Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:42

Devalvasiya məmurların həyatında da hiss olunurmu?


Karikatura. Kasıbçılıq.
Karikatura. Kasıbçılıq.

-

Media ölkədə baş verənlərə sanki fərqli prizmalardan baxır. Müstəqil, müxalif media böhran və onun fəsadlarından, rəsmi mətbuat isə inkişafdan danışır.
«Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu inkişaf, tərəqqi yoludur»- deyə «Azərbaycan» qəzeti ölkədə böhran yaşanmadığını ifadə edir...

BÖHRAN MƏMURLARIN GÜZARANINA TƏSİR ETMƏYİB...

«Azadlıq» qəzeti isə yazır ki, məmurlar ölkədə böhranın olmamasını deməklə həqiqəti xalqdan gizlədirlər.

««Azərbaycanda böhran hiss edilmədi». Bu bəyanatı «Qaçqınkom»un sədri Əli Həsənov Quzanlı qəsəbəsində Ağdam, Laçın, Xocalı və Xocavənd rayonlarının təmsilçiləri ilə görüşdə səsləndirib. Ac vətəndaş önündə bu ifadəni işlətmək, vətəndaşı ələ salmaqdır» - deyə «Azadlıq» qəzeti Ə.Həsənovun bəyanatına münasibət bildirir:

«Bəli, böhran Əli Həsənova, onun komanda yoldaşlarına təsir etməyib. Əli Həsənov banka kredit ödəmir, ödəniş edə bilmədiyi üçün işığı, suyu, qazı kəsilmir, təhsil haqqı problemi yoxdur, soyuducusu doludur. 150-200 manatın ümidinə qalmayıb, müalicə olunmaq, dərman almaq çətinliyi yaşamır, kirayədə qalmır, işsizlikdən əziyyət çəkmir və s. Ona görə də Əli Həsənov vətəndaşın yaşayışını öz arşını ilə ölçməsin. Bu ölkədə aylarla ət ala bilməyən, illərlə övladına üst geyimi almayan, borc içində batan yüz minlərlə ailə var».

Qəzetə qeyd edir ki, bahalı villalarda yaşayan, bahalı avtomobillərdə gəzən, dünyanın müxtəlif ölkələrində istirahət edən məmurlara böhranın təsiri yoxdur:
«Ə.Həsənov sabah nə tapıb yeyəcəyinin dərdini çəkməyib, övladına 2 manat yolpulu verə bilməməyin əzabını yaşamayıb. Ona görə də gözlərinə böhran görünmür».

Məqalədə sonra da oxuyuruq: «Hökumət ölkədəki ağır durumu dünyadakı böhranla əlaqələndirmək istəyir. Reallıq budur ki, dünyada böhran yoxdur. Hansı neft ölkəsində valyuta 130 faiz devalvasiyaya uğrayıb, hansında əhalinin az qala yarısı borc içindədir? Hansı ölkədə bütün məhsulların qiyməti 30-40 faiz qalxıb?»-deyə qəzet ölkədə yaşanan bütün faciələrin səbəbi kimi mövcud idarəetməni göstərir.

«TEREZA ANA BACILARI»

«Exo» qəzeti Bakıda evsizlərin yerləşdirildiyi yeganə «Tereza Ana bacıları» sığınacağının təmsilçilərinə əsasən bu mövzuya toxunur. Qeyd edilir ki, evsizlər üçün Azərbaycanda dövlət sığınacaqları yoxdur.

«Son iki ildə Azərbaycanda evsizlərin sayı azalıb, amma iqtisadi böhran aztəminatlı insanların, eləcə də evsizlərin sayını artıra bilər» - deyə sığınacağın təmsilçilərindən Larisa Reyxrudel bildirir. L.Reyxrudel hazırda sığınacaqda 25 evsiz adamın yaşadığını deyir.

İntihar
İntihar

Hüquqşünas R.Əliyev isə evsiz şəxslərin qeydiyyatı məsələsində qanunvericilikdə ciddi boşluqlar olduğunu deyir.

«İNTİHARLARA BAXIB, KREDİT BORCU OLANLARA GÜZƏŞTƏ GETMƏK LAZIMDIR»

«Novoye Vremya» qəzeti ölkədə artmaqda olan intiharlarla bağlı «Nə baş verir?» adlı məqalə dərc edib.

«Fevralın 10 günündə Azərbaycanda 12 insan intiharla həyatına son qoyub. Cəmiyyət bütün ciddiliyi ilə «nə baş verir» sualını gündəmə gətirir» - deyə qəzet bu intiharların cəmiyyətdə ciddi narahatlıqlara səbəb olduğunu vurğulayır.

