Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:30

Günel Mövlud. Müsəlmanlar və Avropa


Günel Mövlud
Günel Mövlud

- "Soydaşlarımızın reaksiyasını görəndə utandığımdan ölürəm."

Günel Mövlud

Günahkarlar və qatillər

Bir dostumuz var. Bir dəfə Amerikaya səfər elədi. 4-5 ildən sonra qayıtdı.

Ordakı həyatından danışanda bir dəfə maraqlı bir şey dedi. Dedi, ora çatan kimi yaxşı bir çevrəyə düşdüm. Gözəl qızlar, əyləncələr, çevrə elə idi ki, az pulla yaxşı yaşaya və əylənə bilirdik. Konsertlər, tədbirlər, maraqlı gecələr.

İki ildən sonra birdən yadıma düşdü ki, düz iki ildi Allah barədə düşünmürəm…

Dostumun bu söhbətini yazının əvvəlində yazmağımın səbəbi var.

Paris. Əklillər düzürlər
Paris. Əklillər düzürlər

Parisdə o qədər günahsız insan ölüb. Qanına boyanıb, parça-parça olub, əzablar içində can verib.

Soydaşlarımızın reaksiyasını görəndə utandığımdan ölürəm.

Biri deyir, avropalılara yaxşı olur - bilmirdilər bu qədər müsəlmanı ölkəyə buraxanda, belə olacaq?!

Biri də deyir, fransızlara yaxşı olur, bilmirdilər vaxtında Əlcazairdə, nə bilim harda o qədər ərəb öldürəndə, sonra belə olacaq?!

Biri tarixlə ittiham edir, biri bugünlə.

Çox az insan tapılır ki, qurbanların da halına yansın, Avropada az qala gettolarda yaşayan, bir-birilərindən başqa hamıdan təcrid edilmiş avam, yazıq, məzlum müsəlmanın da.

Avropadakı müsəlmanlar niyə yazıq, fağır, məzlumdurlar? İnsan sosial məxluqdur. Onun yeni dəyərlərə, yeni yaşam tərzinə, yeni davranışlara alışması üçün yeni insanlarla, yeni cəmiyyətdə yaşaması lazımdır.

Dünyanın geridəqalmış, antisanitariyanın baş alıb-getdiyi, insana dəyər verilmədiyi ölkələrindən Avropaya gələn, amma elə burada da özününkü kimi ölkələrdən gələn, aşağı-yuxarı oxşar dəyərlərə, davranışlara sahib inanlarla yaxın yaşamalı olan, illər uzunu işləmək icazəsi olmayan adamlar necə, hardan öyrənsinlər o yeni dəyərləri?

Öz ölkəsindəki zülümdən, təhqirdən, nifrətdən qaçan məzlum gəlir Avropada düşərgə rəhbərindən, sosial xidmət məmurlarından təhqir, təzyiq, aşağılama görür.

Uşaqlarını məktəbdə “qaçqın”, “gəlmə”, “qara” daha nə bilim hansı sözlərlə ağladır, incidir, təhqir edirlər.

Bu yerdə bir haşiyə çıxım. Bəli, yadı, gəlməni təhqir eləmək, yuxarıdan aşağı baxmaq təkcə avropalının uşağına xas deyil. Biz öz ölkəmizin bir başından o biri başına qaçqın gəlmişdik, məktəbdə eyni dilli, eyni dinli, eyni millətdən olan öz həmvətənlərimizin uşaqlarından eşitmədiyimiz təhqir qalmadı.

Neyləməli, uşaq təbiəti qəddar olur. Öz həmvətənlərimiz bizə yuxarıdan aşağı baxır, lağa qoyurdular. Öz vətənimizdə çəkinərək, utanaraq, sıxılaraq yaşayırdıq.

Amma indi, durub avropalını rahatca qınayırlar ki, gəlmələrə qarşı yekəxanadırlar, qeyri-tolerantdırlar.

İmişlidə qaçqın düşərgəsi
İmişlidə qaçqın düşərgəsi

Əlbəttə, qınanmalıdır, şiddətlə qınanmalıdır, təbii ki, öz təcrübəmiz də xatırlanmalıdır.

Biz, özümüz, öz millətimizdən olan qaçqınlara, köçkünlərə bəyəm eləmi çoxlu sevgi hissi ilə qucaq açmışdıq?!

Bütün bunlar heç də Avropaya bəraət vermir. Bu o demək də deyil ki, Avropa mühacirlərlər, xüsusilə müsəlman mühacirlərlə bağlı siyasətində qüsursuzdur. Deyil.

Avropa özünün gəlmələr siyasətini, onların iş, təhsil, inteqrasiya məsələsini normal siyasətlə idarə etməyənə qədər problemlə qaçılmazdır və heç də həmişə günah ya Avropada, ya da müsəlmanlarda deyil.

Müsəlmanlarda ona görə deyil ki, Avropada sıxılmış, xüsusi kvartallara, düşərgələrə, məhəllələrə sıxışdırılmış adamın nə yeni dəyər öyrənməyi mümkündür, nə bu yeni dəyərləri uşağına öyrətməyi.

Ay dostlar, ay qardaşlar, ana-bacılar, o qədər müsəlmanı Avropadan qovmaq mümkün deyil. İki ayrı qütbü, dünyanı, dini, mədəniyyəti bir-birindən uzaq saxlamaq mümkün deyil. Onlar qarşılaşır, onlar yanaşı, bir-birinin içində yaşayır və yaşayacaqlar.

Onlar belə də yaşamalıdır. Bunun öhdəsindən özünün düzgün siyasəti ilə gələn ölkələr var və gələ bilməyən ölkələr var. Bu öhdəsindən gəlməmədən istifadə edən güclər var.

Bu partlayış birdən-birə olmayıb. Uzun bir prosesin nəticəsidir və belə problemlərin aradan qaldırılması da uzun bir proseslə mümkündür.

Odur ki, özünüzü nə faşist, ksenofob, irqçiliyə qoymayın, nə də qətlə, qatilliyə haqq qazandırmayın. O ağrını bölüşməyiniz cəhənnəm, heç olmasa, qatilliyə, qətlə, terrora bəraət qazandırmayın.

O ki qaldı, dostumun hekayətinə, xoşbəxt insanın yadına nə din düşür, nə də allah.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG