Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:32

Devalvasiyadan sonra toylar necə keçir?


Toy. Yazıya illüstrasiya
Toy. Yazıya illüstrasiya

-

"Masalarda əvvəlki çeşidlilik yox idi. Gic-gic salatlar seyrəlmişdi. Masada barmaq basmağa xeyli yer vardı."

Rəşad Babalı

DEVALVASİYANIN TOYU

Rəşad Babalı
Rəşad Babalı

Əhəmiyyətini sonralar anlayacağımız son devalvasiyadan sonra cəmiyyətdə baş verən dəyişiklikləri izləmək hobbi kimidir mənə.

Bəzi şeylərin dəyişdiyini görə bilsəm də, mənzərənin tamlığını anlamaq üçün başqa sahələrə baş çəkmək lazımıydı. Elə yerlərin başında el şənlikləri gəlir.

Toylara çox gedən deyiləm. Bir çox bəhanə gətirərdim, amma ən əsasını deyim ki, o qədər pulum yoxdu toylara getməyə. Toya saldığım pula çox heyfim gəlir. Ən son nə zaman getdiyimi belə, unutmuşam.

Devalvasiyadan sonrakı toyları görməyi çox istəsəm də, mümkün olmurdu. Lakin bir dostum məni bu əziyyətdən qurtardı. Ötən həftə onu toya çağrıblar. Toyda gördüklərini onun sözləriylə deməyə çalışacam. Əlbəttə, ümumi formada:

Salona girəndə hiss etdim ki, böhran nəyi var, təsir edib bizə. Masalarda əvvəlki çeşidlilik yox idi. Gic-gic salatlar seyrəlmişdi. Masada barmaq basmağa xeyli yer vardı. Rəngbərəng sular, içkilər ərimişdi.

Masanın sadələşməsi millətə elə ləzzət eləmişdi ki, heç kim yeni qənaət rejimindən şikayətlənmədi. Əksinə, dəstəklədilər. İndi adam kimi nə yediyimiz bilinir, az olsun, keyfiyyətli olsun, qalan yeməklər xarab olurdu, israfçılıq edilirdi. Yeməklərin çeşidi azalsa da, dadı artmışdı elə bil.

Toyun əvvəlində məclis sahiblərinin üzündə açıq-aşkar oxunan təlaş sonuna yaxın yoxa çıxdı. Ondan qorxurdular ki, qənaət rejimi qonaqların xoşuna gəlməyəcək. Bir-iki cırtqoz qohumdan başqa, kimsə narazı deyildi. Nəmər kimi atacaqları pulun azlığına görə də utanc hissi qalmamışdı. Ona görə ki, masa da zamana uyğunlaşdırılmışdı.

Dostumun son toy təəssüratı böhranın insanları necə dəyişdirdiyini bir daha göstərir. Həm də məşhur bir məsəli yada salır: Bir müsibət min nəsihətdən yaxşıdı.

Bəli, min nəsihət bu xalqa təsir etməmişdi. Dəfələrlə deyilmişdi ki, neft pullarının parıltısına aldanmayın, təməli çürükdü bu cah-cəlalın. Kimə deyirsən?! Belə deyəndə adamı hoydu-hoyduya salırdılar ki, sən bacarıqsızsan, əlindən bir iş gəlmədiyi üçün deyinirsən...

Bunlar toyu daha baha şadlıq evində keçirmək və baha müğənnini dəvət etmək üstündə yarışanda bəzi qonşu xalqlar kitabxana açmaqda yarışırdılar.

Həmin qafa toyu daha baha şadlıq evində keçirmək və baha müğənnini dəvət etmək üstündə yarışanda qonşu xalqlar inkişafda yarışırdılar. Qonşu xalqlar kitabxanaların sayını artıranda biz əzəmətli şadlıq saraylarıyla öyündük.

Şadlıq evləri şadlıq saraylarına, axıra yaxın isə “palace”lara çevrildilər. Devalvasiya olmasaydı, “inkişaf”ın daha haralara gedəcəyini təxmin etmək çətin olardı.

Böhran analoqsuz inkişafın ipini çəkməklə toy sənayesinə də birdən dur dedi. Yarım saatlıq çıxış üçün fantastik qiymətlər qoyan müğənni tayfası artıq endirimlərə gedir, ancaq yenə də əvvəlki kimi toy tuta bilmirlər. Əksinə, onların özlərinə toy tuturlar, Vergilər Nazirliyi canlarına oxuyur. Mənafeələrinə toxunduğu üçün müğənnilər səslərini çıxarmağa başlayıblar. Bu gedişlə bağırtıları daha yüksəkdən eşidiləcək.

Böhran insanlarımızın göstəriş həvəsini məcburən azaldıbsa, sevinmək lazımdır. Yəni bir müsibət bəlkə ağıllandırdı. Başqa sahələrdəki bədxərcliyin həyatlarına birbaşa təsirini anlayacaq səviyyəyə gəldiklərini bilmirəm. Məncə, hələ tezdir. Ancaq ona da gələcəklər. Havayı pul azaldıqca başa düşəcəklər ki, daşa divara, səkilərə, heykəllərə, aqlaylara, asfaltlara xərclənən pullar onun xəstə canına, avam övladına, darıxdırıcı həyatını məna qatmağa sərf oluna bilərdi.

Hələ ki, bunu qavraya bilmirlər. Anlayana qədər isə böhrana davam.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG