Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:58

Suriya Türkmən Məclisinin lideri vəziyyəti AzadlıqRadiosuna danışır


Abdurrahman Mustafa
Abdurrahman Mustafa

►“Əlimizdə olan bircə Bayırdır. Rusların müdaxiləsi ilə onu da bizdən almaq istəyirlər.”

Bir həftədir Rusiya təyyarələri Suriyanın türkmənlər yaşayan kəndlərini bombalayır. Türkiyənin Rusiya bombardmançı təyyarəsini vurması, bir pilotun öldürülməsi isə gərgin olan vəziyyəti daha da ağırlaşdırıb.

Suriya Türkmən Məclisinin başqanı Abdurrahman Mustafa bölgədəki son vəziyyət, Suriya türkmənlərinin hazırkı durumu haqqında AzadlıqRadiosunun suallarını cavablandırıb.

Gözlə

No media source currently available

0:00 0:07:12 0:00
Direct-ə keçid

Abdurrahman Mustafa:

- Bölgədə vəziyyət çox kritikdir. Tam bir həftədir ruslar və Assad ordusu dayanmadan türkmən kəndlərini havadan bombalayırlar. Türkmənlərin yaşadığı Bayırbucaq bölgəsinə dənizdən də raket atırlar. Bayırbucaqda vəziyyət çox ağırdır. Çünki orda bombardman fasiləsiz olaraq havadan, dənizdən və qurudan davam edir.

– Bu müddətdə dinc əhalinin kəndləri tərk eləməsi sürətlənibmi?

- Əhalinin çox hissəsi Suriya-Türkiyə sərhədində daha əvvəldən salınmış Yamani düşərgəsinə yerləşdirilmişdi. Həmin düşərgə Türkiyə sərhədinin lap yanındadır. Bu düşərgədə əvvəldən də 25 minə yaxın qaçqın vardı. Onlar türkmənlər deyildi. Sonra 3 minə yaxın türkmən gəlib orda yerləşdi. Türkmən kəndləri çox strateji bölgədə yerləşir. Məsələn, Türkmən Dağında Qızıldağ var. Qızıldağ çox strateji bir yerdir. Onun təpəsi bizim əlimizdəydi, ancaq Assad rejimi təzədən aldı.

Buna da bax: Nardaranda son durum

– Rusiya təyyarəsinin vurulmasından sonra türkmən kəndlərinə hücumlar artıbmı?

- Onsuz da bombardmanın ardı-arası kəsilmirdi. Daha neyləyəcəkdilər ki? Dayanmadan bombalayırdılar. İndilik bir dəyişiklik görmürük. Çünki onsuz da türkmən kəndləri çox şiddətli bombardman altındaydı.

– Ümumilikdə, Suriyada nə qədər türkmən yaşayır?

Suriya - türkmənlər
Suriya - türkmənlər

Bu müharibədə də ən çox əziyyət çəkən türkmənlər olub. İndi Rusiyanın bombardmanları əziyyəti birə-beş artırıb.

- Üç milyon yarım. Bayırbucaq Lazkiye türkmənləridir. Hələb türkmənləri, Rakka türkmənləri, Homs türkmənləri var. Türkmənlər Suriyanın müxtəlif vilayətlərində yaşayır. Ən çox da Hələbdə. Hələbdəki türkmənlər İŞİD-in nəzarəti altındadır. Talabyadakı türkmənləri PYD (Suriya kürdlərinin Demokratik Birlik Partiyası-red.), YPG (PYD-nın silahlı qanadı-red.) çıxartdı. Homs türkmənlərinə qarşı Assad iki il əvvəl etnik təmizləmə tətbiq etmişdi. Çox uzaqda, Dəməşqdə olanların vəziyyətləri daha ağırdır. Onlara dəstək də ola bilmirik. Əlimizdə bir Bayır qalmışdı. Bucaq onsuz da Assad-ın əlindədir. Tək əlimizdə olan Bayırdır. Rusların müdaxiləsi ilə onu da almaq istəyirlər.

– Rusların bombardmanlarından əvvəl türkmənlərin vəziyyəti necəydi?

