Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:53

Parlamentə Prezident Administrasiyası və icra hakimiyyətlərindən gələnlər


Milli Məclis.
Milli Məclis.

-

Azərbaycan parlamentinin yeni tərkibinə nəzər yetirəndə, orada bir çox vəzifəli şəxslərin deputat olduğu üzə çıxır. Halbuki, Seçki Məcəlləsi və Konstitusiya bunu qadağan edir. Konstitusiyasının təkcə bir maddəsinin bir bəndini yada salmaq yerinə düşər.

Maddə 89. Deputatlıqdan məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi
4) Dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

Seçki Məcəlləsində isə deyilir ki, deputat seçilmiş şəxs ən geci 60 gün müddətində bu statusla bir araya sığmayan vəzifədən azad olunduğu barədə əmrin surətini və ya bu barədə ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edir.

«Şəffaflıq Azərbaycan» bildirir ki, noyabrın 1-də parlamentə seçilmiş bir çox şəxs digər hakimiyyət qollarında vəzifə tutur və ya ödənişli rəhbər vəzifələrdə çalışır. Parlament üzvləri arasında vəzifəyə dövlət başçısının sərəncamı ilə təyin olunanlar da var. 24 saylı Nizami dairəsindən Rövnəq Abdullayev (YAP) Dövlət Neft Şirkətinin prezidentidir. 123 saylı Kəlbəcər dairəsindən isə Cavid Qurbanov (YAP) «Azərbaycan Dəmir Yolları» QSC-nin sədridir.

PREZİDENT ADMİNİSTRASİYASINDA ÇALIŞANLAR

Yeni deputatlardan ikisi Prezident Administrasiyasında çalışır. 91 saylı Ucar dairəsindən Vüsal Hüseynov (YAP) Prezident Administrasiyasında böyük məsləhətçi işləyir. Eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibidir. 100 saylı Şəmkir-Daşkəsən dairəsindən Kamran Bayramov (YAP) isə bələdiyyələrlə iş sektorunun müdiridir.

Milli Məclisə düşənlər arasında icra hakimiyyətinin başqa strukturlarında çalışanlar da var.

63 saylı Sabirabad dairəsindən Elçin Quliyev (YAP) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının rəhbəri işləyir. 11 saylı Qaradağ dairəsindən Aydın Hüseynov (YAP) Dövlət Xəzinədarlığı Agentliyinin 9 saylı Xəzinədarlıq İdarəsinin rəisidir. 42 saylı Sumqayıt dairəsindən Tahir Mirkişili (YAP) İqtisadiyyat və Sənaye Nazirliyində müşavir postunu tutur.

İCRA HAKİMİYYƏTİNDƏ İŞLƏYƏNLƏR

38 saylı Nizami (Gəncə) dairəsindən Naqif Həmzəyev (YAP) Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini işləyir. 99 saylı Şəmkir kənd dairəsindən Sona Əliyeva (YAP) isə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavinidir. 55 saylı Xaçmaz şəhər dairəsindən Eldəniz Səlimov (YAP) da Xaçmaz rayon İcra Hakimiyyəti başçısının şəhər nümayəndəsidir.

KOMERSANTLAR

Yeni deputatların bir neçəsi kommersiya qurumlarında yüksək postlar tutur. 43 saylı Sumqayıt dairəsindən Muxtar Babayev (YAP) «Azərkimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədridir.

41 saylı Sumqayıt dairəsindən Mirzəcan Xəlilov (YAP) isə «Azərsutəchizat Tikinti» ASC-nin sədridir. 68 saylı Cəlilabad kənd dairəsindən Mirkazım Kazımov (YAP) da «Qasid» Mətbuat Yayımı ASC-nin rəhbəridir.

121 saylı Laçın dairəsindən Mahir Abbaszadə (YAP) «Zaminbank»ın Gənclik filialının müdiridir. 107 saylı Qazax dairəsindən Kamran Nəbizadə (partiyasız) isə NKH MMC-də İdarə Heyətinin sədridir.

TİBBİ VƏ ELMİ MÜƏSSİSƏLƏRDƏ RƏHBƏR VƏZİFƏLƏRDƏ ÇALIŞANLAR

Belələrinin sayı 14 nəfərdir.

9 saylı Binəqədi dairəsindən Kəmaləddin Qafarov (YAP) — Milli Onkologiya Mərkəzi baş direktorunun müavini.
77 saylı Astara dairəsindən Rəşad Mahmudov (YAP) — Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Mərkəzinin rəhbəri.
2 saylı Şərur dairəsindən İsa Həbibbəyli (YAP) — Milli Elmlər Akademiyasının vitse-prezidenti.
93 saylı Bərdə şəhər dairəsindən Gövhər Baxşəliyeva (partiyasız) — Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru.
58 saylı Hacıqabul-Kürdəmir dairəsindən Rafael Hüseynov (VHP) — Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru.
16 saylı Yasamal dairəsindən Aytən Mustafayeva (partiyasız) — Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru.
65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairəsindən Əhliman Əmiraslanov (YAP) — Azərbaycan Tibb Universitetinin rektoru.
28 saylı Sabunçu dairəsindən Eldar Quliyev (partiyasız) — Azərbaycan Kooperasiya Universitetinin rektoru.
36 saylı Xətai dairəsindən Səməd Seyidov (YAP) — Azərbaycan Dillər Universitetinin rektoru.
32 saylı Suraxanı dairəsindən Ağacan Abiyev (YAP) — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru.
117 saylı Oğuz-Qəbələ dairəsindən Aqiyə Naxçıvanlı (YAP) — Azərbaycan Müəllimlər İnstitutunun rektoru.
98 saylı Şəmkir şəhər dairəsindən Sahibə Qafarova (YAP) — Bakı Slavyan Universitetinin prorektoru.
37 saylı Nizami (Gəncə) dairəsindən Pərvin Kərimzadə (YAP) — Gəncə Dövlət Universitetinin prorektoru.
27 saylı Sabunçu dairəsindən Dilarə Cəbrayılova (YAP) — Bakıdakı 295 saylı tam orta məktəbin direktoru.

GÖRƏK BU DƏFƏ NECƏ OLACAQ

Yada salaq ki, bu məsələ 1-ci çağırış parlament seçkilərindən (1995) üzü bəri hər seçkidən sonra qalxır. Vəzifəli deputatlardan kimisi seçimini edir. Kimisi isə deputat ola-ola bir neçə vəzifə daşıyır. Görək bu dəfə necə olacaq.

XS
SM
MD
LG