənclər, 18-34 yaşlılar Rusiyaya daha yaxşı münasibətdədir, rəğbət bəsləyənlər 43%-dir. Bunun bir səbəbi bu nəslin «Soyuq müharibə» dövrünü yaşamaması, Rusiyanın ABŞ-ın düşməni hesab edildiyi dövrü görməməsi ilə bağlıdır.

Siyasi dairələrdə isə Rusiyanın reytinqi 29-32% arasında dəyişir.

Eurovision-2014
Eurovision-2014

«AVROVİZİYA»DA SƏSVERMƏ QAYDALARI DƏYİŞİR

«Avroviziya» (Eurovision) Mahnı Müsabiqəsi 1975-ci ildən bəri ilk dəfə olaraq səsvermə qaydalarını dəyişir. Məlumatı BBC yayıb.

Əvvəlki illər hər bir ölkədə jüri və tamaşaçıların səsləri birləşdirilib elan edilirdi. İndi isə bu səslər ayrılacaq və bütün ölkələrdən gələn tamaşaçı səsləri toplanıb sonda elan olunacaq.

Təşkilatçıların fikrincə, bu, finişi daha da dramatikləşdirəcək, çünki qalib ancaq sonda bilinəcək. Öncəki illərdə səsvermənin sonuna 20 dəqiqə qalmış artıq qalib bilinirdi.

Builki şounun icraçı prodüseri Martin Osterdahl deyib ki, format dəyişikliyi müsabiqəyə yeni həyəcan ruhu gətirəcək.

«Bu yeni səsvermə sistemi irəliyə böyük bir addımdır», - müsabiqənin icraçı rəhbəri Jon Ola Sand deyib. «Bu, daha yaxşı televiziya şousu və daha həyəcanlı müsabiqəylə sonuclanacaq».

Yarımfinallarda da eyni səsvermə sistemi tətbiq olunacaq.

«Avroviziya» finalı mayın 14-də Stokholmda keçiriləcək.

XS
SM
MD
LG