- Müharibədir. Türkmənlər Suriyada strateji bölgələrdə yaşadıqlarından beynəlxalq oyunların tam hədəfindədirlər.Hələbdə də belədir, Rakkada da, Dəməşqdə də. İndi Bayırbucaqda da belədir. Neçə ildir Suriyada daxili müharibədir. Bu müharibədə də ən çox əziyyət çəkən türkmənlər olub. İndi Rusiyanın bombardmanları əziyyəti birə-beş artırıb.

Buna da bax: Məhkəmə Məmməd İbrahimlə bağlı qərarını açıqladı

– Ruslar niyə türkmən kəndlərinə hücum edirlər?

- Strateji bölgə olduğu üçün. Ora tamamilə Türkiyə sərhədinin bir addımlığındadır. Bayırbucağı demoqrafik cəhətdən dəyişdirmək istəyirlər. PYD Rakkada bunu necə elədisə, ruslarla Assad qüvvələri də Bayırbucaqda eyni şeyi edirlər.

Suriyadakı türkmən döyüşçülər
Suriyadakı türkmən döyüşçülər

– Türkmənlər Bashar Assad hakimiyyətinə müxalifdir, eləmi? Bəs öz aralarında bölünmə, ayrı-ayrı qruplaşmaları dəstəkləyən varmı?

- Yox, türkmənlər heç bir qruplaşmanı dəstəkləmir. Hamı Suriya Türkmən Məclisinin bayrağı altında birləşib. Suriya türkmənlərinin demokratik seçki ilə seçilən, bütün bölgələri təmsil edən çoxlu məclisləri var. Onların arasında siyasi partiyalarımız da var. Suriya Türkmən Məclisi isə bütün Suriya türkmənlərinin yeganə təmsilçisidir. Bizdə bölünmə yoxdur.

– Bəs, Suriyadakı türkmənlər kimi müdafiə edirlər?

- Biz Assad-a qarşı mübarizə aparırıq. PYD-yə qarşı, torpağımızda gözü olan, bizi qətlə yetirən hər kəsə qarşı mübarizə aparırıq. Təəssüf ki, bizim Suriyada müttəfiqimiz yoxdur. Bizi dəstəkləyən ancaq ana vətənimiz Türkiyədir. Dünyanın hər yerində türklərin vəziyyəti ağırdır. İraqdakı, Suriyadaki türkmənlərin, Qarabağdakı, Krımın, Şərqi Türküstanın vəziyyəti bəllidir. Biz bir-birimizə dəstək olmalıyıq.

– Daxili müharibədən əvvəl Suriyadakı türkmənlərin vəziyyəti necəydi?

– 1918-ci ildə Osmanlı İmperiyasının çökməsindən sonra Türkiyə Respublikası qurulduğu illərdə türklər öz problemləri ilə çarpışırdı. Lozanna müqaviləsindən sonra Suriyadakı türkmənlər öz ümidlərinə qaldılar, unuduldular. Suriyadakı bütün hakimiyyətlər türkmənlərə qarşı assimilyasiya və təzyiq siyasəti həyata keçiriblər. Hər istiqamətdə belə olub – təhsildə də, mədəniyyətdə də, siyasətdə də. Ərəb sosializmi adı altında da çox təzyiqlər etdilər. Bu təzyiqlər ata Assad-ın, oğul Assad-ın hakimiyyəti dövründə sistematik davam etdi... Daxili müharibədən sonra Assad-a müxalif olduq. Onda bir diktatorluq, zülm vardı. Biz ikiqat zülmə uğrayırdıq. Həm bir suriyalı olduğumuz üçün, həm də türkmən olduğumuz görə. Suriyada ilk etirazlar başlayanda biz də etirazlara qatıldıq. Bundan sonra Assad rejimi demokratik haqlarını tələb edənlərə qarşı zorakılıqlar həyata keçirməyə başladı, silahdan istifadə etdi. Beynəlxalq və yerli qrupların müdaxiləsindən sonra 5 ildir daxili müharibə gedir. İndi Suriyada daxili müharibənin içindən çıxılmayacaq vəziyyət yaranıb. Bu müharibədən ən çox zərər görən də türkmənlər oldu.

Buna da bax: Bakı-Sumqayıt qatarını daşa basırlar...[VİDEO]

– Rusiya təyyarəsi vurulandan sonra pilotun vurulması görüntüləri yayıldı. Rusiya tərəfi pilotu terrorçuların vurduğunu bildirir. Pilotu türkmənlərin vurması xəbərləri da yayılıb.