İntihara bütün yaş kateqoriyasından olan şəxslərin əl atmasına toxunan qəzet bu mənada hamını ağıldan kəm saymağın düzgün olmadığını bildirir. Qəzetə görə, bütün bunları sırf insanların psixoloji dururmu ilə əsaslandırmaq da doğru deyil.

Qəzet intiharlar arasında kredit borcu olanların xüsusi yer tutması üzərində durur: «Bu intihar statistikasını nəzərə alaraq kredit borcu olanlara güzəştə getmək lazımdır».

«İndi bankirlər və məmurlar ciblərinə yox, cəmiyyətin mənafeyinə işləməyi bacarmalıdırlar. O zaman intiharlar da azalmağa doğru gedər» - deyə qəzet yekun rəy bildirir

SAVADSIZLIQ VƏ YOXSULLUQ CİNAYƏTƏ YOL AÇIR...

«Yeni Müsavat» qəzeti isə ölkədə kriminal halların artması ilə bağlı vətəndaşlar arasında video-sorğu keçirib.

Respondentlərin bir qisminə görə, kriminalın artmasına səbəb cahillik, təhsilsizlikdir.

Başqa bir qisim hesab edir ki, sosial həyatın ağırlaşması, dolanışığın çətinləşməsi, işsizlik, kriminal hadisələrin sayını artırır: «Əvvəl kəndlərdə, şəhərlərdə ziyalılar örnək idilər, xalq da geniş mənada onlara meyllənirdi. İndi həmin ziyalıların yerini kriminallar tutur. Digər tərəfdən icra hakimiyyətlərinin xalqa davranışı da kriminal hadisələrin sayını artırır».

Başqa bir vətəndaş isə deyir: «Kriminalın artması sosial həyatın ağırlaşması ilə birbaşa bağlıdır. Sosial həyat ağırlaşdıqca kriminal artacaq, yaxşılaşdıqca isə əksinə, azalacaq».

Neft
Neft

DÜNYA BANKININ NÜMAYƏNDƏSİ İSLAHATLARA ÜMİD EDİR

«Dünya Bankı Azərbaycanla daim tərəfdaşlıq edəcək». Bunu isə «Bizim Yol» qəzeti yazır. Qəzet bankın Azərbaycan təmsilçisi Larisa Leshchenko-nun Bakıda V Vergi Forumdakı səsləndirdiyi fikirlərə yer verir.

«Neftin qiyməti aşağı düşdüyü, enerji bazarında yaranan qeyri-müəyyən durumda Azərbaycan iqtisadiyyatının şaxələnməsinə yardım etmək istəyirik. Düşünmürük ki, neftin qiyməti qısa zaman kəsiyində əvvəlki səviyyəsinə qayıda bilər. İqtisadiyyatın dayanıqlığını, kənar risklərə müqavimətini artırmalıyıq» - deyə bank təmsilçisi bildirir .

L.Leshchenko əlavə edir ki, iqtisadi islahatların aparılmasına ehtiyac var: «Ötən ilin birinci yarısında neftin qiyməti 60 dollar olarkən, iqtisadi artım 5.7 faiz olmuşdu. İlin ikinci yarısında neftin qiyməti ucuzlaşanda artım tempi müəyyən qədər zəiflədi. Qeyri-neft gəlirləri ÜDM-də 17.5 faiz, büdcədə 48 faiz təşkil edir. Bu, müsbət bir tendensiyadır».

Xanım Leshchenko kiçik və orta sahibkarlığın inkişafı üçün vergi islahatlarının aparılmasını vacib addım sayır.

«Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Bəzən 32 faiz bir sıra hallarda isə 50 faiz olduğu qeyd edilir. Böhranla üzləşən ölkələrdə iki təmayül müşahidə olunur: Birincisi, bir tərəfdən iqtisadi nəzarət gücləndiyinə görə kölgə iqtisadiyyatı azalır. Digər tərəfdən böhranla üzləşən vergi ödəyiciləri üzərilərinə düşən vergi mükəlləfiyyətini azaltmaq üçün müxtəlif yollar axtarırlar. Vergilərin sadələşdirilməsi kiçik və orta sahibkarlığın inkişafı üçün çox önəm daşıyır. Ümid edirəm ki, yeni islahatlar aparılacaq» - deyə L.Leshchenko bildirib.

XS
SM
MD
LG