Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Kocharian islahatlarda «gizli risklər» görür


Robert Kocharian
Robert Kocharian

-

Ermənistanın ikinci prezidenti Robert Kocharian hesab edir ki, dövlət başçısı Serzh Sarkisian-ın konstitusiya islahatları hakimiyyəti bir partiyanın əlində cəmləşdirmək məqsədi güdür.

Almaniyanın «Deutsche Welle» radiosuna müsahibəsində o deyib ki, Ermənistan yarı prezident respublikası kimi daha funksionaldır: «Amma söhbət heç bunda da deyil. Söhbət ondan gedir ki, yeni konstitusiya parlament çoxluğunun hansısa bir partiyanın əlində olmasına imkan yaradır».

«BU, DESENTRALİZASİYA DEYİL, MƏRKƏZLƏŞMƏDİR»

R.Kocharian deyir ki, elə təhlükə də məhz burada gizlənir: «Məndə belə bir hiss var ki, yeni hakim istiqamətverici gücün yaradılmasına cəhd edilir. Əslində, seçkilər nəticəsində parlament çoxluğunun mütləq hansısa bir partiyada olması konstitusiya ilə möhkəmləndirilir, bununla da parlamentarizm öz mahiyyətindən çıxır. Parlament respublikasının üstünlüyü isə odur ki, bir çox partiya parlamentdə təmsil oluna bilir, mühüm məsələlərdə razılaşma, hansısa kompromislər yolu ilə qərarlar qəbul edilir. İndi konstitusiya islahatları belə şərh olunur ki, prezident hakimiyyəti mərkəzləşib, onu desentralizasiya etmək lazımdır. Amma bu, desentralizasiya deyil, bu, hakimiyyətin bir partiya çərçivəsində mərkəzləşməsidir».

Vahram Baghdasarian.
Vahram Baghdasarian.

«İSTƏSƏYDİK...»

Hakim Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vahram Baghdasarian AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində qeyd edib ki, Kocharian-ın əvvəlki müsahibələri belə sərt deyildi: «Ermənistanın sabiq prezidentinin birpartiyalılıqla bağlı gətirdiyi arqumentlər bizim üçün qəbuledilməzdir. Mən kobud cavab vermək istəməzdim, amma onu deyim ki, təqdim etdiyimiz konstitusiya islahatları bizi onun şərhində vurğulanan istiqamətə doğru aparmır. Möhkəmlənmə problemi olsaydı, yarı prezidentliyi saxlaya bilərdik. 2017-ci ildə Respublika Partiyası əksəriyyətin səsini alardı və biz qanunvericilik yolu ilə baş nazirin səlahiyyətlərini artıra bilərdik».

«OYUN QAYDALARINI SİSTEM DİKTƏ ETMƏLİDİR»

Prezident seçkisində Robert Kocharian-ı dəstəkləyən «Daşnaksutyun» partiyası da onun səsləndirdiyi narahatçılığı bölüşmür. Partiya rəsmisi Aghvan Vardanian deyib ki, Kocharian-ın baxışlarına hörmət edir, ancaq o, başqa cür düşünür: «Cənab Kocharian başqa vaxt konstitusiya dəyişiklikləri barədə danışanda bildirirdi ki, ölkəni prezidentin iş kabinetindən də, baş nazirin iş kabinetindən də effektiv idarə etmək olar. Biz belə düşünmürük, hesab edirik ki, oyun qaydalarını sistem diktə etməlidir».

XS
SM
MD
LG