Suriyadakı türkmən döyüşçülər
Suriyadakı türkmən döyüşçülər

- Orda müharibə gedir. Rusiya təyyarəsi vurularkən bizim türkmənlər Assad rejimi ilə Qızıldağın təpəsində vuruşurdu. Pilotlar da döyüş gedən əraziyə düşüb. Pilotu kimin öldürməsi haqqında müxtəlif xəbərlər var. Dəqiq məlumat yoxdur.

– Hazırda Suriyada döyüşən türkmənlər kimlərdir?

- Öz kəndlərini qoruyan gənclərimiz. Qadınlar, uşaqlar Türkiyə sərhədinə yaxın olan daha təhlükəsiz kəndlərdə və dediyim düşərgədədirlər. O ərazidə başqa kimsə yoxdur. Ancaq Rusiya təəssüf ki, terrorla mübarizə adı altında türkmənləri qətlə yetirir. Halbuki Hələb bölgəsində də biz kəndlərimizi xilas etmək üçün İŞİD-lə mübarizə aparırıq. Yəni biz İŞİD-lə mübarizə aparırıq, ruslarsa “radikallardır” deyib bizi vururlar.

– Suriyanın digər ərazilərindəki türkmənlərlə əlaqələriniz necədir?

- Hələbdəki türkmənlər İŞİD-in nəzarətindədir. Sultan Muradın rəhbərliyi altında türkmənlər kəndlərimizi xilas etmək üçün döyüşür. Rakkada isə PYD etnik demoqrafik vəziyyəti dəyişmək üçün türkmənləri və ərəbləri sürgün elədi. Daha çox da türkmənləri. Demək olar ki, Rakkada türkmən qalmayıb. Qalanlar ancaq yaşlılardır. Hələbdəkilər, dediyim kimi, İŞİD-in nəzarətindədir. Hamada, Homsda isə onsuz da iki il əvvəl Assad rejimi etnik təmizləmə aparmışdı. Bizə qalan yer Bucağın Bayır tərəfi idi. Dağ tərəfi. Bucaq da lap əvvəldən Assad ordusunun nəzarətində idi. İndi də buranı Rusiya, İran bombalayır, bizi ordan da çıxardıb atmaq istəyirlər.

– Bu vaxta qədər Suriyadan Türkiyəyə 2 milyona yaxın qaçqın gəlib. Türkmənlər isə, deyəsən, elə də çox axın etməyib.

– Elədir. Biz həmişə kəndlərimizdə qalmaq istəmişik. Həmişə demişik ki, bütün baş verənlərə baxmayaraq, kəndlərimizdə qalaq. Çünki bizimlə dost olmayanların torpaqlarımızda gözləri var. Bilirik ki, kəndlərimizdən çıxsaq, bir daha geri qayıda bilməyəcəyik. Hələbdə İŞİD-in nəzarəti altında, Bayırbucaqda isə bombardmanın altında həyatımıza davam etməyə çalışırıq. Torpağımızdan çıxsaq, geri qayıda bilmərik. Çünki türkmənlərin və Türkiyənin dostu olmayan terror qruplaşmaları gəlib yerləşirlər. Bu gün dünyanın ikinci super gücü gəlib Assad qüvvələri ilə bizi vurur. Torpağımız bizim namusumuzdur. “Rusiyaya qalib gələcəyik deyə bir iddiamız toxdur”. Ancaq torpaqlarımızı sona qədər qoruyacağıq.

– Türkiyədən başqa digər türk əsilli respublikalarla əlaqələriniz varmı?

- Yox, bizimlə əlaqə olmayıb. Ancaq gözləntilərimiz var.

– Siz Hələb türkmənlərindənsiniz?

- Bəli.

– Şair İmadəddin Nəsiminin Hələbdəki məzarı haqda məlumatınız varmı?

- Bildiyim odur ki, döyüşlər vaxtı Nəsiminin məzarı uçurulub. Hələb İŞİD-in əlinə keçməmişdən öncə də Assad qüvvələri Hələbə hücum edirdi.

XS
SM
MD
LG