Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:51

«Siçovullarla baş-başa qalmışıq»


Siçan
Siçan

-

Əfsanə Qəribova məcburi köçkün deyil. Vaxtilə həyat yoldaşının valideynlərinə məxsus mənzildə yaşayıb. 14 il əvvəl həyat yoldaşı dünyasını dəyişəndən sonra onu da mənzildən çıxarıblar. Həmin vaxtdan Ağdamın Paşabəyli kəndindəki uşaq bağçasında məskunlaşıb. AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, darısqal otaqda 16, 18, və 21 yaşlı övladları ilə birlikdə yaşayır:

«Nəmişlikdən divarları kif bağlayan otaqda yaşamağa məcburuq. Rütubət sağlamlığımızı əlimizdən alıb. Səhhətim işləməyə imkan vermədiyindən bir işin qulpundan yapışa bilmirəm. Qohumların, qonşuların ümidinə yaşayırıq. Qızım ali məktəbə daxil oldu, imkansızlıqdan təhsili də yarımçıq qaldı. Döşəmə qopub tökülüb, siçovullarla baş-başa qalmışıq».

ÜNVANLI SOSİAL YARDIM VERMİRLƏR

Deyir, ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciət də cavabsız qalıb:

«Nazirlikdə dərman reseptlərini çıxarıb dedim, «alın bu dərmanları, verin mənə». Hər ay həkim nəzarətində oluram, çoxlu dərmanlar qəbul etməliyəm. Mənə ünvanlı sosial yardım verməyənləri dəvət edirəm, gəlib soyuducumuzu açıb bir baxsınlar. Öz soyuducularının içərisi ilə müqayisə etsinlər».

NAZİRLİK DEYİR Kİ…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, vətəndaş ünvanlı sosial yardım almaq üçün müraciət edirsə, ya mütləq iş yeri olmalıdır, ya da məşğulluq mərkəzində qeydiyyata düşməlidir. İşlədiyi yerdən arayış gətirməlidir. İşləmirsə, o zaman məşğulluq idarəsinə işlə təmin olunması üçün müraciət etməlidir. İşlə təmin olunduqdan sonra aldığı məvacib barəsində məlumatı nazirliyə təqdim edəcək. Onun aldığı məvacibə əsasən şikayətçiyə ünvanlı sosial yardım təyin ediləcək.

Nazirlikdən o da bildirilib ki, şikayətçi əmək qabiliyyətli deyilsə, o zaman tibbi sosial ekspert komissiyasına müraciət etməlidir. Əmək qabiliyyətinin olmaması təsdiqləndikdən sonra ona ünvanlı sosial yardım verilə bilər.

XS
SM
MD
LG