Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:39

İntihara cəhd edən sahibkar: «Geriyə yolum yoxdur»


Dönməz Məmmədov
Dönməz Məmmədov

-

Ötən həftəsonu «Amal-D» MMC-nin başçısı Dönməz Məmmədov Bakıda körpüyə qalxaraq intihara əl atdı. Hüquq-mühafizə orqanları onu fikrindən daşındıra bildilər. Bəs sahibkarı intihara əl atmağa vadar edən səbəbləri necə, aradan qaldırdılarmı?

Sumqayıtda iki marşrut xəttini işlədən Dönməz Məmmədov AzadlıqRadiosunun suallarını cavablandırır:

– Dönməz bəy, sərnişindaşıma ilə nə vaxtdan məşğulsunuz?

– 2001-ci ildən sonra şəhərlərarası sərnişindaşıma ilə məşğulam. O vaxt Sumqayıtdan ölkənin şimal bölgəsi istiqamətinə gedən bütün marşrutlar məndə idi. Bəzi yüksəkvəzifəli məmurlar məni sıxışdıra-sıxışdıra bu marşrutları əlimdən aldılar. İndi iki marşrutum qalıb: Sumqayıt-Bakı, Sumqayıt-Sədərək bazarı istiqamətinə işləyən xətlərdir. Onun da Sumqayıt-Sədərək xəttini bağlayıblar. Mən də buna etiraz edirəm, çünki 2017-ci ilə qədər bu işlə məşğul olmaq üçün lisenziyam var. Bu xətt üzrə də işimdə hər hansı bir nöqsan olduğunu deməyiblər. Varsa, desinlər, xəbərdarlıq etsinlər.

– Siz bir il əvvəl də təzyiqlərlə üzləşdiyinizi əsas gətirib Gürcüstanda aclıq aksiyası keçirmisiniz.

__________________________________________________________

Bu videolara da bax:

__________________________________________________________

– Bəli, o vaxt iki xəttimin ikisini də əlimdən aldılar. Ötən ilin mayında mənə dedilər ki, «MTN-in yerli şöbəsinə haqq verməlisən». Böyük məbləğ idi, buna gücüm çatmadı, Gürcüstana gedib aclıq aksiyası keçirdim. Məni geri çağırdılar ki, «qayıt gəl, problemi həll etmişik». Avtobuslarımı cərimə meydançasına yığmışdılar. 501 saylı xətti, yəni, Sumqayıt-Bakını geri qaytardılar, amma 509-u, Sumqayıt-Sədərək marşrutunu başqasına verdilər. Avropa Oyunları zamanı mənə dedilər ki, «tədbiri yola verək, sən gözlə, qaytaracağıq». Mən də inandım, ondan sonra bu proseslər, təzyiqlər başladı. Mən dekabrda Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə şikayət elədim, orda cinayət işi başlandı. Bundan sonra 509-u mənə qaytardılar. Amma şərt qoydular ki, «şikayəti geri götür». Götürmədim, həmin xətti təzədən bağladılar.

– Dönməz bəy, indiyə qədər işlədiyiniz qeyri-rəsmi qaydalarla niyə işləyə bilmədiniz?

– Dövlətə hər ay 3-6 min manat vergi verirdim, qeyri-rəsmi isə 20 min manat ödəyirdim. Şirkətin işçiləri, maaşı var. Haqq-hesaba vuranda, ortada gözədəyən bir gəlir qalmırdı. Prezident də ötən il dedi ki, «sahibkarlara dəyməyin, onları sıxışdırmayın». Keçən ilin oktyabrından artıq heç kimə qeyri-rəsmi bir qəpik də vermirəm, ona görə başıma oyun gətirirlər.

– İntihara cəhd etdiyiniz gün Sizi Nəqliyyat Nazirliyinə apardılar. Görüşləriniz oldu. Bir nəticə varmı?

– Nəqliyyat Nazirliyində polis, prokurorluq işçiləri də oldu. Orda nazir müavini bildirdi ki, «heç bir problem yoxdur, nə var, həll olunacaq». Oradan polisə gətirdilər, izahat yazdım. Sonra da Ağır Cinayətlərə apardılar, açılmış cinayət işi ilə bağlı dindirdilər. Sonra görürəm, Nəqliyyat Nazirliyi məlumat yayıb ki, guya təxribatçıyam, kimsə məni öyrədib. Mənə qarşı təzyiqlər 1 il bundan əvvəl başlamışdı, həmin vaxt nazir Ziya Məmmədova 3 ərizəm göndərilib. Nazir həqiqətən o məktubları oxusaydı, bu prosesin bu həddə çatmasına imkan verməzdi. Yox, oxuyub buna imkan veribsə, çox təəssüf.

– Dediniz, marşrut hələ bərpa olunmayıb. Nə etmək fikrindəsiniz?

– 3-cü gün sonra (fevralın 10-da-red.) mətbuat konfransı keçirəcəyəm. Bundan 1 həftə sonra Nəqliyyat Nazirliyində görüşüb problemimi həll eləməsələr, ya yenidən intihara əl atacağam, ya da aclıq aksiyası keçirəcəyəm. Geriyə yolum yoxdur.

XS
SM
MD
LG